UNEC Tədqiqat Fondunun əməkdaşları Prezident İlham Əliyev tərəfindən təltif edilib.

UNEC Tədqiqat Fondunun 12 əməkdaşı Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.

UNEC Tədqiqat Fondunun prezidenti Fərhad Əmirbəyov, UNEC-in rektoru professor Ədalət Muradov, fondun və universitetin əməkdaşlarının iştirakı ilə “Təşəkkürnamə”lərin təqdimolunma mərasimi keçirilib.

Tədbirdə çıxış edən Fərhad Əmirbəyov, dövlət başçısının COP29 kimi əhəmiyyətli tədbirin keçirilməsində və uğurlu nəticələrin əldə edilməsində müstəsna rolunu vurğulayıb. Ölkəmizin bu uğur hekayəsinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən F. Əmirbəyov daha sonra rəhbəri olduğu UNEC Tədqiqat Fondunun COP29 zamanı fəaliyyəti, il ərzində görülmüş işlər, həyata keçirilən layihələr və gələcək planlar barəsində danışıb. O, həmçinin universitetdə tətbiq olunan yenilikləri yüksək qiymətləndirərək, fondun əməkdaşlarının böyük əksəriyyətinin UNEC məzunu olduğunu vurğulayıb və təltif olunan əməkdaşları təbrik edib.

UNEC-in rektoru, professor Ədalət Muradov isə COP29-un Azərbaycanda keçirilməsində Prezident İlham Əliyevin müstəsna xidmətlərini vurğulayaraq, Azərbaycanın tarixi hadisəyə şahidlik etdiyini qeyd edib. Ə.Muradov COP29-da iştirak etmiş UNEC əməkdaşlarının fəaliyyətinin ölkə başçısı tərəfindən yüksək qiymətləndirilərək, “Təşəkkürnamə”lərlə təltif olunmasından qürur duyduğunu xüsusi olaraq qeyd edib.

Sonda professor Ədalət Muradov UNEC Tədqiqat Fondunun əməkdaşlarına “Təşəkkürnamə”ləri təqdim edib.