UNEC Tədqiqat Fondu ilə media nümayəndələri arasında görüş baş tutub.
UNEC Tədqiqat Fondunun əməkdaşları BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı mediada yayımlanan ən diqqətçəkən materialların müəllifləri ilə görüşüb. Fondun Departament rəhbəri Ellada Əliyeva jurnalistləri salamlayıb və hər birinə əməyinə görə təşəkkür edib.
Qarşılıqlı kommunikasiyanın önəmini vurğulayan Ellada Əliyeva klassik jurnalistikadan müasir tələblərə doğru inamlı addımlar atan media nümayəndələrinin istifadə etdiyi alət və texnologiyaları təqdir edib.
Qurumun baş analitiki Həmid Əhmədli çıxış edərək məqalə və materialların müxtəlif dillərdə, ələlxüsus ingilis dilində yayımlanmasının əhəmiyyətindən danışıb. Bu məqamda müasir metodların və taktikaların önəmi vurğulanıb. Belə ki, ölkəmizdə baş tutan tədbirlər haqda pozitiv xəbərlər, eyni zamanda infoqrafika, foto və digər vizual vasitələrin bol olduğu linklərin daha çox diqqət cəlb etməsi vurğulanıb.
Daha sonra UNEC TF əməkdaşları ilə media nümayəndələri arasında fikir mübadiləsi aparılıb. Müasir jurnalistika meyarlarının genişlənməsi, yeni texnologiyalar və sosial şəbəkələrlə birgə jurnalistikanın simbiozundan danışılan görüşdə həmçinin, rəqəmsal inqilabın gətirdiyi sürətli dəyişikliklərdən danışılıb. Qeyd edilib ki, jurnalistlər artıq məqalələr yazmaqla məhdudlaşmırlar, daha geniş auditoriyaya mürəkkəb fikirləri çatdırmaq üçün videolar, podkastlar və infoqrafikadan istifadə edirlər. Odur ki, informasiya emalı zamanı UNEC TF ilə faydalı sinerji yüksək keyfiyyətli materiallar hazırlamaqla yanaşı yeni üfüqlərə qapı açır və geniş ictimaiyyət üçün əlçatan informasiyanı yaratmağa imkan verir.
Kommunikasiya planı ətrafında müzakirələr zamanı Ellada Əliyeva UNEC TF-in qarşılıqlı müzakirə və təkliflərə açıq olduğunu vurğulayıb. Jurnalistlər iş əsnasında rast gəldikləri maraqlı hadisələr, diqqətçəkən kontentin hazırlanması zamanı rast gəlinən məqamlar, fərqli başlıqlarla diqqətin cəlb edilməsi məsələləri haqda müzakirələr aparıblar.
Birbaşa müzakirələrin önəmindən danışan jurnalistlərlə UNEC TF arasında bu istiqamətdə əməkdaşlığın perspektivləri müzakirə olunub. Bu cür görüşlərin, təşəbbüslərin və birgə fəaliyyətlərin davamlı olması hədəfləndi.
Sonda isə UNEC TF-in rəhbərliyinin adından tədbirdə iştirak edən media nümayəndələrinə hədiyyələr təqdim edilib.
Qeyd edək ki, tədbirdə ondan çox media orqanını təmsil edən jurnalist və rəhbər vəzifəli şəxslər yer alıb.