Transxəzər Qaz Kəməri layihəsinin perspektivləri
UNEC Tədqiqat Fondu
Həmid Əhmədli
Tədqiqatçı
Giriş
Sovet İttifaqının dağılması ilə Qərbin Xəzərin enerji resurslarına marağı ciddi dərəcədə artmağa başlamışdı. Xəzər regionunun enerji daşıyıcılarının Rusiyadan yan keçməklə dünya bazarlarına çıxarılması ilə bağlı müzakirələr 1990-cı illərdən etibarən aparılmağa başlasa da, bugünədək yalnız Azərbaycanın neft və qaz ixrac boru kəmərləri vasitəsi ilə enerji nəqli həyata keçirilməkdədir.
Hesablamalara əsasən, 2050-ci ilədək Avropa İttifaqı ölkələrinin ümumi enerji istehlakında azalma proqnozlaşdırılsa da, təbii qazın idxalında artım trendi müşahidə olunacaq [1]. Hal-hazırda Avropanın enerji təminatının alternativ mənbələr vasitəsi ilə təmin edilməsi və rəqabətli bazar şərtlərinin yaradılması, ittifaq üçün prioritet hesab edilməkdədir. Buna səbəb, 2006 və 2009-cu illərdə Rusiya ilə Ukrayna arasında təbii qazın nəqli ilə bağlı yaranmış anlaşmazlığın, Avropada enerji böhranı ilə nəticələnməsidir. 2018-ci ilin göstəricilərinə əsasən, Rusiyanın Avropa qaz bazarında payı 40%-dək artmışdır [2]. Enerji mənbələrinin diversifikasiya edilməsi məqsədi ilə, 2008-ci ildən etibarən Aİ-nin Enerji Təhlükəsizliyi və Birgə Fəaliyyət Planına əsasən, alternativ marşrutlardan biri olaraq Cənub Qaz Dəhlizinin yaradılması və bu dəhlizə Xəzər regionu ölkələrinin cəlb edilməsi təklif edilirdi [3]. Son illərdə imzalanmış anlaşmalara əsasən, Azərbaycan qazının TANAP və TAP qaz boru kəmərləri vasitəsi ilə Cənub Qaz Dəhlizinin bir hissəsi olaraq qərb bazarlarına çatdırılması nəzərdə tutulur. Ancaq Türkmənistanın enerji resurslarını adı çəkilən boru kəmərlərinə daşıyacaq Transxəzər Qaz Kəməri layihəsi isə hələ ki, danışıqlar mərhələsindədir. Transxəzər qaz kəməri layihəsi çərçivəsində təbii qazın Türkmənbaşı limanından Xəzər dənizinin dibi ilə çəkiləcək 300 km-lik boru xətti vasitəsi ilə Səngəçal terminalına çatdırılması və illik həcmin 32 milyard kubmetr olması planlaşdırılır. İlk dövrlərdə Türkmənistanın infrastruktur problemləri Transxəzər qaz kəmərinin reallaşmasına əngəl törətsə də, 2016-cı ildən etibarən Şərq-Qərb qaz kəmərinin fəaliyyətə keçməsi ilə bu maneə aradan qaldırılıb. Türkmənistanın şərqində yerləşən, ölkənin ən böyük qaz ehtiyatlarının gələcəkdə qərb bazarlarına çıxarılması baxımından Şərq-Qərb boru kəməri əhəmiyyətli rol oynamaqdadır. Qazaxıstan və Özbəkistanın da layihədə mümkün iştirakı ilə Mərkəzi Asiya ölkələrindən illik təxminən 50 milyard kubmetr təbii qazın Avropaya nəqli həyata keçirilə bilər. Müqayisə üçün onu qeyd etmək lazımdır ki, TANAP və TAP kəmərləri vasitəsi ilə Avropaya nəql ediləcək təbii qazın həcmi ilkin mərhələdə 10 milyard kubmetr, sonrakı illərdə isə 20 milyard kubmetrədək artırılması proqnozlaşdırılır. Layihə gerçəkləşdirildiyi təqdirdə, Türkmən qazı Cənub Qaz Dəhlizinin enerji təminatında ən önəmli oyunçuya çevrilərək digər enerji ixrac edən ölkələrə rəqib ola bilər. Beləliklə, Avropaya nəql ediləcək Türkmən qazı həm bazar qiymətlərində enməyə həm də risklərin minimuma endirilməsi məqsədi ilə enerji təchizatında diversifikasiyaya kömək edəcək.
Layihənin qarşılaşdığı maneələr
2015-ci ildə Azərbaycan,Türkiyə və Türkmənistanın Avropa İttifaqı ilə enerji sahəsində uzun müddətli əməkdaşlıqla bağlı bəyannamə imzalamasına [4] və Türkmənistanın Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantılarında iştirak etməsinə baxmayaraq, real nəticə əldə olunmayıb. Hal-hazırda Transxəzər qaz kəmərinin reallaşmasının qarşısında duran əngəllər əsasən geosiyasi səbəblərdir. Avropa İttifaqı və Amerika Birləşmiş Ştatlarının iştirakı ilə Transxəzər qaz kəməri layihəsinin perspektivləri ilə bağlı çoxtərəfli görüşlər keçirilməsinə, lobbi fəaliyyətinin aparılmasına baxmayaraq, Rusiya və İran enerji bazarlarını qorumaq məqsədi ilə, Xəzər akvatoriyasının çirklənməsi ehtimalını əsas gətirərək, layihənin reallaşmasına etiraz edir [5]. Adıçəkilən dövlətlər 2003-cü ildə Xəzər Dənizinin Ətraf Mühitinin Qorunması ilə bağlı Tehran Konvensiyasına əməl olunmasını tələb edirlər. Konvensiyaya əsasən, ətraf mühit və enerji resurslarının nəqli ilə bağlı məsələlər region ölkələrinin iştirakı ilə tənzimlənməlidir [6]. 2015-ci ildə Dünya Bankı və Avropa Komissiyası tərəfindən Transxəzər qaz kəmərinin ətraf mühitə təsirləri ilə bağlı aparılan tədqiqata əsasən layihənin hər hansı ciddi ekoloji təsirinin olmayacağı vurğulanır. Qeyd edək ki, Xəzər dənizinin dibi ilə qaz kəməri layihəsinin reallaşmayacağı təqdirdə, alternativ olaraq Türkmənistan qazının maye qaz (LNG) və sıxılmış təbii qaz (CNG) şəkilində Azərbaycana nəql edilməsi imkanları son dövrlərədək nəzərdən keçirilirdi. Məhz sıxılmış təbii qaz üsulunun ekoloji cəhətdən təhlükəsiz olması, Xəzərin ətraf mühiti ilə bağlı Rusiya və İran tərəfindən bildirilən narahatlıqların qarşısını ala bilərdi. Həmçinin, sıxılmış təbii qazın tankerlərlə daşınması Xəzərin həll olunmamış hüquqi statusuna dair nə yekun razılaşma, nə də Xəzəryanı ölkələr arasında dəniz sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı hər hansı bir sazişi zəruri etmirdi [7]. Ancaq sıxılmış təbii qaz üsulunun tətbiqinin texniki əsaslandırması ilə bağlı hər hansı planın olmaması və iqtisadi tərəfdən səmərəliliyinin şübhə doğurması, məsələnin aktuallığını itirməsinə səbəb oldu. 2018-ci ildə Xəzər dənizinin hüquqi statusu haqqında yekun Konvensiyanın imzalanması ilə, Transxəzər qaz kəməri layihəsi yenidən gündəmə gəlib. Bəzi ekspertlərin fikrincə, Konvensiyanın imzalanması layihənin həyata keçirilməsi üçün mühüm əhəmiyyətə malikdir və təbii qazın Avropa İttifaqına ixracına imkan verir. Lakin yekun Konvensiyanın 14-cü bəndində, dənizin altı ilə çəkiləcək istənilən boru kəməri ilə bağlı tərəflərin razılığının tələb olunması şərti [8] layihənin reallaşmasına problem yarada bilər. Həmçinin Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası (Tehran Konvensiyası) ilə müəyyən edilmiş ekoloji tələb və standartlara ölkələr tərəfindən əməl edilməsi yekun Konvensiyada da vurğulanır.
Türkmənistanın dünyanın ən zəngin qaz resurslarına sahib olmasına baxmayaraq, hazırki istehsal gücü ilə Transxəzər qaz kəmərini yetərli qazla təmin edə biləcəyi ilə bağlı şübhələr var. Qaz bazarlarının şaxələndirilməsi 2009 və 2016-cı illərdə Rusiya ilə Türkmənistan arasında təbii qaz nəqli ilə bağlı baş verən anlaşılmazlıqlar səbəbindən Türkmənistan üçün prioritet hesab edilməyə başlamışdı. Müqayisə üçün qeyd edək ki, 2008-ci ilədək Türkmənistanın nəql etdiyi 80 milyard kubmetr qazın 50 milyard kubmetri Rusiyaya ixrac edilirdi. Son dövrlərdə Türkmənistanın Mərkəzi Asiya-Çin Qaz kəməri (CACG) vasitəsi ilə Çinə nəql etdiyi təbii qazın həcmində artım müşahidə olunmaqdadır. 2018-ci ildə Türkmənistanın ixrac etdiyi təbii qazın 78%-nin (təxminən 33.3 milyard kubmetr) Mərkəzi Asiya-Çin qaz kəməri vasitəsi ilə Çin Xalq Respublikasına nəql edilməsi [9], Çinin Türkmənistan qazı üçün əsas enerji bazarına çevrildiyini göstərir. Nəticədə, Türkmənistanın karbohidrogen gəlirlərinin əhəmiyyətli hissəsi tək alıcı – Çindən asılıdır. Həmçinin, Mərkəzi Asiya-Çin Qaz kəmərinin (CACG) tikintisi Çindən alınan kreditlər hesabına gerçəkləşdiyi üçün, rəsmi Aşqabad qaz satışından əldə etdiyi gəlirlərin böyük hissəsini kreditlərin geri ödənməsinə xərcləyir [10]. Enerji qiymətlərinin enməsi fonunda bu tendensiya təhlükəli xarakter aldığı üçün, Türkmənistan enerji bazarlarını şaxələndirilməkdə maraqlıdır.
Eyni zamanda 2022-ci ildən sonra istifadəyə verilməsi planlaşdırılan Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəmərinin tikintisi davam etdirilir və kəmərin buraxıcılıq gücünün 33 milyard kubmetr olacağı bildirilir. 2016-cı ildə rəsmi Aşqabad tərəfindən Rusiya istiqamətində ixrac boru kəmərləri ilə qaz nəqli dayandırılsa da, 2019-cu ildə məsələ ilə bağlı iki ölkə arasında razılaşma əldə edilib. Müqaviləyə əsasən, 2024-cü ilədək Rusiya Federasiyası tərəfindən illik 5.5 milyard kubmetr Türkmən qazının idxal edilməsi planlaşdırılır. Müqavilənin 2018-ci ildə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasından sonraya təsadüf etməsi, Türkmən qazı üzərində rəsmi Moskvanın mövqeyini gücləndirmək məqsədi daşıyır. Beləliklə, Türkmənistan qazının yuxarıda qeyd edilən istiqamətlərdə ixrac edilməsi, Transxəzər qaz kəmərinin gələcəyi ilə bağlı bir sıra sualların yaranmasına səbəb olur. Çünki aşağı həcmli türkmən qazının Transxəzər qaz kəməri vasitəsi ilə Avropaya çatdırılması tərəflər üçün kommersiya baxımından cəlbedici deyil.
Son illərdə enerji bazarlarında neftin ucuzlaşması fonunda qaz qiymətlərində müşahidə olunan enmə, layihə ilə bağlı tikinti işlərinin başlanmasını çətinləşdirən digər bir amil hesab olunur. Çünki Transxəzər qaz kəmərinin reallaşması üçün tələb olunan vəsait 5 milyard ABŞ dolları təşkil etməkdədir. Bugünədək Türkmənistan dövləti hasilatın pay bölgüsü haqqında sazişi qəbul etmir və layihənin maliyyələşdirilməsindən imtina edir. Həmçinin, geosiyasi əngəllər və iqtisadi məsələləri nəzərə alaraq, enerji resurslarının ölkə sərhədləri daxilində satışını təklif edir [11]. Rəsmi Aşqabadın fikrincə, Transxəzər layihəsi qərbin strateji maraqlarına cavab verdiyi üçün, zəruri addımları ilk öncə enerji istehlakçısı olan Avropa İttifaqı atmalıdır.
Aparılan fəaliyyət
Transxəzər qaz kəmərinin tikintisi ilə bağlı ciddi addımlar atılmasa da, regional və beynəlxalq səviyyədə görüşlərdə qərb ölkələrindən siyasi dəstək ifadə olunmaqdadır. Keçən il ABŞ prezindenti D.Tramp, Türkmənistan prezidentinə ünvanlandığı məktubda Xəzərin statusunun müəyyən edilməsi ilə əlaqədar Türkmənistanın Qərbə qaz ixrac etmək imkanından yararlanacağına ümid etdiyini bildirmişdi. 2019-cu ildə Türkmənistanda keçirilmiş I Xəzər İqtisadi Forumunda iştirak edən Avropa-Çin konsorsiumu Transxəzər qaz kəməri layihəsinin tikinti işlərinə başlamağa hazır olduğunu bildirib. Konsorsiumda təmsil edilən “Edison Technologies GmbH”-nin baş direktoru Kasapoğlu Edison-un sözlərinə görə, Transxəzər qaz kəməri Avropa İttifaqı, Türkiyə, Azərbaycan və Türkmənistan nümayəndə heyətləri arasında müzakirə mövzusudur və kəmərin Cənub Qaz Dəhlizi sisteminə qoşularaq Avropanı təbii qazla təmin etməsi planlaşdırılır [12]. Tədbirdə iştirak edən Avropa İttifaqının Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi Peter Buriyan isə, Transxəzər boru kəmərinin maliyyələşdirilməsində Aİ-nin iştirakı ilə bağlı danışıqların bərpa edildiyi açıqladı. Təsadüfi deyil ki, Avropa Komissiyasının 2019-cu ildə enerji təhlükəsizliyinin təminatı barədə yayımlanan son sənədində Transxəzər qaz kəməri bir daha ittifaq üçün ümumi maraq doğuran layihələrin siyahısında (Projects of Common Interest) qeyd edilib [13]. Keçən ilin noyabr ayında Türkmənistan prezidentinin İtaliya Respublikasına səfəri zamanı, enerji resurslarının qərb istiqamətində mümkün ixracının rəsmi Aşqabad tərəfindən nəzərdən keçirdiyini bəyan etməsi [14], layihənin gündəmdə olduğunu deməyə əsas verir. Lakin, Avropa Komissiyasının Enerji məsələləri üzrə nümayəndəsi Erlendas Qriqoroviçin fikrincə, “böyük şirkətlərin iştirakı olmadan nə Avropa İttifaqı, nə də Türkmənistan Transxəzər qaz kəməri layihəsini inşa edə bilməz. Layihənin reallaşması baxımından siyasi və biznes sahələrində səylərin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir” [15].
Nəticə
Türkmənistanın böyük həcmdə təbii qaz nəql etməsi Avropa enerji bazarında aparıcı təchizatçıların əsasən də, Rusiyanın mövqelərini zəiflədə bilər. Avropanın enerji təhlükəsizliyində alternativ marşrutlarından biri hesab edilən Transxəzər qaz kəməri layihəsi geosiyasi əngəllərlə qarşılaşsa da, texniki və maliyyə məsələləri diqqətdən qaçmamalıdır. Buna görə də, layihənin üzləşdiyi problemlərin həlli, qərbin verəcəyi siyasi və maliyyə dəstəyindən asılı olacaq. Lakin təbii qaz qiymətlərində azalma və Avropanın enerji bazarlarına müxtəlif regionlardan boru kəmərləri və LNG növü ilə yeni rəqiblərin daxil olması, hələ danışıqlar mərhələsində olan Transxəzər Qaz Kəməri layihəsinin Avropa üçün cəlbediciliyinə neqativ təsir göstərə bilər.
İstifadə edilmiş ədəbiyyat
- EU Reference Scenario 2016 // 15 July 2016 // https://op.europa.eu/en/publication-detail/-/publication/aed45f8e-63e3-47fb-9440-a0a14370f243/language-en/format-PDF/source-106883045
- Eu imports of energy products – recent developments // November 2019 // https://ec.europa.eu/eurostat/statistics-explained/pdfscache/46126.pdf
- An EU Energy Security and Solidarity Action Plan // 13 November 2018 // https://eur-lex.europa.eu/legal-content/EN/TXT/PDF/?uri=CELEX:52008DC0781&from=EN
- Azərbaycan, Türkmənistan və Türkiyə Aİ ilə energetika üzrə bəyannamə imzaladılar // 01 May 2015 // https://az.trend.az/business/energy/2390412.html
- Transxəzər İran və Rusiyanın girovuna çevrilib // 16 Avqust 2019 // https://www.turan.az/ext/news/2019/8/free/analytics/az/121065.htm
- History of Convention // http://www.tehranconvention.org/spip.php?article1
- Xəzər Dənizi vasitəsilə sıxılmış təbii qazın nəqlinin üstünlükləri və çatışmazlıqları // 18 Mart 2016 // http://ccee.ada.edu.az/inc/uploads/2016/03/S%C4%B1x%C4%B1lm%C4%B1s%CC%A7-t%C9%99bii-qaz%C4%B1n-X%C9%99z%C9%99r-d%C9%99nizi-vasit%C9%99sil%C9%99-n%C9%99qlinin-u%CC%88stu%CC%88nlu%CC%88kl%C9%99ri-v%C9%99-c%CC%A7at%C4%B1s%CC%A7mazl%C4%B1qlar%C4%B1.pdf
- Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya // 12 Fevral 2019 // http://e-qanun.gov.az/framework/41551
- Turkmenistan’s mainline to China // 06 October 2019 // https://eurasianet.org/turkmenistans-mainline-to-china
- Turkmenistan’s gas exports hampered by geopolitical realities // 2 October 2019 // http://jamestown.org/program/turkmenistans-gas-exports-hampered-by-geopolitical-realities/
- Third lucky for Trans-Caspian Gas Pipeline ? // 6 June 2019 // https://www.petroleum-economist.com/articles/politics-economics/europe-eurasia/2019/third-time-lucky-for-trans-caspian-gas-pipeline
- Consortium of Foreign Companies Intends to Build Trans-Caspian Gas Pipeline // 16 August 2019 // https://www.business.com.tm/post/4266/consortium-of-foreign-companies-intends-to-build-transcaspian-gas-pipeline
- Union List of Projects of Common Interest // 31 October 2019 // https://ec.europa.eu/energy/sites/ener/files/c_2019_7772_1_annex.pdf
- Energy and Transport – strategic directions of the Turkmen-Italian partnership // 08 October 2019 // http://www.oilgas.gov.tm/en/blog/3029/energetika-i-transport–strategicheskie-napravleniya-turkmenoitalyanskogo-partnerstva
- EU invites big business to the construction of the TRANS-Caspian Gas Pipeline // 24 October 2019 // https://orient.tm/en/eu-invites-big-business-to-the-construction-of-the-trans-caspian-gas-pipeline/