Beynəlxalq arenada Azərbaycanın “yumşaq güc” (soft power) potensialı
Novruzəli Yusubzadə*
Xülasə
Yumşaq Güc anlayışını Beynəlxalq münasibətlər sahəsinə gətirən Cozef Nay (Joseph Nye) bu gücün sərt güclə birlikdə istifadə edilərək ağıllı güc kimi dövlətlər arası münasibətlərdə daha faydalı olacağını irəli sürmüşdür. Hər nə qədər bir-birinə zidd kimi görünsə də, dolayısıyla hər iki güc ünsürü bir tandemə çevrilərək daha yararlı ola bilməkdədir. Azərbaycan Respublikasının yumşaq gücünün potensialı onun sərt güc konsepsiyası kimi struktural olaraq tam şəkildə formalaşmamışdır. Buna baxmayaraq, istər müstəqilliyin qazanıldığı 1991-dən, istərsə də II Qarabağ Savaşı sonrasında yumşaq güc indekslərində Azərbaycanın da siyahılara daxil edilməsi və bu siyahıda ildən-ilə irəliləməsi dövlətin bu sahədə də struktural yanaşmaya keçidi sürətləndirdiyini göstərməkdədir. Yumşaq güc ünsürü bir neçə alt kateqoriyalar üzrə bir çox beynəlxalq indekslər tərəfindən araşdırılmaqdadır. Bu kateqoriyalar müvafiq olaraq: əməkdaşlığın inkişafı, təhsil, elm, idman, mədəniyyət, turizm və miqrasiyadır. Bu kateqoriyalar üzrə Azərbaycan Respublikasının mövcud yumşaq güc potensialı araşdırılsa da, xüsusilə II Qarabağ Savaşı sonrasında ölkənin yumşaq gücündə bir sıçrayışın olduğu görülməkdədir. Bu səbəbdən, bu məqalədə Azərbaycanın yumşaq gücü və potensialı hərtərəfli araşdırılaraq prioritet inkişaf istiqamətləri, zəif tərəfləri analiz edilərək müvafiq sahələrdə inkişafı üçün təkliflər veriləcəkdir.
Açar sözlər: Azərbaycan, Yumşaq güc, II Qarabağ Savaşı
Giriş
Beynəlxalq münasibətlər sahəsində güc anlayışı əsasən, I Dünya Müharibəsi sonrasında realist nəzəriyyəçilər tərəfindən istifadə edilməyə başlanmışdır. Lakin dünya müharibələri dövrünün öz yerini soyuq müharibə daha sonrasında isə yeni dünya nizamı, beynəlxalq terrorizmlə mübarizə kimi anlayışlara verməsi ilə gücün təkcə realist perspektivdə olduğu kimi dövlətin təhlükəsizliyi, həyatda qalmaq vasitəsi deyil, eyni zamanda daha konstruktiv olan quruculuq, sosial inşa mövqeyindən də izahına rəvac vermişdir (Arı, 2021: 24). Bundan sonrakı dövrlərdə güc artıq sərt mövqeyi ilə yanaşı yumşaq güc, ağıllı güc kimi formalarda da işlənmişdir. Örnək olaraq realizmdən əsas fərqləndirici cəhətləri olaraq güc ünsürünün artıq mədəniyyət, düşüncələr, strukturları da nəzərə alaraq özündə əks etdirməsidir (Wendt, 1999: 96-97).
Yumşaq güc anlayışı ilk dəfə Cozef Nayın “Liderliyə Məcburiyyət: Amerikan Gücünün Dəyişən Təbiəti” əsərində 1980-lərdə özəlliklə beynəlxalq sistemdə yumuşama dövrünün davam etdiyi zamanda Amerikan hegemoniyasının hələ də davam etdiyini göstərmək üçün istifadə edilmişdir (Nye, 1990: 14). Yazar güc anlayışını əsərlərində sərt, yumşaq və iqtisadi olaraq bəzən 3, bəzənsə sadəcə sərt və yumşaq olaraq 2 hissədə incələmişdir. Bu cür sinifləndirmələrlə birlikdə beynəlxalq sistemin də dəyişməsi nəzəriyyənin tətbiqi üçün real zəmin hazırlamışdır.
Özəlliklə 1990-lardan sonra beynəlxalq sistemdə SSRİ kimi ikinci qütbün dağılmasından sonra meydana çıxan yeni aktorlar və geosiyasi mübarizələr yumşaq gücün həm böyük güclər tərəfindən bu regionlarda istifadə edilməsini, həm də bu yeni aktorların özlərini sistemə qəbul etdirə bilmələri üçün fürsətlər yaratmışdır. Bu fürsətlərdən ilk illərdə yetərincə yararlana bilməyən ölkələrdən biri olan Azərbaycan, son dövrlərdə özəlliklə II Qarabağ Müharibəsi sonrasında gücün bu ünsürünü də fəal şəkildə istifadə etməyə çalışmışdır.
Bu məqalədə gücün nəzəri hissəsi analiz edilərək, Azərbaycan Respublikasının yumşaq güc ünsürünü istifadə etməsi ilə bağlı başlıqlar: Müstəqillikdən II Qarabağ Müharibəsinə qədər və II Qarabağ Müharibəsindən sonrakı dövrdə şəklində incələnəcək və mövcud problemlər, potensialın düzgün istifadəsi haqda təkliflər veriləcəkdir. Məqalədə həm beynəlxalq indekslərin yumşaq güc ünsürü haqqında statistik məlumatları, həm də bu məlumatlarda olmayan, lakin Azərbaycan tərəfindən praktiki olaraq həyata keçirilmiş addımlar vurğulanacaqdır.
Yumşaq Güc anlayışına nəzəri baxış
Yumşaq güc anlayışı dilimizə İngilis dilindəki orijinal versiyası olan “Soft power”-ın birbaşa tərcüməsi nəticəsində qazandırılmışdır (Xalq Qəzeti, 2015). Beynəlxalq münasibətlər sahəsində bir termin kimi yumşaq güc yeni sayılsa da, onun istifadə edilməsi heç də yeni deyil. İlk istifadəsi haqqında dəqiq məlumatlar mövcud olmasa da, dövlətlərin yarandığı dövrdən bu güc ünsürünün də siyasi məsələlərdə istifadə edildiyi düşünülür (Demir, 2012: 99). Antik dövrdə məşhur Çin mütəfəkkiri Sun Tzunun özünün “Hərb Sənəti” əsərində dediyi: “Ən yaxşı olan, savaşmadan qazanmaqdır” , fikri əslində yumşaq gücün o dövrdə də istifadəsini göstərir (Watanabe və McConnell, 2008: xvıı). Daha sonra bu güc ünsürü orta əsrlərdə digər Avropa dövlətləri arasında da istifadə edilməyə başlandı. 20-ci əsrin əvvələrində telekommunikasiya vasitələri sahəsində baş verən yeni kəşflər sayəsində həm ənənəvi diplomatiya dəyişikliyə uğradı, həm də yumşaq güc ünsüründən praktiki olaraq istifadə edilməyə başlandı. Gücün bu ünsürünün Soyuq Müharibə zamanı nə dərəcədə önəmli olmasını fransız filosof Reqis Debreyin (Regis Debray) fikirləri açıq şəkildə izah etməkdədir. Filosofa görə, “Cinslərin və Rok-n-rolun gücü Qırmızı ordunun bütün gücündən daha artıqdır” (Gardels, 2005: 36-37).
Yumşaq gücün nəzəri olaraq ortaya çıxdığı 1970-lərin sonunda Nay, bu gücü izah edərkən, “ABŞ-ın gücü nəzərə alındığı zaman bunun sadəcə hərbi və iqtisadi güc olaraq deyil, eyni zamanda istədiklərinə nail olmaq üçün digərlərini cəzb etmə gücüylə də ölçülməlidir”- deyirdi (Nye, 2008: ıx). Yumşaq güc ünsürü xüsusilə 11 sentyabr 2001 hadisələri sonrasında daha da gündəmə gəlmişdir. Belə ki, ilk dövrlərdə ABŞ-ın dünya hegemoniyasını davam etdirməsi üçün ortaya çıxan bu anlayış zamanla digər dövlətlər tərəfindən də istifadə edilərək yayılmağa başlandı.
Yumşaq güc akademik sahədə 2 cür istifadə edilir. Bunlardan ilki, yumşaq gücün sadəcə mədəni sahələri özündə əks etdirdiyi dar məna, digəri isə hərbi olmayan bütün güclərin yumşaq güc olaraq istifadə edildiyi geniş mənadır. Lakin terminin yaradıcısı olan Nay, bu yanaşmaların hər birinə qarşı çıxaraq, yumşaq gücün nəzəriyyə olmadığını praktiki vasitə olduğunu bildirməkdədir (Nye, 2005: 11). Lakin beynəlxalq münasibətlər sahəsində bu güc ünsürünü sosial konstruktvist nəzəriyyəçilər elmi olaraq öz yazılarında istifadə etməkdədirlər.
Naya görə beynəlxalq sistemdə bir ölkənin yumşaq gücünü əks etdirə bilməsi üçün bu dörd ünsürə diqqət etməsi lazımdır: 1) Başqalarına cəzbedici gəldiyi təqdirdə onun mədəniyyəti; 2) ölkə daxilində və xaricində sinxron hərəkət edə biləcəyi siyasi sistemi; 3) legitim və əxlaqi olaraq görülən xarici siyasəti; 4) gündəm yarada bilmə və onu formalaşdıra bildiyi ölçüdə qeyri-hökumət təşkilatları və ya şirkətləri (Keohane və Nye, 1998: 86). Buna görə də, sərt güc üçün “məcbur etmə və yola gətirmə”, yumşaq güc üçün isə “cəzb etmə və gündəm yaratma” anlayışlarının istifadəsi daha məqbuldur.
Nayın hazırladığı bu spektrumda əmr gücünün məcbur etmə və yola gətirməyə dayandığı kimi, tərəfinə çəkmə gücünün də gündəm yaratma və cəzb etməyə dayandığı görünməkdədir. Buna görə də yumşaq güc gündəm yaratma və cəzb etmə vasitəsilə təsir ediləcək dövlətin gündəmini dəyişmək və qaynaq ölkənin mədəniyyətini onun üçün cazibəli göstərmək deməkdir.
Müstəqillikdən II Qarabağ Müharibəsinə qədərki dövrdə Azərbaycanın yumşaq gücü
Müstəqillik qazandıqdan sonra Azərbaycan, torpaqlarının 20 %-nin işğal edilməsi ilə məcburən sərt güc sahəsində inkişaf edərək yumşaq güc ünsürünü bir müddət geri planda tutmalı oldu. Nayın da vurğuladığı kimi Azərbaycan bu dövrdə ya gündəm yaratmalı, ya da cazibəyə sahib olmalı idi. Müharibə şəraitində gündəm yaratmaq üçün yetərincə alətə sahib olmayan dövlət, bu əskikliyi özünün karbohidrogen ehtiyatları ilə doldurmağa çalışdı. Bu cazibə sayəsində 1994-cü ildə “Əsrin müqaviləsi” sazişi imzalanaraq, ölkə neftinin Avropaya nəqli üzrə boru-kəmər nəqliyyatının inkişafına zəmin hazırladı (AZƏRTAC: 2022). Bundan sonrakı dövrlərdə isə dövlət yeni cazibə sahələri yaradaraq, gündəm yaratmaq sahəsində də işlər görməyə çalışdı. Yumşaq gücün alt kateqoriyaları olan: əməkdaşlığın inkişafı, təhsil, elm, idman, mədəniyyət, turizm və miqrasiya sahələrinin inkişafı eyni zamanda və eyni dərəcədə baş vermədi.
Əməkdaşlığın inkişafı sahəsində Azərbaycan Respublikası yarandığı gündən bəri istər dövlətlər, istərsə beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əlaqələr yaradaraq həm başlıca problemi olan Qarabağ məsələsini ədalətli yolla həll etməyə çalışdı, həm də özünün bu dövr üçün tək cazibə mərkəzi olan enerji məhsullarını dünya bazarına çıxartmağa çalışdı. Özəlliklə 2000-ci illərə qədər qonşu dövlətlər, Qarabağ müharibəsində təsir gücü olan dövlətlər (böyük güclər və erməni lobbisinin güclü olduğu dövlətlər), müsəlman, post-sovet dövlətlərlə əlaqələrə daha çox önəm verilsə də, 2000-ci ildən Asya dövlətləri ilə də diplomatik münasibətlər quruldu (AR XİN). Eyni zamanda müstəqilliyin qazanıldığı dövrdən BMT, İƏT kimi təşkilatlara qatılaraq, özünü yeni dünya sistemində öncə təcriddən qurtarıb, daha sonra haqq səsini dünyaya daha asan çatdırmağa çalışdı. Azərbaycanın bu dövrü üçün ən böyük uğuru heç şübhəsiz ki, BMT nəzdində “Dağlıq Qarabağ” münaqişəsi ilə bağlı 4 qətnamənin (822, 853, 874, 884) qəbul edilməsi və 2012-2013-cü illərdə BMT TŞ-nin qeyri-daimi üzvü olmasıdır (Xalq Qəzeti: 2011). Beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi özəlliklə 21-ci əsrin ikinci on illiyində daha da yüksələn xətlə davam etdi. Belə ki, dünya sisteminin daha ədalətli olmasına töhfə vermək, eləcə də öz potensialını doğru qiymətləndirə bilmək üçün Azərbaycan, 2011-ci ildə BMT-dən sonra ən böyük təşkilat olan Qoşulmama Hərəkatına üzv oldu (AR XİN).
Bu dövrdə Azərbaycan öz yumşaq gücünün potensialını sadəcə diplomatik münasibətlərlə inkişaf etdirməklə qalmadı. İqtisadi əməkdaşlığı da yüksəldərək SOCAR kimi yumşaq güc vasitəsi qazandı. Bu da öz növbəsində dövlətin ilk cazibəsi olan karbohidrogen ehtiyatlarının daşınması üçün yeni nəqliyyat yollarının istehsalına zəmin yaratdı. Logistik əhəmiyyətli bu yollar isə Azərbaycan üçün ikinci cazibə imkanı yaratdı. Heç təsadüfi deyil ki, bu dövr ərzində Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, TAP, TANAP kimi beynəlxalq əhəmiyyətli logistik layihələr həyata keçirildi.
Təhsil və elm sahəsində Azərbaycan ilk dövrlərdə SSRİ-dən qalan çox yüksək oxuma-yazma mirasını davam etdirməyə çalışdı (Oxu.az: 2013). Latın qrafikalı yazı sisteminə tam keçid sonrasında ölkədə təhsil səviyyəsində milli yanaşma daha da inkişaf etdi. İnsan İnkişaf İndeksi (HDİ) üzrə statistikalar da Azərbaycanın 1996-cı ildən sonra davamlı olaraq təhsil, yaşam şərtləri baxımından inkişafda olduğunu göstərməkdədir.
Qrafik 1: İnsan İnkişaf İndeksi
Qaynaq: UNDP, Human Development Index. https://hdr.undp.org/data-center/specific-country-data#/countries/AZE
Təhsil və elm sahəsində digər bir beynəlxalq indeks olan PISA nəticələri də ölkənin bu sahədəki vəziyyətini statistik olaraq ölçməkdədir.
Qrafik 2: PISA Reytinqi
Qaynaq: Beynəlxalq PISA nəticələri, OECD. https://www.oecd-ilibrary.org/docserver/ebeeb179-en.pdf?expires=1689197797&id=id&accname=guest&checksum=FDCB0F3CFD71BFF00BD165B17364D2B8
Qrafik 2-yə əsasən 15 yaşlı uşaqların oxuma-yazma, riyaziyyat, elm üzrə nəticələri verilmişdir. Azərbaycan bu indekslə 2006-cı ildə tanış olmuşdur. Statistikaya görə 2006-2018-ci illərdəki imtahanlarda bu göstəricidə yüksəliş görülməkdədir.
İdman sahəsində Azərbaycan əsasən Güləş, Cüdo, Voleybol, Boks kimi sahələrdə önə çıxaraq, beynəlxalq yarışlarda iştirak etməkdədir. Bu yarışlardan ən mötəbəri Olimpiadadır ki, ölkə bu sahədə müxtəlif inkişaf göstəricilərinə sahibdir. Özəlliklə Avropa Oyunları, İslam Həmrəylik Oyunları, FİFA, Formula-1 yarışmalarının Bakıda keçirilməsi Azərbaycanın idman sahəsində özünü gündəm yaradan ölkə kimi sübut etdiyinin göstəricisidir (AZƏRTAC: 2017).
Mədəniyyət sahəsində mövcud dövr ərzində Azərbaycan əsas olaraq öz musiqisi, mətbəxi ilə ön plana çıxmışdır. Bu sahədə UNESCO üzrə Azərbaycanın Milli Komissiyası da fəal işlər görmüşdür. Örnək olaraq, dolma və digər yeməklərin UNESCO siyahısına daxil edilməsi, muğamın dünya səviyyəsində tanıdılması önəmli addımlardır. Özəlliklə mədəni sahədə Heydər Əliyev Fondunun dünya mədəniyyətinə töhfə vermək üçün xarici ölkələrdə gördüyü yenidən qurma və bərpa işləri milli mədəniyyətin tanıdılmasında əvəzsiz rola malikdir. Bunlarla yanaşı Azərbaycan dili mərkəzlərinin də Serbiya, Çin kimi dövlətlərdə fəaliyyət göstərməsi yumşaq gücün cazibə yaratma funksiyasının artmasına səbəb olmaqdadır (Trend News Agency, 2017).
Turizm və Miqrasiya sahələri bir-birinin ziddi sahələr olub Azərbaycana həm gələn, həm də ölkədən gedənlərin yumşaq güc ünsürü olaraq təsirlərinə diqqət yetirməkdədir. Bu statistikanı aşağıdakı Cədvəl 2-də görə bilərik.
Cədvəl 2: Azərbaycan Respublikasının sərhəd-buraxılış məntəqələrindən keçənlərin siyahısı
Qaynaq: Dövlət Statistika Komitəsi, https://www.stat.gov.az/source/tourism/
Statistikadan da göründüyü kimi ölkə ərazsini Kovid-19 və II Qarabağ müharibəsinə qədərki dövrdə ziyarət edən turistlərin sayı yüksələn xətlə davam edib. Eyni zamanda ölkədən gedənlərin sayında da müəyyən artımlar mövcuddur. Özəlliklə təhsil sahəsində miqrasiya edilməsi Azərbaycan üçün xasdır. Bu sahədə ilk illərdə vətəndaşlar tərəfindən könüllü şəkildə dərnəklər yaradılırdısa, son dövrlərdə diaspor fəaliyyətinin prioritetə çevrilməsi ilə dövlət dəstəkli fəaliyyətlər də üstünlük tutmaqdadır.
II Qarabağ Müharibəsi sonrasında Azərbaycanın yumşaq gücü
II Qarabağ müharibəsinin baş verməsindən sonra Azərbaycanın yumşaq güc potensialında da dəyişikliklər baş verdi. İlk illərdə Azərbaycan özünün cəzbedici tərəflərini tapıb bunun sayəsində yumşaq gücünü istifadə edirdisə, artıq gündəm yaratma və gündəm dəyişdirmə gücünü də nisbətən istifadə etməyə çalışdı. Buna örnək olaraq müharibə zamanı Ermənistan əhalisinin Azərbaycan media məkanından olan xəbərləri oxuyaraq daha çox güvəndiyini göstərmək olar. Bu sahədə müvafiq olaraq CBC Sport kanalının ermənicə özəl xəbər buraxılışı göstərilə bilər (CBC.az: 2016). Bunun xaricində yenə SOCAR tərəfindən Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən Haber Global TV kanalı mövcuddur (Haberglobal.com.tr). Bu kanallardan ilki gündəm yaratmaq üçün digəri isə gündəmi formalaşdırmaq üçündür.
II Qarabağ müharibəsi öncəsində və sonrasında beynəlxalq indekslərin də yumşaq güc sahəsində araşdırmaları sürətləndirməsi və Azərbaycanı da bu indekslərə daxil etməsi yumşaq gücün digər ünsürlərini müqayisə etmək üçün fürsətlər yaratmışdır. Bu sahədə bir çox ölkəninin yumşaq gücünü ölçən Qlobal Yumşaq Güc indeksidir. Bu statistikaya Azərbaycan 2021-ci ildən daxil edilib ki, bu da bizə son 3 ildəki göstəriciləri analiz etməyə imkan verir.
Cədvəl 3: Azərbaycanın yumşaq güc indeksi
Qaynaq: Cədvəl Global soft power index dataları əsasında yazar tərəfindən tərtib edilmişdir, https://brandirectory.com/softpower/nation?country=54
Cədvəl 3-dən də görüldüyü kimi, Azərbaycanın Qlobal Yumşaq Güc İndeksi 20 pilləyə qədər yaxşılaşmışdır. Tanınma və reputasiya hissəsində cari xal yüksəlsə də indeksə yeni əlavə edilən ölkələrin say çoxluğu səbəbindən dərəcədə irəliləyiş baş verməmişdir. Təsir və birbaşa təsir meyarlarında da fərqlər görünməkdədir. Dolaylı təsir gücü xeyli irəliləyərək 30-cu pilləyə çatsa da, birbaşa təsirdə bir qədər geriləmə mövcuddur. İdarəetmə sahəsində islahatların artması, beynəlxalq münasibətlərdə yeni dövlətlərlə diplomatik əlaqələrin yaradılması bu göstəricini yüksəltmişdir. Buna örnək olaraq, Balkan dövlətlərində SOCAR-ın ofisinin açılması və enerji nəqli imkanlarının artması, Şimali İraq Kürd Muxtar bölgəsi ilə siyasi əlaqələrin qurulması, Qoşulmama Hərəkatına 2019-2023 illəri üzrə sədrlik göstərilə bilər (Kırcaalihaber: 2023, Mehrnews: 2023, AZƏRTAC: 2023). Yenə təhsil və elm dərəcəsi artmış, dayanıqlı gələcək deyə yeni kateqoriya əlavə edilmişdir. Bu dövrdə Azərbaycan öz yumşaq gücünü əsasən gündəm yaratmaq üçün istifadə etmişdir. Buna ən böyük örnək isə dövlət başçısının yeni dünya sistemində ədalətin bərqərar edilməsi üçün rotasiya üsulu ilə BMT TŞ üzvlüyünə 1 İslam dünyasından (İƏT çərçivəsindən) və 1 post-kolonial dünyadan (Qoşulmama Hərəkatı çərçivəsindən) daimi üzv seçilməsi təklifidir (Trend News Agency: 2023).
Nəticə və Təkliflər
Azərbaycanın yumşaq güc potensialı yuxarıda iki əsas dövr ərzində araşdırılaraq, bu gücün ilk dövrdə cəzb etmə, ikinci dövrdə isə gündəm yaratma ünsürünün daha ön plana çıxdığı görülmüşdür. Yumşaq güc ünsürünün sərt güclə birlikdə istifadə edildiyində daha effektiv nəticələr verdiyi bunun üçün də II Qarabağ müharibəsi sonrasında bu güc ünsürlərində yüksəliş olduğu görülməkdədir.
Buna baxmayaraq, yumşaq güc potensialının tam doğru dəyərləndirilməsi üçün bəzi təkliflərin də verilməsi labüddür:
1) Xarici dövlətlərdə Azərbaycan Mədəniyyət mərkəzləri ilə Dil mərkəzlərinin ayrılıqda təşkili (örnək olaraq Yunus Emre Enstitüsü, Türkiyə və Konfutsi Mərkəzləri, Çin);
2) Xarici ölkələrdə media sahəsində daha da irəliləmək;
3) Xarici dövlətlərdə nəşriyyat evlərinə sahib olunması;
4) Xarici dövlətlərdən olan tələbələrə təqaüdlər, qrantlar verilərək ölkəyə cəzb edilməsi (örnək olaraq Türkiye Bursları, Visegard, DAAD);
5) Xarici dövlətlərə yardım proqramlarının sistemləşdirilməsi ( örnək olaraq USAID, TİKA).
Qaynaqlar:
- “Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür. (2022, Sentyabr 20). AZƏRTAC. Link: https://azertag.az/xeber/Asrin_muqavilesinin_imzalanmasindan_28_il_otur-2298473# (Son Giriş Tarixi: 12.07.2023).
- IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi. Bakı Olimpiya Stadionundan AZƏRTAC-ın onlayn reportajı. (2017, May 13). AZƏRTAC. Link: https://azertag.az/xeber/IV_Islam_Hemreyliyi_Oyunlarinin_resmi_achilis_merasimi_Baki_Olimpiya_Stadionundan_AZARTAC_in_onlayn_reportaji__FOTO_VIDEO-1059613 (Son Giriş Tarixi: 12.07.2023).
- CBC.az. (2016, Avqust 26). Link: https://web.archive.org/web/20160818161553/http://cbc.az/en/about (Son Giriş Tarixi: 12.07.2023).
- ABŞ kəşfiyyatı: Azərbaycan əhalinin savadlılığına görə dünya liderlərindən biridir. az. Link: https://oxu.az/society/5706 (Son Giriş Tarixi: 12.07.2023).
- Arı, T. (2021). Uluslararası İlişkiler Teorileri: Modern ve Post-modern Teoriler, İstanbul: Aktüel Yayınları.
- Azerbaycan Kuzey Irak’ta konsolosluk açmak istiyor. (2023, İyun 7). Mehrnew Link: https://tr.mehrnews.com/news/1909734/Azerbaycan-Kuzey-Irak-ta-konsolosluk-a%C3%A7mak-istiyor (Son Giriş Tarixi: 12.07.2023).
- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi. Link: https://www.mfa.gov.az/az/category/asiya-ve-okeaniya (Son Giriş Tarixi: 12.07.2023).
- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi. Link: gov.az/az/category/beynelxalq-teskilatlar/qosulmama-herekati-qh (Son Giriş Tarixi: 12.07.2023).
- Cumhurbaşkanı Radev: Azerbaycan Devlet Petrol Şirketi’nin Bulgaristan’da ofis açması, enerji alanında ikili iş birliğini güçlendiriyor. (2023, Mart 14). Kırcaali Haber. Link: https://kircaalihaber.com/kircaali/cumhurbaskani-radev-azerbaycan-devlet-petrol-sirketinin-bulgaristanda-ofis-acmasi-enerji-alaninda-ikili-is-birligini-guclendiriyor (Son Giriş Tarixi: 12.07.2023).
- Çində “Azərbaycan dili və mədəniyyəti” Mərkəzi açılıb. (2017, Dekabr 19). Trend News Agency. 07.2023 tarixində alındığı ünvan: https://az.trend.az/azerbaijan/society/2837539.html
- Demir, V. (2012). Kamu diplomasisi ve yumuşak güç. İstanbul: Beta Yayınları, 60.
- Dövlət Statistika Komitəsi, 07.2023 tarixində alındığı ünvan: https://www.stat.gov.az/source/tourism/
- Əhmədov, E. (2011, Oktyabr 28). Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin diplomatiya tarixində böyük nailiyyətdir. Xalq Qəzeti. 12.07.2023 tarixində alındığı ünvan: https://old.xalqqazeti.com/az/news/social/16530
- Gardels, N. (2005). Amerika’nın Yumuşak Gücünün Yükselişi ve Düşüşü. NPQ Dergisi, 7(1), 36-45.
- Global soft power index. 12.07.2023 tarixində alındığı ünvan: https://brandirectory.com/softpower/nation?country=54
- Keohane, R. O., Nye, J. S. (1998). Power and Interdependence in the Information Age. Foreign Affairs, 77(5), 81-94.
- Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə beynəlxalq müstəvidə geniş nüfuz qazanıb. (2023, İyun 5). AZƏRTAC. 07.2023 tarixində alındığı ünvan: https://azertag.az/xeber/Qosulmama_Herekati_Azerbaycanin_sedrliyi_dovrunde_beynelxalq_mustevide_genis_nufuz_qazanib-2681908
- Medya Hizmet Sağlayıcı Kuruluş Kimlik Bilgisi. com.tr. 12.07.2023 tarixində alındığı ünvan: https://haberglobal.com.tr/kunye
- Nye, J.S. (1990). Bound to Lead: The Changing Nature of American Power. New York: Basic Books.
- Nye, J.S. (2005). Yumuşak Güç, Dünya Siyasetinde Başarının Yolu, (Çev. Rayhan İnan Aydın), Ankara: Elips Kitap.
- Nye, J.S. (2008). “Foreword”, Yasushi Watanabe ve David L. Mcconnell (Ed.), Soft Power Superpowers: Cultural And National Assets Of Japan And The United States, New York: M.E. Sharpe.
- Sevdimalıyev, E. (2023, İyul 6). President Ilham Aliyev paves way for new world order – NAM ministerial meeting review. Trend News Agency.07.2023 tarixində alındığı ünvan: https://en.trend.az/azerbaijan/politics/3769467.html
- UNDP, Human Development Index. 12.07.2023 tarixində alındığı ünvan: https://hdr.undp.org/data-center/specific-country-data#/countries/AZE
- Vəliyev, D., & Həmidov, M. (2015, May 30). Müstəqil Azərbaycan dövlətinin siyasətində “yumşaq güc” amili: Birinci Avropa Oyunlarının Bakıda gerçəkləşməsi bu gücün növbəti parlaq göstəricisidir. Xalq Qəzeti. 07.2023 tarixində alındığı ünvan: https://old.xalqqazeti.com/az/news/politics/59470
- Watanabe, Y., & McConnell, D. L. (Eds.). (2008). Soft power superpowers: Cultural and national assets of Japan and the United States. ME Sharpe.
- Wendt, A. (1999), Social Theory of International Politics, Cambridge: Cambridge University Press.
* Bursa Uludağ Universitetinin doktorantı, QAFSAM-ın Yaxın və Orta Şərq üzrə eksperti