Xarici təsirlərə baxmayaraq, Azərbaycan və İsrail arasında münasibətlər necə inkişaf edib?
Şirin Tural
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi Nəzəriyyə” fakültəsinin dissertantıdır.
Giriş:
ABŞ prezidenti Donald Tramp, 2017-ci ilin dekabrında Qüdsü İsrail dövlətinin paytaxtı kimi tanıdıqdan və bu ilin may ayında, Qüdsdə yeni səfirlik açdıqdan sonra, dünyanın diqqəti bu Orta Şərq ölkəsində idi. Dünya ictimaiyyəti bu hadisəyə “mat” qaldı və bununla bağlı, bir çox dövlət başçıları öz ən müxtəlif fikirlərini bildirdilər. Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, Trampın Yaxın Şərqdə yürütdüyü siyasəti pisləyən ən sərt tənqidçilərin tərəfində olduğunu bəyan etdi. Çox keçmədən, Türkiyə, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sədr ölkəsi kimi fövqəladə iclas təşkil etdi və Azərbaycan prezidenti İlham Əliyev də bu iclasda iştirak etdi.[1]
Qonşu və müttəfiq olan Türkiyədən belə sürətli reaksiya, siyasi ekspertlərin düşüncəsində bir neçə sualı ortaya çıxardı: Qüdsün paytaxt statusu alması ilə bağlı rəsmi Bakının reaksiyası necə olacaq? İƏT-in üzv dövləti kimi, müsəlman ölkələrinə dəstək göstərmək, yaxud regionda ən vacib tərəfdaş olan İsrail ilə davamlı əməkdaşlığı davam etdirmək: Azərbaycan öz seçimini necə edəcək?
Azərbaycan-İsrail münasibətləri
Azərbaycan öz müstəqilliyini əldə etdikdən cəmi iki ay sonra, İsrail yeni dövləti rəsmən tanıyan ilk dövlətlərdən biri olmuş və 1992-ci il 7 aprel tarixindən etibarən Azərbaycanla diplomatik əlaqələr qurmuşdur.[2] Həmin dövrdən başlayaraq, ikitərəfli əlaqələr xüsusi olaraq təhlükəsizlik məsələləri, enerji ticarəti, eləcə də mədəniyyət və təhsil sahələrində sıx əməkdaşlıq fonunda daha da genişlənmişdir.
Dağlıq Qarabağ ərazisində Ermənistan-Azərbaycan toqquşması ilə bağlı atəşin yatırılmasına çağıran beynəlxalq qurumların mövqeyinə baxmayaraq, artıq 5 ildir ki, İsrail Azərbaycanın silah və yüksək texnologiyalarla bağlı əsas təchizatçısına çevrilib. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan, Yaxın Şərqdəki müttəfiqindən indiyə qədər təxminən 5 milyard dollar dəyərində silah və hərbi texnika əldə edib. Azərbaycana belə razılaşma yalnız xeyir gətirib. Belə ki, dəyəri 5 milyard dollar olan müqavilədə İsrail istehsalı olan “intiharçı dron” tipli qurğuların təchizatı da nəzərdə tutulur. Sözügedən texnologiya, radio dalğalardan istifadə edərək, düşmənin mövqeyini təyin etmək və onu asanlıqla məhv etmək iqtidarına malikdir. Xatırladaq ki, buna qədər, Azərbaycan hərbi qüvvələri belə texnologiyadan istifadə etməyib.[3]
Digər tərəfdən, Azərbaycan, öz tərəfdaşına onun istehsal edə bilmədiyi bir məhsul – neft təklif edir. İsrailin 40 milyon barel və ya 1,5 milyard dollar dəyərində illik neft idxalı (ümumi idxalın 40%-i) Azərbaycandan tədarük olunur.[4] Bundan əlavə, İsrailin EAPC Boru Kəmərləri Şirkəti, Türkiyəyə nəql edilən Azərbaycan neftinin tankerlər vasitəsilə Türkiyədən Aşkelonaya, İsrailin Aralıq dənizindəki limanına göndərməyi planlaşdırır. İsrail, Azərbaycan ilə enerji sahəsində xüsusi əlaqələr qurmaqla, tankerlər vasitəsilə Şərqi Asiyanın xam neft daşıyıcısına çevrilməyə hazırlaşır.
Azərbaycan və İsrail, xüsusilə hər iki dövlətin ən çox ehtiyac duyduğu sektorlarda əməkdaşlıq etməklə, bir-birləri üçün əsas regional oyunçulara çevriliblər. Yeni iqtisadi, biznes və ticari əlaqələrin yeni yollarının təşviqi məqsədilə, bu ilin may ayında, yüksək səviyyəli Azərbaycan rəsmilərinin ABŞ-ın Yerusəlimdə yeni səfirliyinin açılış günü Tel-Əviv şəhərinə səfər etməsi, son zamanlar iki ölkə arasındakı ikitərəfli əlaqələrin intensivliyini bir daha təsdiq edir.[5]
“Düşmənimin düşməni mənim dostumdur”
Belə ki, Azərbaycan və İsrail münasibətləri ticarət və silah idxalı ilə məhdudlaşmır. Hər iki ölkə, İranı “regional antaqonist” hesab etdiyi üçün, iki dövlət arasında hərbi əməkdaşlıq, “düşmənimin düşməni mənim dostumdur” konsepsiyası ilə daha da dərinləşib. Tehranlı rəsmilər bu hərbi əlaqələri İranın təhlükəsizliyi üçün təhdid kimi nəzərdən keçirir; çünki, Azərbaycan, Mossadın məlumat toplama baxımından mühüm rol oynayır.[6] Azərbaycan torpaqları vasitəsilə İrana qarşı aparılan əməliyyat 2012-ci ilin mart ayında öz pik səviyyəsinə çatdı. Bəzi mənbələrə əsasən, İsrail, İranın nüvə və hərbi sahələrinə hücum planlaşdırırdı. Küveytin “Əl-Jarida” qəzetinin məlumatına görə, İsrailin Kəşfiyyat İdarəsi olan Mossad, Azərbaycan vasitəsilə “İranın nüvə sənədlərini” uğurla ələ keçirməyə müvəffəq olub.[7] İranın həm Azərbaycan, həm də İsrail üçün ümumi bir təhlükə olduğunu nəzərə alsaq, Mossad ilə hərbi kəşfiyyat sahəsində genişlənən əməkdaşlıq, qarşıdakı illərdə İsrailin regional siyasətinin tərkib hissəsi sayılır.
İsrailə dəstək siyasəti: Azərbaycanın Vaşinqtondakı silahı
On ildən çoxdur ki, Azərbaycan və İsrail arasında gözəl dostluq münasibətləri yaşanır. Eyni zamanda, Azərbaycan İsrail dövlətinə dəstəyi möhkəmləndirən bir neçə müsəlman ölkələrindən birinə çevrilib. Bir çox ərəb və müsəlman ölkələrinə qarşı çıxan Azərbaycan heç vaxt İsraillə sıx əlaqələrini zəiflətməyə və ya gizlətməyə çalışmayıb, əksinə, Vaşinqtonda öz mövqeyini möhkəmləndirmək üçün istifadə etdiyini açıq şəkildə bəyan edib. Azərbaycanın İsrailə və yerli yəhudi icmalarına qarşı olan dost münasibəti, onun Vaşinqtondakı nüfuzunu əhəmiyyətli dərəcədə artırıb.
Müsəlman dövlətləri və İsrail arasında dialoq və təşəbbüsün fəal iştirakçısı olan, nyu-yorklu ravvin Mark Şeynerin sözlərinə görə, “Azərbaycan, əsasən ölkənin İsrailə verdiyi böyük dəstək sayəsində, Amerika-yəhudi rəhbərliyinin sevimlilərindən birinə çevrilib”.[8] Amerika-yəhudi təşkilatlarının həmişə güclü lobbisi və mövcud ABŞ hökuməti ilə sıx əlaqələri olub. Çünki, Amerikanın Böyük Yəhudi Təşkilatlarının Başçılarının Konfransı və ABŞ-ın Sionist Təşkilatları kimi mühafizəkar yəhudi qrupları, prezident Tramp ilə çox yaxşı yola gedirlər. Azərbaycanın ABŞ səfirliyinin “Trump International Hotel”də 200 nəfərə yaxın insanın, əsasən, güclü yəhudi icmasının üzvlərinin iştirak etdiyi Hannuka bayramını təşkil etməsini əlamətdar bir hadisə adlandırmaq olar.[9] Yəhudi-Amerika cəmiyyətinin liderlərinin fikrincə, Azərbaycan, daha geniş müsəlman dünyasına nümunə göstərdi ki, İsrail ilə güclü əlaqələrin qeyd edilməsi, şübhəsiz ki, Amerika konqresinin hörmət və dəstəyinə gətirib çıxaran amillərdən biridir.
Bundan əlavə, Bakıda dövlət rəsmilərinin yəhudi evangelistlərinə dəstək verməsi, Azərbaycanın bu gün Amerikanın ən nüfuzlu dini və siyasi qruplarından birinə daxil olmasına imkan verir. Xatırladaq ki, prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasındakı çıxışından öncə, İsrail tərəfdarları olan pastorlar ilə görüşüb ki, bu da Azərbaycanın maraqları naminə, Amerika-Yəhudi Lobbisinin əhəmiyyətini bir daha vurğulayır.
“Əla münasibətlər və səmimi dostluq” və erməni lobbisinin İsraildə fiaskosu
2016-cı ilin dekabrında Azərbaycana səfəri ərzində baş nazir Netanyahu dövlətlər arasında ikitərəfli əlaqələri “əla münasibətlər və səmimi dostluq” adlandırmışdır. Həqiqətən, Azərbaycan-İsrail münasibətləri, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, uzun müddət əvvəl formalaşmış “yaxınlıq” mərhələsini keçib və yaxın dostluq, hətta qardaşlıq səviyyəsinə qədər yüksəlib. Bundan sonra kənd təsərrüfatı, təhsil və turizm kimi sahələrdə də ikitərəfli əməkdaşlıq fəal surətdə inkişaf edir. Məsələn, 2018-ci il ərzində İsraildən gələn turistlərin sayının 50.000 nəfərə çatacağı gözlənilir.[10]
Bu möhkəm bağlantının fonunda, Azərbaycan-İsrail münasibətləri, düşmən Ermənistanın yaratdığı böhrana da səbəb oldu. Uzun müddət, erməni rəsmiləri və lobbiçi aktivistləri Azərbaycan-İsrail əlaqələrini pozmağa cəhd göstəriblər. Yaxın Şərq regionunda təcrid olunma qorxusu, bu hərəkətlərin arxasında duran əsas aparıcı amil sayıla bilər. Bu siyasət, İsraildə bu il erməni lobbisinin son dərəcə fəal təzyiqləri nəticəsində, İsrail və Azərbaycan arasında hərbi əməkdaşlıqda “problemlərin” olması ilə bağlı İsrailin bəzi media mərkəzləri tərəfindən yalan məlumatların yayılması ilə, öz pik səviyyəsinə çatdı.[11] Lakin, bu saxtakarlıq dalğasının qarşısı tezliklə yatırıldı. Belə ki, Ermənistanın özünü iki tərəfdaş ölkənin qarşılıqlı düşməni olan İranın müttəfiqi kimi göstərməsi heç kimə sirr deyil.
Müzakirələr və təhlillər
Azərbaycanın mövqeyini əvvəlcədən ənənəvi adlandırmaq olar. Trampın bəyanatından sonra, rəsmi Bakı, fələstinlilərin öz dövlətlərinə malik olma hüququnu, habelə dost müsəlman xalqları ilə birlikdə, Şərqi Qüdsün fələstinlilərin layiqli paytaxtı kimi tanıyıb. Eyni zamanda, Ermənistanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı BMT qətnamələrini yerinə yetirmədiyini nəzərə alsaq, Azərbaycan, İsrailin Fələstin torpaqları ilə bağlı BMT qətnamələrini yerinə yetirməsini də mübahisələndirir ki, bu da, Azərbaycanın tam məntiqli və ədalətli yanaşmasıdır.
Buna baxmayaraq, fövqəladə İƏT toplantısının gedişatında, prezident İlham Əliyev qonşu və müttəfiq Türkiyədən fərqli olaraq, İsrailə qarşı ünvanlanan hər hansı sərt bəyanat söyləməkdən çəkinib. Qətnamələrin yerinə yetirilməsi ilə bağlı çağırışlara baxmayaraq, rəsmi Bakı, Tel-Əviv ilə dostluq əlaqələrini pozmaq niyyətində deyil. Bundan əlavə, müsəlman dövlətləri, Ermənistan ilə olduqca isti diplomatik əlaqələr qürublar və bu baxımdan, Azərbaycanın qınaq obyektinə çevrilməsi, ikili standartlardan başqa bir şey deyil. Azərbaycan hər zaman bəzi dövlətlər tərəfindən irəli sürülən “İsrail sionist bir cəmiyyətdir” şüarına qarşı çıxıb və faktiki olaraq, rəsmi Bakı həmişə yəhudi xalqının öz dövlətinə sahib olmasına haqq qazandırıb.[12]
Əlbəttə ki, İsrail daha çox realist dövlətdir və kiçik Cənubi Qafqaz dövlətinin bir sıra müsəlman dövlətlərin, xüsusilə də müttəfiqi olan Türkiyənin iradəsinə qarşı hərəkət etməsini gözləyə bilməz. Həmçinin, İsrail, onu dövlət kimi tanıyan ilk müsəlman ölkələrindən biri olduğunu da unutmamalıdır. Hər iki dövlət, cari əməkdaşlıq səviyyəsindən, digər sözlə, İsrailin silah təchiz etməsindən və Azərbaycanın İsrailin neft tələbatının təxminən yarısını (bu isə böyük rəqəmdir) təmin etməsindən məmnun olmalıdır.
İki tərəf arasında son dərəcə əlverişli ticarət şəraitlərinə əlavə olaraq, İsrail, İrana qarşı status-kvonu dəstəkləyən əməkdaşlığa görə, Azərbaycanı öz dostları siyahısında saxlayacaq və Azərbaycan, öz növbəsində, dost yəhudi icmaları vasitəsilə Vaşinqtondakı əlaqələrini möhkəmləndirmək üçün, İsrail dövləti üçün bütün dəstək vasitələrindən istifadə edəcəkdir.
Nəticə
Son zamanlar, qonşu dövlətlərin son dərəcə aktiv təzyiqləri səbəbindən, Azərbaycan-İsrail münasibətlərində müəyyən dərəcədə çətin dövr yaşanır. Trampın bəyanatları, Azərbaycanın aktiv üzv olduğu İƏT iclasında Ərdoğanın İsrailə qarşı sərt addımların atılması ilə bağlı çağırışı, Ermənistanın ikitərəfli əlaqələrə qarşı təxribat cəhdləri, regionun bəzi düşmən dövlətləri tərəfindən münasibətlərin pisləşməsi prosesi kimi nəzərdən keçirilən yeni vəziyyətlərdir. Buna baxmayaraq, bütün sahələrdə ikitərəfli əlaqələr eyni inkişaf templərini davam etdirəcək və bu, hər iki millətə regional və beynəlxalq səviyyədə uğurlar gətirəcəkdir. Birincisi, hər iki dövlətin, geniş siyasi perspektivdə bir-biri ilə sıx əməkdaşlığa ehtiyacı var. İkincisi, bu bağlantıların təməli təkcə ticarət və təhlükəsizlik məsələlərində qarşılıqlı maraqlara deyil, həm də Yəhudi-Azərbaycan dostluğunun uzunillik ənənələrinə söykənir.
Bibliografiya:
Azernews, Number of Israeli Tourists visiting Azerbaijan to triple, May 3, 2018, retrieved at: https://www.azernews.az/nation/131410.html
EAD, Azerbaijan will not spoil relations with Israel over Jerusalem: Opinion, December 19, 2017, retrieved at: https://eadaily.com/en/news/2017/12/19/azerbaijan-will-not-spoil-relations-with-israel-over-jerusalem-opinion
Haaretz, As Tensions With Iran Mount, Officials From Neighbouring Azerbaijan visit Israel, September 13, 2018, retrieved at: https://www.haaretz.com/israel-news/.premium-iran-tensions-azerbaijan-officials-visit-israel-1.6112935
Haaretz, How pro-Israel Jews Became Azerbaijan’s Secret Weapon in Washington, April 29, 2018, retrieved at: https://www.haaretz.com/us-news/.premium-how-pro-israel-jews-became-azerbaijan-s-secret-weapon-in-washington-1.6033307
Lenk, Arthur (April 7, 2007). “15th Anniversary of Israel-Azebraijan Diplomatic Relations” (PDF). Ministry of Foreign Affairs of Israel. Retrieved 2008-03-21.
Middle East Monitor, When Israel starts Looking like Azerbaijan, There’s a Problem, August 18, 2018, retrieved at: https://www.middleeastmonitor.com/20180818-when-israel-starts-looking-like-azerbaijan-theres-a-problem/
The Jerusalem Post, Why did Israel Choose Azerbaijan?, September 7, 2017, retrieved at: https://www.jpost.com/Blogs/News-from-Arye-Gut/Why-did-Israel-choose-Azerbaijan-504474
[1] EAD, Azerbaijan will not spoil relations with Israel over Jerusalem: Opinion, December 19, 2017, retrieved at: https://eadaily.com/en/news/2017/12/19/azerbaijan-will-not-spoil-relations-with-israel-over-jerusalem-opinion
[2] Lenk, Arthur (April 7, 2007). “15th Anniversary of Israel-Azebraijan Diplomatic Relations” (PDF). Ministry of Foreign Affairs of Israel. Retrieved 2008-03-21.
[3] Middle East Monitor, When Israel starts Looking like Azerbaijan, There’s a Problem, August 18, 2018, retrieved at: https://www.middleeastmonitor.com/20180818-when-israel-starts-looking-like-azerbaijan-theres-a-problem/
[4] Eyni mənbə
[5] Haaretz, As Tensions With Iran Mount, Officials From Neighbouring Azerbaijan visit Israel, September 13, 2018, retrieved at: https://www.haaretz.com/israel-news/.premium-iran-tensions-azerbaijan-officials-visit-israel-1.
[6] When Israel starts Looking like Azerbaijan, There’s a Problem, August 18, 2018
[7] As Tensions With Iran Mount, Officials From Neighbouring Azerbaijan visit Israel, September 13, 2018
[8] Haaretz, How pro-Israel Jews Became Azerbaijan’s Secret Weapon in Washington, April 29, 2018, retrieved at: https://www.haaretz.com/us-news/.premium-how-pro-israel-jews-became-azerbaijan-s-secret-weapon-in-washington-1.6033307
[9] Eyni mənbə
[10] Azernews, Number of Israeli Tourists visiting Azerbaijan to triple, May 3, 2018, retrieved at: https://www.azernews.az/nation/131410.html
[11] The Jerusalem Post, Why did Israel Choose Azerbaijan?, September 7, 2017, retrieved at: https://www.jpost.com/Blogs/News-from-Arye-Gut/Why-did-Israel-choose-Azerbaijan-504474
[12] Azerbaijan will not spoil relations with Israel over Jerusalem: Opinion, December 19, 2017