Hindistanın kənd təsərrüfatında yaşanan dəyişikliklər və qlobal buğda tədarükünə mümkün təsirləri
UNEC Tədqiqat Fondu
Kənd təsərrüfatı sahəsində əsas əmtəə məhsullarının (commodity goods) istehsalı, o cümlədən qlobal bazarlara ixracında Hindistan önəmli ölkələrdən biri olaraq qalmaqdadır. İllərlə Hindistan hökuməti tərəfindən kənd təsərrüfatı sektoruna dəstək məqsədi ilə geniş sahəni əhatə edən tədbirlər həyata keçirilsə də, son iki onillikdə kənd təsərrüfatının ölkənin ÜDM-də payı 23%-dən 16%-a enib [1]. Hindistanın Kənd Təsərrüfatı Nazirliyinin göstərişləri əsasında qanunverici orqan tərəfindən qəbul olunan qanunlarla (Farmers’ Produce Trade and Commerce (Promotion and Facilitation) Act, Essential Commodities (Amendment) Bill, Farmers (Empowerment and Protection) Agreement on Price Assurance and Farm Services Act, 2020) aqrar sahənin liberallaşdırılması, dövlət fəaliyyətinin (qiymət mexanizminin ləğvi) minimuma endirilməsi və özəl aqrobiznes subyektlərinin iştirakının genişləndirilməsi nəzərdə tutulur. Hökumət yeni dəyişikliklərlə fermerlərin gəlirlərini artırmaq, iri biznes korporativlərinə daha böyük rol tanımaq və beləliklə kənd təsərrüfatında təchizat zəncirini (supply chain) yenidən dizayn etməyi düşünür. Lakin qəbul edilmiş yeni qanunlar aşağıdakı səbəblərdən aqrar sektorda çalışan yüz minlərlə insanın etirazı ilə müşahidə olunur:
- Kənd təsərrüfatının liberallaşdırılmasını nəzərdə tutan dəyişikliklərlə 1960-cı ildən etibarən Hindistanda fermerlərin dəstəklənməsi məqsədi ilə 23 əmtəə məhsuluna tətbiq edilən Minimum Dəstək Dəyərinin (Minimum Support Price) ləğv edilməsi nəzərdə tutulur. Qeyd edək ki, Hindistanda yerli fermerlərin pərakəndə satış şirkətləri tərəfindən istismar olunmasının və qiymətlərin süni şəkildə qaldırılmasının qarşısını almaq məqsədi ilə dövlət tərəfindən Kənd Təsərrüfatı Məhsulları üzrə Bazar Komitəsi (Agricultural Produce Market Committee) adlı qurum yaradılıb. Nəticədə, kənd təsərrüfatı məhsullarının ilk satış əməliyyatları məhz bu qurumun nəzarəti altında ona məxsus bazarlarda həyata keçirilirdi. Məhz, adı çəkilən komitənin mühüm iqtisadi alətlərindən biri hesab olunan Minimum Dəstək Dəyəri, bazar qiymətləri aşağıya enəcəyi halda hökumətin fermerlərdən malı alacağına söz verdiyi qiymətdir və Hindistanda kənd təsərrüfatının dayanıqlılığını təmin etmək (eləcə də yerli istehsalda yarancaq defisiti aradan qaldırmaq) baxımından olduqca önəmlidir. Sistemin ləğv edilməsi və ya dəyişikliklərə əsasən dövlət nəzarətindən kənarda yeni müstəqil bazarların formalaşması, milyonlarla fermerin məhsullarını iri aqrobiznes korporasiyalarının diqtə etdiyi bazar qiymətləri ilə satmasına səbəb ola bilər.
- Yeni qanunvericilik fermerlə bağlanan müqavilənin hər hansı aqro korporasiya tərəfindən pozulduğu halda fermerin məhkəməyə müraciət edərək hüququnu bərpa etməsini qadağan edir. Eyni zamanda dəyişikliklərlə iri şirkətlər tərəfindən qiymətlərin süni şəkildə qaldırılmasının qarşısını almaq məqsədi ilə taxılın stoklanmasına tətbiq edilən məhdudiyyətlərin ləğv edilməsi planlaşdırılır [2].
- Dövlət tərəfindən tənzimlənən bazar şəbəkəsinin ləğv edilərək böyük aqrobizneslərin iştirak edəcəyi tam rəqabət bazarının yaranması, kiçik həcmli həssas fermer təsərrüfatlarının tədricən ortadan qalxmasına və ya özəl şirkətlərin nəzarətinə keçməsinə səbəb ola bilər. Statistikaya əsasən, Hindistanda əmək qabiliyyətli əhalinin 41%-i kənd təsərrüfatında çalışır [3] və ölkədə fəaliyyət göstərən ümumi fermer təsərrüfatlarının (2016-2017-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin araşdırmasına əsasən sayının 146,7 milyon olduğu bildirilir) 86%-i 1 hektardan az sahəyə malikdir [4]. Həmçinin ölkədə ümumi kənd əhalisinin 70%-i yaşayışını təmin etmək üçün kənd təsərrüfatından asılı vəziyyətdədir [5]. Hindistanın Kənd Təsərrüfatı Nazirliyinin 2017-ci ildə yayımladığı hesabata əsasən ölkədəki fermerlərin 22,5 %-i rəsmi yoxsulluq həddinin altında yaşayır [6]. Yuxarıda qeyd edilənlər Hindistanın kənd təsərrüfatı zəncirində kiçik fermerlərin aparıcı rol oynadığını göstərir, lakin tətbiq ediləcək liberal iqtisadi siyasət fəlakətli nəticələrə səbəb ola bilər.
Sağ təmayüllü Hindistan Xalq Partiyasının lideri və hazırda ölkənin baş naziri Narenda Modinin rəhbərlik etdiyi hökumət ənənəvi kənd təsərrüfatı ekosistemini dəyişmək məqsədi ilə liberal islahatlar apararaq aqrar sektorda transformasiya həyata keçirməyi planlaşdırır. Lakin atılan addımlar nəticəsində nəhəng aqrobizneslərin bazarda güclənməsi kiçik fermerlərin müflisləşməsinə, hətta gələcəkdə torpaqlarının itirilməsinə səbəb ola bilər. Qeyd edək ki, Hindistanın mövcud qanunvericiliyinə əsasən kiçik fermer təsərrüfatlarını qorumaq məqsədi ilə yerli və xarici korporativ torpaq mülkiyyətinə, o cümlədən torpaq sahələrinin fermer olmayanlara satılmasına qarşı dövlət tərəfindən məhdudiyyətlər tətbiq edilir. Lakin aparılan liberal iqtisadi siyasət nəticəsində aqrar sektorda güclənəcək biznes korporasiyaları hökumətə müdaxilə edərək torpaq satışı ilə bağlı qanunvericiliyin dəyişdirilməsinə nail ola bilər. Kiçik fermer təsərrüfatlarının sadalanan məsələlərlə bağlı ciddi etirazları nəticəsində hazırda yuxarıda adı çəkilən qanunların tətbiqi Hindistan Ali Məhkəməsi tərəfindən cari ilin əvvəlindən etibarən müvəqqəti olaraq dayandırılıb.
Qrafik 1. Hindistanda 2010-2020-ci illərdə buğda istehsalı, istehlakı və ixracı (milyon ton).
Mənbə: Statistik məlumatlar ABŞ Kənd Təsərrüfatı Departamentinin Xarici Kənd Təsərrüfatı Xidmətinin (U.S. Department of Agriculture / Foreign Agriculture Service) hesabatlarından götürülüb.
ABŞ Kənd Təsərrüfatı Departamentinin Xarici Kənd Təsərrüfatı Xidməti tərəfindən (U.S. Department of Agriculture / Foreign Agriculture Service) Hindistan haqda hazırlanan hesabata əsasən, 2021-ci ildə buğda istehsalının tarixi maksimuma (107,8 milyon ton) çatdırılacağı, ixracın isə 4,5 dəfə (2700 milyon ton) artırılacağı proqnoz edilir [7]. Lakin qanun layihələrinin fermerlərin etirazlarına rəğmən yenidən tətbiqinə başlanacağı təqdirdə böyük sosial itaətsizliyin baş verməsi istisna edilmir. Məlumat üçün qeyd edək ki, Hindistan fermerlərinin yarısından çoxu iqtisadi çətinliklərdən dolayı borc öhdəliyi ilə üz-üzədir və 2018-2019-cu illər ərzində 20 638 nəfər fermer məhz bu səbəbdən intihar edib [8]. Hökumətə qarşı olan siyasi partiyalar, sol ideologiyaya məxsus təşkilatlar və fermerlərin birgə mübarizəyə başlaması, ölkənin buğda təchizatını təhlükə altına qoya bilər. Bunun əsas səbəblərindən biri də etiraz aksiyalarının əsasən Hindistanın buğda istehsalında lider olan Uttar Pradeş, Punjab və Haryana (2018-ci ilin statistikasına əsasən ölkədə buğda istehsalının təxminən 66 %-i bu regionlara məxsusdur [9]) regionlarında baş verməsidir. Belə olan halda dünyanın əhali sayına və istehlak etdiyi ümumi buğda miqdarına görə (Avropa İttifaqından sonra) ikinci ölkəsi olan Hindistanın idxaldan kəskin asılılığının yaranması dünya bazarlarında buğda qiymətlərinin qalxmasına səbəb olacaq. Həmçinin qlobal iqlim dəyişikliyi və Hindistanın uzun illər boyu üzləşəcəyi proqnozlaşdırılan su problemi kənd təsərrüfatı məhsullarının istehsalına mənfi təsir göstərəcək. Qeyd edək ki, Hindistan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, iqlim dəyişikliyi ilə bağlı vaxtında effektiv addımların atılmayacağı təqdirdə, 2050-ci ilədək buğda istehsalının həcmi 6-23% aralığında azalacaq [10]. Sadalanan faktlar nəzərə alındıqda yaxın gələcəkdə qlobal bazarlarda buğdaya tələbatın artması (Hindistanda istehsalın azalması fonunda) və buna uyğun olaraq qiymətlərdə yüksəliş baş verə bilər ki, bu da buğda idxalından asılı ölkələr üçün müəyyən risklər yaradır.
Nəticə
Hindistan hökumətinin ölkənin ənənəvi kənd təsərrüfatı sisteminin transformasiyasını hədəfləyən yeni qanunvericilik aktlarını həyata keçirməsi yalnız mövcud sistemin strukturlarını zəiflətmir, həm də Hindistanın siyasi stabilliyinə birmənalı olaraq mənfi təsir göstərir. Bu fonda Hindistanda baş verən proseslər həm də ənənəvi kənd təsərrüfatı münasibətlərinin hökm sürdüyü ölkələr üçün nəticə çıxarıla biləcək nümunə ölkə rolu oynayır.
İstifadə edilmiş ədəbiyyat
[1] Grain and Feed update – 2021 // April 29, 2021 // https://apps.fas.usda.gov/newgainapi/api/Report/DownloadReportByFileName?fileName=Grain%20and%20Feed%20Update_New%20Delhi_India_04-29-2021.pdf
[2] Indian parliament passes agriculture bills amid protest // September 20, 2020 // https://www.dw.com/en/indian-parliament-passes-agriculture-bills-amid-protest/a-54994653
[3] Indian production of Wheat // http://agriexchange.apeda.gov.in/india%20production/India_Productions.aspx?cat=Agri&hscode=1013
[4] Climate Change Harming Agriculture, India’s Wheat Production Could Fall By 23% : Ministry // January 4 2019 // https://thewire.in/agriculture/climate-change-agricultural-decline
[5] Why India’s Farmers Won’t Stop Protesting // December 18, 2020 // https://foreignpolicy.com/2020/12/18/india-farmers-wont-stop-protesting/
[6] India’s farm laws are a global problem // February 19, 2021 // https://www.brookings.edu/opinions/indias-farm-laws-are-a-global-problem/
[7] India’s Farmers Will Benefit From Reforms // March 3, 2021 // https://www.foreignaffairs.com/articles/india/2021-03-03/indias-farmers-will-benefit-reforms
[8] Understanding the new farm laws and farmer protests in India // January 24, 2021 // https://thefederal.com/opinion/understanding-the-new-farm-laws-and-farmer-protests-in-india/
[9] India at glance // FAO in India // http://www.fao.org/india/fao-in-india/india-at-a-glance/en/
[10] Report of Committee on Doubling Farmer’s Income // November 2017 // https://agricoop.gov.in/sites/default/files/DFI%20Volume%206.pdf