Müasir diplomatiyada media təsir aləti kimi (Azərbaycan-İran münasibətləri nümunəsində)
Elnur Nəciyev
Giriş
Bugün bu mövzunun öyrənilməsi böyük aktuallıq kəsb edir, çünki medianın rolu və təsiri dayanmadan artmaqdadır. XX əsrin əvvəllərində dünyanın altıncı qüdrətli dövləti və ya dördüncü hakimiyyət ünvanını (qanunverici, icraedici və məhkəmə) daşıyan medianın bu qüdrətindən XXI əsrin əvvəllərində də nəsə əksilməyib. Siyasi və iqtisadi obyekt olan media müasir diplomatiyada həm siyasət, həm də iqtisadiyyat üzərində nəzarətçi kütləvi təbliğat vasitəsidir. O həm də, ictimai rəyi həyəcana gətirən, formalaşdıran və istədiyi istiqamətdə yönləndirə bilən bir gücdür. Məqalədə Azərbaycan-İran münasibətləri fonunda bu güc şərh edilmiş, müasir diplomatiyada təsir aləti kimi həm mətbuatın, həm də sosial medianın roluna xüsusi diqqət yetirilmişdir.
Azərbaycan mediası Azərbaycan-İran münasibətlərinə “necə baxır?”
Müstəqilliyimizi bərpa etdiyimiz ilk illərdə Azərbaycanda çapdan çıxan mətbu orqanlarında müsbət istiqamətdə təsvir olunurdu. Hətta Azərbaycanda 1992-ci ildə baş verən hakimiyyət dəyişikliyi şəraitində İran-Azərbaycan münasibətlərinə toxunan “Xalq” qəzetinin 19 mart, 1992-ci ilin 56-cı sayında Qarabağ münaqişəsinin həlli yolları barədə İranın vasitəçiliyindən də söhbət açılırdı. 26 aprel 1993-cü ildə yeni Xudafərin körpüsünün, Bakı ilə Naxçıvanı İran vasitəsi ilə birləşdirən yolun açılmasına dair mətbuatda öz əksini tapan xəbərlər tərəflərarası münasibətlərdəki daha çox müsbət məqamlara diqqəti yönəldirdi. Reallıqda isə İran “Azərbaycan bir olsun”, “Təbriz paytaxt olsun” kimi şüarların altında yatan mənadan ehtiyat edirdi. Digər tərəfdən də 1992-1993-cü illərdə hakimiyyətdə olmuş Ə.Elçibəyin İranla bağlı görüşləri Azərbaycan xalqının İrandan ayrılması, öz müstəqil dövlətini qurması və daha sonra da şimaldakı Azərbaycan ilə danışıqlar aparıb Bütöv Azərbaycan dövlətini yaratmaq yönündə idi. 1993-cü ildən Azərbaycanda hakimiyyət dəyişikliyi ilə mediada da İrana münasibətdə daha yumşaq mövqe nümayiş etdirilməyə başlandı. Çünki Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə gələndən sonra qonşu ölkə ilə yaratdığı əməkdaşlıq modelini bütün ölkə miqyasında reallaşdırmağa çalışmışdı və bu işdə medianın xidmətlərindən də geniş şəkildə istifadə etmişdir. O Azərbaycan mətbuatındakı İranla bağlı fikir fərqliliklərinə isə belə münasibət bildirirdi: “Burada müxalifətdəkilərdən kimsə qəzetdə nəsə yazırsa, ona diqqət yetirməyin. Mən bir-iki dəfə səfirə demişəm ki, biri var dövlətin siyasəti, biri də var müxalifət mətbuatı və müxalifətin fikirləri.” (Heydər Əliyevin İİR ilə əlaqədar baxışları. Bakı: Çaşıoğlu. 2004, s.14). 2003-cü ildə İlham Əliyevin Azərbaycan prezidenti seçilməsindən sonra da Azərbaycan mediasında İrana baxışda Heydər Əliyevin qoyduğu xətt “Vətən müharibəsi” başlanana və “Zəngəzur dəhlizi” məsələsi ortaya çıxana qədər qorunub saxlanıldı. Təbii ki mediada 2020-ci ilə qədər İranla bağlı eniş və düşüşlər yaşandı. Məsələn, 2012-ci ilin avqust ayında “Gərginləşən İran-Azərbaycan münasibətləri: Səbəblər və çıxış yolları” adlı hesabat ictimaiyyətə təqdim edildi (https://qafqazinfo.az/news/detai /iran-azerbaycan-munasibetleri-ile-bagli-hesabat-21-sehife-22645). Maraqlıdır ki, bu hesabat Almaniyanın “Fridrix Ebert” Fondunun sifarişi əsasında hazırlanmışdı. Burada bir sıra məqamlara toxunulurdu: “Tehran Azərbaycanın Qərblə yaxınlaşmasını, İsraildən silah almasını tənqid edir; İranın şəhərlərində Azərbaycan əleyhinə konfranslar və sərgilər təşkil olunur; İranın “Səhər” dövlət televiziya kanalı 24 saat ərzində Azərbaycan əleyhinə xəbərlər və verilişlər yayımlayır; son iki ildə iki ölkə arasında qarşılıqlı notaların sayı 10-a çatmaq üzrədir və s.” Bütün bu məsələlərin və onlara hesabatda verilən şərhin fonunda belə bir mənzərə yaranırdı ki, Azərbaycan İranla münasibətlərləri “Dağlıq-Qarabağ” məsələsi həll olmadan gərginləşdirmək istəmirdi. Çünki hesabata da nəzər salanda da görürük ki, İranın Azərbaycana qarşı siyasətinə cavab olaraq təklif edilən çıxış yollarının heç biri növbəti illərdə reallaşdırılmadı.
2020-ci ilin 27 sentyabr tarixində başlayan 44 günlük “Vətən müharibəsi” Azərbaycan-İran münasibətlərində tamamilə yeni baxış ortaya qoydu. Hələ 8 sentyabr 2020-ci il tarixində belə bir yazı yayımlandı: “İran kimin daha çox dostudur: Azərbaycanın, yoxsa Ermənistanın?” (https://report.az/analitika/yerevan-tehrana-niye-yardim-etmir/). Bu yazıda “Dağlıq Qarabağa sərmayə qoyan 80 İran şirkətinin adları”nın açıqlanması kimi məlumatlara yer verilməsi tərəflərarası münasibətlərin hansı məcraya yönəldiyini açıq şəkildə nümayiş etdirir. Bununla belə ümumən Vətən müharibəsinin gedişində Azərbaycan mediasında yayımlanan xəbərlərdə isə bir qədər sakitləşdirici tendensiya da hiss olunurdu. Hətta 23 oktyabr 2020-ci ildə yayımlanan “Sərhədə nəzarət” (https://report.az/analitika/serhede-nezaret-emekdasliga-ne-ved-edir/ ) adlı məqalədə Azərbaycanın İranla dövlət sərhədinin uzun illərdir nəzarətsiz qalmış 132 km-inin işğalçılardan təmizlənməsi sadəcə Azərbaycan üçün deyil, İran üçün də müsbət hal kimi təqdim olunur. Fikir verin, məqalədə qeyd olunur ki, İrana doğru işğal edilmiş ərazilərdən uzanan “qara əllər” və “qara yollar” kəsilib. Bu o anlama gəlir ki, Azərbaycan-İran əlaqələrinə kompleks şəkildə baxmaq üçün artıq hər hansı bir əngəl yoxdur. Mediamız qarşı tərəfin də Vətən müharibəsinin gedişindəki həmlələrini yaxından izləyirdi. 28 oktyabrda yayımlanan “İran Azərbaycanla sərhəddə qoşun yığır” (https://www.bakupost.az/iran-azerbaycanla-serhedde-qosun-yigir-neden-qorxur) başlıqlı məqalədə “Mehri dəhlizi”nə nəzarət məsələsi ön plana çıxır. İran məhz bu məqamı Qarabağ düyününün çözülməsi ilə daha çox diqqətə almağa başlayırdı. Hətta İrandan Ermənistana gedən 670 “Kamaz”ın əslində hərbi yük daşıması ictimailəşdiriləndən sonra (https://axar.az/news/siyaset/503067.html) İran hökuməti geri addım atmalı oldu. Çünki bu məsələ Azərbaycanın güneyində də etirazlara səbəb olmuşdu.
Bununla belə bəzi məqamlar Vətən müharibəsi bitəndən sonra artıq daha rahat şəkildə ictimailəşdirildi. Məsələn, “İran Azərbaycan ordusunun məlumatlarını Ermənistana ötürüb və bu ölkəyə silah və yanacaq verib” xəbərləri mediada yayılmaya başlandı. Təbii ki, bu xəbərlər rəsmi Tehran səviyyəsində təkzib edildi. Hətta bu barədə İran səfirliyi 1 mart 2021-ci ildə məlumat yaydı və bu məlumat mediamızda da tirajlandı (https://modern.az/az/news/280085). Bir müddət sonra “İranın Qarabağdakı çirkin əməlləri faş olur – Ermənidən betər çıxdılar” kimi xəbər yayımlandı (https://news.milli.az/politics/987888.html). Xüsusilə də məqalədə cənab prezidentin “30 il ərzində Ermənistan İranla əlbir olaraq işğal altında olan ərazilərdən Avropaya narkotrafik məqsədilə istifadə edib” sözlərinə diqqət yönəldilirdi. 12 sentyabrda Azərbaycan polisinin Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində qurulan postunda İrana məxsus yük maşınlarının yoxlanılması ilə başlanan bu eniş 2022-ci ildə daha da dərinləşdi.
Azərbaycan hökumətinin 2023-cü ilin yanvarında İsrailə ilk səfirini təyin etməsi İranla münasibətləri daha da gərginləşdirdi. 27 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinə terror hücumu oldu. Mediada bu məsələ ən yüksək səviyyədə işıqlandırıldı. Hətta rəsmi “Azərbaycan” qəzetində İran əleyhinə çox sərt mövqe ortaya qoyan “Çəkilin yolumuzdan, terrorçular!” (https://www.azerbaijan-news.az/az/posts/detail/cekilin-yolumuzdan-terrorcular-1675120045) başlıqlı yazı yayımlandı. Hətta “İran-Azərbaycan gərginliyi: müharibə olacaq?” (https://www.youtube.com/watch?v=T6CRBlY9txE), “İran və Azərbaycan orduları üz-üzə: kim daha güclüdür?” (https://www.youtube.com/watch?v=tN3g0Um4MMc) kimi xəbərlər yayımlandı. Görəsən niyə Azərbaycan-İran münasibətləri “Vətən müharibəsi”ndən sonra ildənilə gərginləşdi? Bugünkü gündə Qarabağ məsələsini həll etmiş Azərbaycanın qarşısında yeni təhdid media vasitəsi ilə qərbin təsiri ilə İranın simasında önə sürülür.
İran mediasına görə Azərbaycan-İran münasibətləri inkişafdan enişə doğru
İranda media dövlətin ciddi nəzarətindədir və maliyyələşdirilməsi dövlət tərəfindən həyata keçirilir. Hətta İrandakı KİV-lərin əksəriyyətinə siyasətçilər rəhbərlik edir və ölkədə özəl KİV mövcud deyil. İran davamlı olaraq Azərbaycana qarşı “yumşaq müharibə” aparır və Azərbaycan ictimai mühitinə nüfuz etməyə çalışır. Antiazərbaycan təbliğatından ötrü İran dövləti tərəfindən yaradılmış və Tehrandan yayımlanan “Səhər” TV, Azəri radiosu, Təbrizdə yerləşən “Aran” agentliyinin məlumatlarını qeyd edə bilərik. Bu media orqanlarında əsasən “Azərbaycanın keçmiş İran torpaqları” olması, “Azərbaycanda dindarların təqib edilməsi”, “dini azadlığın məhdudlaşdırılması”, “milli azlıqların hüquqlarının pozulması”, Azərbaycan iqtidarının ABŞ və İsrailin “təsiri altında” olması və s. bu kimi mövzular müzakirə mövzusunu təşkil edir (https://aak.gov.az/upload/dissertasion/siya/siya_ n_rkf_28_03_14.pdf). Lakin demək olmaz ki, İran mediasının Azərbaycan-İran münasibətlərinə təsiri yalnız mənfi formada olmuşdur. Bu münasibətlər “balanslı xarakter” daşımışdır.
İran-Azərbaycan münasibətlərinin İran mediasında necə öz əksini tapmasına mərhələli şəkildə nəzər salmazdan öncə 2020-ci ildə İranda Şəhid Beheşti Universiteti tərəfindən çap olunan məqaləyə (https://piaj.sbu.ac.ir/article_99903_e5a532ca5f9b4eed7cc086b7c2ac00a5.pdf) nəzər salaq. Bu analitik yazıda ən mühüm məqam İran mətbuatında müzakirə mövzusu olan bütün məsələlərin bir-bir təhlil olunmasıdır. Tərəflərarası münasibətlərə təsir edən amillərə nəzər salan iranlı siyasi şərhçilər ənənəvi İran mövqeyini sərgiləyərək həm Ermənistanın İran üçün, həm İranın Ermənistan üçün siyasi, strateji əhəmiyyətini və bu dövlətlə münasibətlərin hər zaman yüksək səviyyədə inkişaf etməsini qeyd edirlər. Tərəflərarası münasibətlərdə bir digər amil kimi Xəzərin statusuna toxunulur. İran mediasına görə tərəflərarası müasibətlərdə bir digər mühüm problem Ə.Elçibəy dövründə qaldırılan “Bütöv Azərbaycan” iddialarıdır. Digər məqam isə Azərbaycanın ABŞ və İsraillə münasibətlərinin İranla münasibətlərə mənfi təsir göstərməsinin dini zəmində qabardılmasıdır. Hətta məqalədə əsas problemlərdən biri tərəflərası münasibətlərdəki ideoloji fərqliliklə izah edilir. Bir başqa məqam kimi Azərbaycanın şiə əhalisinə qarşı İranın təbliğatına və fəaliyyətinə öz suverenliyinə təhdid olaraq görməsi qeyd olunur. Bu istiqamətdə İran lehinə “Səhər”, “Səhər 2” kanallarının, “Səda-ye İslam” qəzetlərinin fəaliyyəti də tərəflərarası münasibətlərdə əsas problem olaraq göstərilir. İran mediasında önə çıxan bir başqa məsələ tərəflərin bir-birini cəsusluq fəaliyyətlərində ittiham etməsidir. Bütün bu cəhətləri təhlil edən müəllif belə qənaətə gəlir ki, tərəflərarası münasibətləri bərpa etmək və arzuolunan formada inkişaf etdirmək üçün tərəflərin bir-birinin daxili işinə qarışmaması ilkin şərtdir. Azərbaycanla dini sahədə münasibətləri gərginləşdirmək əvəzinə İran tərəfi Azərbaycan bazarlarında rus və türk investorlarla rəqabətə girməli, sülhü, stabilliyi və təhlükəsizliyi qoruyub saxlamalıdır. Tərəflərarası ticarət və enerji sahəsində qurulan əməkdaşlıqlardan maksimum istifadə edilməlidir. Nəhayət məqalədə vurğulan sonuncu ən mühüm məqam İranın İsrail-Azərbaycan münasibətlərinə dözümlülük nümayiş etdirməsinin daha məqsədəuyğun olacağıdır. Yəni Azərbaycan-İsrail müasibətləri İran tərəfdə qərəz doğurmamalıdır.
Azərbaycan-İran münasibətlərində sadalanan bu qədər amillər fonunda indi də İran mətbuatında yayımlanan bəzi məqalələrə diqqət yetirək. Məsələn, 1994-cü ildə Xameneinin irsini qorunmasına xidmət edən rəsmi vebsaytda İran-Azərbaycan münasibətləri şərh olunur və ermənilərin Azərbaycan torpağını işğal etməsi, bu işğalda Ermənistan hökumətinin günahkar olması vurğulanır. Digər tərəfdən də İsrail-Azərbaycan münasibətləri fonunda İsrailin müsəlman ölkələr arasındakı münasibətlərə xələl gətirməsi qeyd edilir (https://farsi.khamenei.ir/news-content?id=11233). 2013-cü ilin aprel ayında isə İran mətbuatında Azərbaycanın İrana referendum yolu ilə birləşməsindən söz açılır. İranın rəsmi nümayəndəsi – Brucerdi isə Azərbaycanı bəzi məsələlərdə diqqətli olmağa çağırıb və təhdid dolu xəbərdarlıqlar etməklə ciddi ittihamlar səsləndirib (https://modern.az/az/news/36870). 2017-ci ildə İran mediasında “Azərbaycan Respublikası ilə İsrail arasında münasibətlərin bütün səbəbləri İranla bağlı deyil” (https://www.khabaronline.ir/news/646623/کالجی-تمامی-دلایل-روابط-جمهوری-آذربایجان-و-اسرائیل-به-ایران-مرتبط) başlıqlı maraqlı bir məqalə yayımlandı. Bu məqalədə ən çox diqqəti çəkən məqam daha öncə Cənub Qaz Dəhlizi ilə bağlı məqaləmizdə də toxunduğumuz kimi (https://www.unectf.org/2875/) İranlı analitik də İran qazının Azərbaycan vasitəsi ilə Avropaya nəqli imkanlarına toxunur. Bu zaman o əsas mübahisəli məqam kimi İranla Azərbaycan arasında qazın ixrac qiymətində ortaq məxrəcə gəlinməməsini göstərir. Əslində buradakı məqam Azərbaycanın İsrail və Qərblə münasibətləri ilə bağlıdır. O səbəbdən də Azərbaycanla bağlı İran mediasında yayılan hər iki xəbərdən biri Azərbaycanın İsrail və ABŞ yanlısı olması ilə bağlıdır. Hətta bəzi hallarda mediada bu münasibətlər şərh edilərkən daha da irəli gedilir. Məsələn, 2018-ci ildə İranın https://www.mashreghnews.ir saytında “Azərbaycan və İsrail arasında İrana qarşı münasibətlərin təfərrüatlarının ifşası” adlı məqalə yayımlandı. Birbaşa Azərbaycanın daxili işlərinə müdaxilə edildiyi bu məqalədə Azərbaycan-İsrail münasibətləri, Azərbaycanda baş verən Nardaran hadisələri geniş ölçüdə şərh edilir və Azərbaycanın mövqeyi sərt şəkildə tənqid edilir (https://www.mashreghnews.ir/news/1020154/افشای-جزئیات-روابط-آذربایجان-و-اسرائیل-علیه-ایران-نقش-آذربایجان). Yaxud da Azərbaycan mətbuatında olduğu kimi səfirliyə terror hücumu hadisəsindən sonra tərəflərarası münasibətlərə dair İran mediasında da tərəflərarası hərbi toqquşmanın mümkün olub-olmaması gündəmə gətirildi və birmənalı olaraq bu proqnozun reallığı əks etdirməməsi qənaətinə gəlindi (http://irdiplomacy.ir/fa/news/2019555/برخورد-نظامی-ایران-و-آذربایجان-را-چقدر-باید-جدی-گرفت- ).
16 iyul 2023-cü ildə İranda “İran-Azərbaycan əlaqələrinin təhlili və iki ölkə arasında gərginliyin yaranmasına xarici amillərin təsiri” adlı görüşün nəticələrinə həsr olunmuş məqalə (https://www.ettelaat.com/mobile/archives/323617) yayımlandı. Bu məqalədə İranın Bakıdakı keçmiş səfiri Ə.Cudi və İranın keçmiş səfiri M.Pakayinin iştirakı ilə keçirilən görüşdə “Azərbaycan bizim üçün bir fürsətdir, amma təəssüf ki, təhlükəyə çevirmişik!” Necə? Bu barədə görüşün sonunda çox aydın cavab verilir: “Bu gün bir neçə media qrupu İran və Azərbaycan arasında münasibətləri korlamağa çalışır: İranda da bəzən istifadə olunan saxta xəbərlərlə sionist rejim mediası və Ermənistan mediası”. Bugün İran mediasında Azərbaycan İran münasibətlərində eynilə Azərbaycan mediasında olduğu kimi bəzi hallarda tamam fərqli ola bilir. Buna səbəb də sözsüz ki böyük dövlətlərin media siyasətidir. 2023-cü il 16 iyul tarixindəki görüşdə səsləndirildiyi kimi media iki dövlət arasındakı münasibətlərə yön vermək üçün ən yaxşı təsir alətidir. Bu alət iki dövlət tərəfindən nə qədər düzgün istifadə olunsa o qədər də problemləri rahat və dialoqlar yolu ilə həll etmək mümkün olar.
Azərbaycan-İran münasibətləri qərb mediasından necə görünür?
Son illərdə Qərb mediasında Azərbaycan-İran münasibətlərinə çoxsaylı analitik məqalələr həsr edilməkdədir. Belə məqalələrdən biri olan B.Şafferin müəllifi olduğu məqalədə Azərbaycan-İran münasibətləri 1991-ci ildən 2023-cü ilə qədər izlənilir (https://www.cacianalyst.org/publications/analytical-articles/item/13754-president-aliyev-“relations-between-azerbaijan-and-iran-are-at-the-lowest-level-ever”.html). Məqalədə “İran Azərbaycanın müstəqilliyini qazanmasını öz azərbaycanlı icması baxımından təhdid olaraq gördüyünə görə 1992-1994-cü illərdə məhz Ermənistana dəstək vermişdir”, deyə qeyd olunur. Məqalədə hətta açıq və qəti şəkildə 44 günlük II Qarabağ müharibəsi zamanı İranın Ermənistana dəstək verməsi, Rusiya ilə Ermənistan arasında silah təchizatında vasitəçilik etməsi barədə məlumat verilir. Bir başqa maraqlı məqam isə məqalədə İranın məhz İsrail-Azərbaycan münasibətlərinə görə öz müsəlman qonşusuna qarşı düşmən mövqe sərgiləməsinin təkzib edilməsidir. Məqalədə 2001-ci ildə İranın Xəzər dənizində BP tədqiqat gəmisini təhdid etməsi, 2012-ci ildə Bakıda ABŞ səfirinə, yəhudi məktəbinə və digər yəhudi icmalarına qarşı İranın sui-qəsdinin önlənməsi, Azərbaycanda islami qruplaşmalarla gizli əlaqələr qurması, Hüseyniyun dəstəsini maliyyələdirməsi kimi məsələlər də qabardılır. İranın “əməlləri”nin bunlarla yekunlaşmadığı və “daha da böyük xidmətlərinin olması” da məqalədə qeyd olunur: İranın Vətən müharibəsi gedişində Azərbaycan ordusunun işğaldan azad edilmiş İranla Azərbaycanın sərhədləri boyu əngəllər yaratması, ermənilərə müxtəlif formalarda dəstək verməsi; müharibə başa çatandan sonra isə Ermənistana dəstək məqsədi ilə Qafan şəhərində konsulluğunu açması; Zəngəzur dəhlizinin əleyhinə çıxması, hətta Vətən müharibəsinin gedişində Azərbaycan sərhədlərini pozması və nəhayətində İrandakı Azərbaycan səfirliyinə qarşı terror aktı. B.Şafferə görə son terror aktı ilə İran birbaşa olaraq Azərbaycanı hədəf aldı, lakin Azərbaycan hökuməti bunu düzgün anladı və hətta İranın terorizmi dəstəkləyən ölkə olmasını açıq şəkildə bəyan etdi.
Qərb mediasında yayımlanmış araşdırma xarakterli bir digər yazı C.Froynda aiddir (https://www.caspianpolicy.org/research/security-and-politics-program-spp/azerbaijan-iran-relations-deteriorate-amid-shifting-world-dynamics). Bu məqalədə də İran daha çox ittihamçı kürsüsündə əyləşdirilir. İrana qarşı Qarabağda 2020-ci ilə qədər Ermənistanla narkotik ticarətinin mövcud olması, İrana qarşı sərt mövqeyi ilə fərqlənən Millət vəkili Fazil Mustafaya sui-qəsddə barmağının olması, Azərbaycan səfirliyinə İrandakı terror aktı kimi ittihamlar ünvanlandırılır. Tərəflər arasındakı gərginləşən münasibətlərdə qazanan tərəfin Azərbaycan olacağı, İranla pisləşən əlaqələrin İsraildə Azərbaycan səfirliyinin açılması ilə daha da inkişaf edən məcraya yönələcəyi qəti şəkildə qeyd olunur. Bunun da ABŞ-ın Azərbaycana münasibətdə təhlükəsizlik siyasətinin güclənəcəyi nəticəsini çıxarmağa imkan verməsi vurğulanır.
Son olaraq Vaşinqton İnstitutunun əməkdaşları müəllifi olduğu məqaləyə (https://www.washingtoninstitute.org/policy-analysis/irans-tensions-azerbaijan-point-broader-shifts-south-caucasus ) diqqət yetirək. Bu məqalədə ilk olaraq Azərbaycanın İranla sərhədlərinin təhlükəsizliyini tam təmin etməsinə diqqət çəkilir. Çünki Azərbaycanın azad etdiyi ərazilərə İranla sərhədi boyunca yerləşən ərazilərlə yanaşı İranı Ermənistanla birləşdirən əsas magistralın bir hissəsi də daxildir. Bu yol üzərində Azərbaycanın nəzarəti və İran yük maşınlarına vergi tətbiq edilməyə başlanması Tehranı qəzəbləndirən ilkin səbəblərdən biri kimi məqalədə qeyd olunur. Çünki, Vətən müharibəsinə qədər İran bu “qara yol”dan pulsuz və “istədiyi kimi” istifadə edirdi. Məqalədə qeyd olunan digər bir məsələ yüksələn xətt üzrə inkişaf edən İsrail Azərbaycan əlaqələridir. Xüsusilə də 2023-cü ilin martın 26-da Azərbaycanın İsraildəki ilk səfirinin etimadnaməsini Prezident İ.Herzoqa təqdim etməsi indiyə qədər Azərbaycanın İrana İsraillə bağlı etdiyi “güzəştin vaxtının bitdiyini” göstərdi. Bu səbəbdən də İran hərbi təyyarəsi xəbərdarlıq etmədən Azərbaycan-İran ümumi sərhədi boyunca manevr də etdi. Azərbaycan İsrail əlaqələrindəki dəyişiklik məqalədə regionda Rusiya və İranın müəyyən etməyə çalışdığı regional tarazlığın pozulması kimi təqdim edilir. İlkin əsas kimi Naxçıvanı blokadadan çıxartmaq üçün Azərbaycanın həllini çalışdığı Zəngəzur dəhlizi göstərilir. Nəzərə alaq ki, Zəngəzur İranın Ermənistana çıxması üçün yeganə quru çıxış yoludur. Məqalədəki bir digər mühüm məqam İran azərbaycanlıları ilə bağlıdır. Xüsusilə cənab prezidentin “İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik” fikrinə istinadən İran-Azərbaycan münasibətlərindəki gərginlik dərinləşdirilir. Məqalənin sonunda müəlliflər tövsiyə edir ki, ABŞ üçün Dağlıq Qarabağda Rusiya qüvvələri əvəzinə BMT sülhməramlılarının yerləşdirilməsinə dəstək verilməsi əlverişli ola bilər. Lakin bu real görünmür, çünki müəlliflərin də etiraf etdiyi kimi “Rusiya Qafqazda iki əsrdən çoxdur ki, möhkəm hərbi gücə sahibdir”.
İki dövlət arasındakı münasibətlərə medianın təsiri və nə etməli?
Hər iki tərəfdən dövlətlərarası münasibətlərə medianın təsiri çox kəskin şəkildə hiss olunur. Çünki istər Azərbaycanda, istərsə də İranda bugün böyük dövlətlərin maraqlarına xidmət edən media mövcuddur və bunun qarşısını almaq mümkün deyil. Bəs nə etməli? İlk növbədə İran-Azərbaycan münasibətlərindəki problemləri təhlil edib həll yolları təklif etmək üçün analitik təhlil mərkəzi yaradılmalıdır. Hər iki tərəfin analitiklərini birləşdirən bu mərkəz mövcud problemlərə dair baxışlarını və təklif edilən həll yollarını özündə əks etdirən hesabatları Azərbaycan və İran hökumətinə təqdim edə bilər. Bu problemlər aşağıdakı məsələləri əhatə edə bilər: dövlətlərin bir-birinin daxili işlərinə qarışması ətrafında problemlər; dini zəmində yaranan problemlər; Güney azərbaycanlıların durumu; Azərbaycanın İsrail və ABŞ-la münasibətlərinin İranla münasibətlərə təsiri; Ermənistan-İran münasibətlərinin Azərbaycanla münasibətlərə təsiri. Hazırlanmış hesabatlar əsasında Azərbaycan və İran tərəfi rəsmi şəkildə müzakirələr aparıb hər iki tərəf üçün daha əlverişli nəticələr əldə edə bilər.