DÜNYA BANKININ AZƏRBAYCANDA KƏND TƏSƏRRÜFATININ İNKİŞAFINA TƏSİR İMKANLARI.
Zeynallı Latif Vidadi
Doktorant, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
GİRİŞ
Dünya Maliyyə İnstitutları inkişaf etməkdə olan ölkələrdə iqtisadi və sosial inkişaf fəaliyyətləri üçün maliyyə dəstəyi, peşəkar məsləhətlər verən, beynəlxalq iqtisadi əməkdaşlıq və sabitliyin inkişaf etdirilməsinə yardım edən təşkilatlardır. Dünya Maliyyə İnstitutlarının fəaliyyətinin prioritet hissəsi, xüsusilə inkişaf etməkdə olan ölkələrin borclarının aradan qaldırılması, qlobal məsələlərin həll olunması və yoxsulluğun azaldılması istiqamətində əhəmiyyətli layihə və proqramlara dəstək olmaqla, dünya miqyasında həyat səviyyəsinin inkişafına və savadlılığa həsr olunur. Respublikamızda da bir sıra iri layihələrin həyata keçirilməsi üçün Dünya Maliyyə İnstitutları ilə əməkdaşlıq aparılır. Azərbaycanın aldığı xarici kreditlərin donorları sırasında ilk yer dünyada iqtisadi inkişaf məqsədlərinə xidmət edən ən böyük donor təşkilatlarından olan Dünya Bankının payına düşür. Sonrakı yerlər isə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Asiya İnkişaf Bankı, AYİB (Avropa Yenidənqurma və İnkişaf Bankı), İslam İnkişaf Bankı və digər beynəlxalq maliyyə qurumları arasında bölüşdürülüb.
Şəkil.1
2016-ci il üzrə kredit sazişlərinin donorlar üzrə strukturu (mln.ABŞ dolları)
Mənbə: http://unec.edu.az/application/uploads/2016/07/Mirz-liyeva-G-nel-.pdf
Dünya Maliyyə İnstitutlarının əsas tərkib hissəsi olan və bugünki dövrdə qlobal gücə çevrilən Dünya Bankı həm birləşdirici, həm də donor kimi fəaliyyət göstərir və inkişaf etməkdə olan ölkələrə tamamlayıcı fəaliyyət üçün borc verəndir. Dünya Bankı dünyanın hər yerində sabit inkişaf, davamlı və ədalətli yolda inkişaf etmək üçün hər bir inkişaf etməkdə olan ölkəyə kömək etmək üçün maliyyə resurslarını, yüksək ixtisaslı kadrlarını və geniş məlumat bazasını istifadə edir. Dünya Bankı inkişaf etməkdə olan ölkələr üçün geniş inkişaf proqramları təqdim etsə də, bəzi proqramlar xüsusilə, yoxsul ölkələr üçün nəzərdə tutulmuşdur. Dünya Bankının Şərqi və Mərkəzi Avropa üzrə hesabatında qeyd olunur ki, 2015-ci ildə kənd təsərrüfatı sahəsindəki 4,4 faiz yüksəlişin 38 faizi bu sahədə çalışan ölkə əhalisinin gəlirlərini qoruyub saxlamağa səbəb olub. Dünya Bankının ölkəmizlə bağlı verdiyi proqnozlara görə kənd təsərrüfatında 2016-cı ildə 4,2%, 2017 və 2018-ci illərdə isə hər il 4% olmaqla yüksəlişin gözlənildiyi vurğulanmışdır. Hətta proqnoza görə, Azərbaycan bu sahədə inkişafda Qafqaz ölkələri arasında birinci yerdə olacaq. Bu proqnozları nəzərə alsaq, Dünya Bankının Azərbaycanda kənd təsərrüfatının inkişafında təsir imkanlarını və həyata keçirilən layihələrin effektivliyini araşdırmaq prioritet hesab olunur.
ÜMUMİ BAXIŞ
Dünya Bankı 25 ildir ki, ölkəmizlə də sıx əməkdaşlıq edir. Dünya Bankı ilə tərəfdaşlıq ərzində ölkəmizə 50 layihə çərçivəsində qoyulan investisiyaların ümumi məbləği 3,5 milyard dollardan artıq olmuşdur. Bu layihələr dövlət sektorunun idarəçiliyi, səhiyyə və təhsil sistemlərindən tutmuş maliyyə və infrastruktur kimi müxtəlif sektorları əhatə edir. Dünya Bankı ilə əməkdaşlığımız, birgə strategiya olan Ölkə Tərəfdaşlıq Çərçivəsi üzərində qurulmuşdur. Hal-hazırda Ölkə Tərəfdaşlıq Çərçivəsi 2015-2020-ci illəri əhatə edir və Azərbaycanın davamlı, inkluziv və özəl sektorun liderlik etdiyi iqtisadi inkişafını dəstəkləmək məqsədi daşıyır. Ümumilikdə Dünya Bankı ilə Azərbaycan arasında olan 25 illik tərəfdaşlıq çərçivəsində aşağıdakı tədbirlər həyata keçirilmişdir:[4]
Cədvəl.1
Dünya Bankı ilə Azərbaycan arasında olan 25 illik tərəfdaşlığın keçid dövrü.
Həyat keçirilən tədbirlər | Görülən işlər |
Təhsil sisteminin müasirləşdirilməsi |
•160000 müəllim təlim keşmiş; •Yeni tədris proqramı və metodları hazırlanmış; • Qiymətləndirmə meyarları və dərsliklər təkmilləşdirilmiş; •İmtahanlar və tələbələrin qiymətləndirilməsi daha açıq və şəffafdır. |
Məcburi köçkünlərin iqtisadi imkanlarının yaxşılaşdırılması |
910 infrastruktur mikrolayihə maliyyələşdirilmişdir: • 1520 km yol inşa/bərpa edilmiş; • 388 km elektrik xətti çəkilmiş; • 370 km su xətti çəkilmiş; • 213 yaşayış binası bərpa edilmiş; • 160 məktəb binası təmir olunmuş; • 12 km qazxəttiçəkilmişdir. |
Səhiyyə islahatlarının dəstəklənməsi |
• Şəki və Ağdaşda 100 çarpayılıq 2 yeni xəstəxana inşa edilmiş; • 4 kənd xəstəxanası təmir olunmuş; • 8 ilkin tibbi yardım müəssisəsi təmir olunmuş; • Şəkidə perinatal mərkəz təmir olunmuş; • Bakı və Şəkidə 2 təlim mərkəzi bərpa olunmuş; • 7000 -dən çox səhiyyə işçisi müxtəlif təlim kursları keçmişdir. |
Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması |
Əmək bazarinin dəstəklənməsi: • 245 peşə standartı qəbul olunmuş; • 200 müvafiq təlim standartı hazırlanmış; • 63 kvalifikasiya standartı formalaşdırılmış; • 43 yeni modul təlim proqramı hazırlanmış; • 3 yeni modul təlim mərkəzi formalaşdırılmış; • 4 regional məşğulluq mərkəzi yaradılmışdır |
Nəqliyyat sektorunun müasirləşdirilməsi |
Nəqliyyat sektoruna 1,8 milyard dollardan artıq investisiya yatırılmışdır. Şərq-qərb dəhlizinin təkmilləşdirilməsi: • 500 km-dən artıq dəmiryolu xətti əvəzlənmiş; • Tranzit vaxtı 2016-cı ildə 18 saata qədər azalmış; • 12 yeni elektrik enerjisi yarımstansiyası tikilmiş ; • 20 stansiya və onlarla dəmiryolu keçidi yeni işarvermə avadanlıqları ilə təmin edilmiş. Magistral yolların müasirləşdirilməsi: • 455 km uzunluğunda müasir magistral yolu bərpa olunmuş; • 170 km uzunluğunda birləşdirici kənd yolu bərpa olunmuş; • Bir sıra iri körpü və yol qovşaqları yenidən qurulmuşdur. |
Dövlət sektorunun müasirləşdirilməsi və institusional potensialin gücləndirilməsi |
•Yol aktivlərinin idarə olunması, yol təhlükəsizliyi və istismarı təkmilləşdirilmiş; • Su təchizatı və çirkab suaların idarə olunması sahəsində Avropa standartları tətbiq olunmuş; • 99 büdcə təşkilatında maliyyə hesabatları və mühasibalıq sistemlərinin müasirləşdirilməsi; • Əmlakın reyestri üçün tələb olunan günlərin sayı 12 günə, prosedurların sayı 3-ə qədər azalmış, vətəndaşlar üçün bu sahədə 18 elektron xidmət növü yaradılmış ; • Ədliyyə sistemi müasirləşdirilmişdir. |
Kənd təsərrüfatı, suvarma və drenaj şəbəkələri, o cümlədən kənd yerləri infrastrukturunun inkişaf etdirilməsi |
• 150 000 hektardan artq ərazidə suvarma şəbəkəsi bərpa olunmuş; • Hər hektar üçün məhsuldarlıq 23 faiz artmış; • Hər hektar üçün fermerlərin gəlirləri 100-240 manata yüksəlmiş; • Kiçik fermerlərə 85 milyon manat dəyərində kredit ayrılmış; • Orta ölçülü aqrobiznesə 30 milyon manat dəyərində kredit ayrılmış; • Bərpa olunan icma infrastrukturunun 90 faizindən çoxu işləkdir. |
Ətraf mühitlə bağlı çağırışların ünvanlanması |
• Təhlükəli Tullantılar Poliqonu tikilmiş; • Azərbaycanda nərə balığı kürüsünün istehsalı potensialının bərpası üçün yeni balıqartırma zavodu inşa edilmiş; • ARDNŞ-nin ətraf mühit üzrə korporativ öhdəlikləri artırılmış; • Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmış; • Bakıda ən iri bərk məişət tullantıları ərazisi sanitar poliqona çevrilmiş ; • Bərk məişət tullantıları sahəsində yeni institusional struktur (Təmiz Şəhər ASC) formalaşdırılmışdır. |
Hökumətin maliyyə və özəl sektorları ilə bağlı islahatlarının dəstəklənməsi |
• Kapital Bazarları haqqında Qanun qəbul edilmiş; • Qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə yeni baza qəbul olunmuş və tətbiq olunmuş; • Kapital bazarları üzrə yeni vahid informasiya sistemi qurulmuş; • Yeni listinq prosedurları hazırlanmış; • Kapital bazarları ilə bağlı məlumatlılığın artırılması üçün ölkə səviyyəsində tədris proqramı həyata keçirilmişdir |
Azərbaycanda mədəni irsin dəstəklənməsi |
•Bakıda Şirvanşahlar Sarayı, Şəkidə Xan Sarayı, Naxçıvanda Qarabağlar və Möminə Xatun Türbəsi bərpa edilmiş; • Şimal-Qərb Dəhlizində Turizmin İnkişafı Strategiyası hazırlanmışdır. |
Enerji sektoruna investisiyaların yatırılması |
•ARDNF-nin yaradılmasına dəstək verilmiş;
•Elektrik enerjisinin istehsalı və ötürülməsi gücləndirilmişdir; •TANAP Azərbaycanın enerji ixrac bazarlarını şaxələndirəcək. |
Beynəlxalq Maliyyə Korporasiyası vasitəsilə özəl sektorun dəstəklənməsi | • Ölkəyə 473 milyon dollar məbləğində investisiya;
• BTC boru kəmərinə 250 milyon dollar dəyərində investisiya; • Ticarətə 80 milyon dollar məbləğində dəstək; • 56 uzun müddətli layihə maliyyələşdirilmişdir. |
Mənbə: http://www.worldbank.org/en/country/azerbaijan əldə olunan məlumatlar əsasında müəllif tərəfindən hazırlanmışdır.
Dünya Bankının Azərbaycanda kənd təsərrüfatı, suvarma və drenaj şəbəkələri, o cümlədən kənd yerləri infrastrukturunun inkişaf etdirilməsi məqsədilə həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Bildiyimiz kimi, kənd təsərrüfatı ölkənin strateji sektorlarından biri olmaqla, əhalinin ərzaq təminatına olan ehtiyacını ödəyir. Sözsüz ki, ayrılan bu kreditlər kənd təsərrüfatının inkişaf etdirilməsinə istiqamətlənmişdir. Ümumilikdə, Dünya Bankı bazar iqtisadiyyatına keçid üzrə islahat proqramlarının həyata keçirilməsi, makroiqtisadi stabitləşdirmə və neft gəlirlərinin idarə edilməsi, qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə yardım, infrastrukturun bərpa edilməsi (su, irriqasiya, avtomobil yolları), təhsil və səhiyyə, enerji sektoruna investisiyaların cəlb edilməsi sahəsində tədbirlər, dövlət sektorunda islahatlar, kənd təssərrüfatında və qeyri-neft sektorunda artım, həmçinin, yeni iş yerlərinin açılması sahələrində Azərbaycana yardım göstərir. Azərbaycanda həyata keçirilməkdə olan 2016-2020-ci illəri əhatə edən Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində Dünya Bankı ilə əməkdaşlıq davam etdirilməkdədir. Ölkə Tərəfdaşlıq Strategiyası Azərbaycan Hökuməti tərəfindən müəyyən olunmuş ehtiyac və prioritetlərə əsaslanan tərəfdaşlıq planını özündə əks etdirir. Dünya Bankı ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə əlaqədar həyata keçirilən bir sıra iri layihələri də maliyyələşdirmişdir. Bu nöqteyi-nəzərdən, Dünya Bankının Azərbaycanda kənd təsərrüfatı sahəsində həyata keçirdiyi layihələrə, onlara ayrılan kreditlərin dəyərinə nəzər yetirə bilərik:
Cədvəl. 2
Dünya Bankının dəstəyi ilə Azərbaycanda Kənd Təsərrüfatı sahəsində həyata keçirilən layihələr
Layihənin adı |
Layihənin ümumi dəyəri (milyon, ABŞ dolları) |
Layihənin maliyyə mənbələri |
Layihənin müddəti |
|
Dünya Bankı (milyon, ABŞ dolları) | Azərbaycan Respublikası Höküməti və digər təşkilatlar (milyon, ABŞ dolları) | |||
Təsərrüfatların özəlləşdirilməsi Layihəsi |
28.8 |
14.7 |
14.1 |
1997-2003 |
Kənd təsərrüfatının inkişafı və kreditləşməsi layihəsi |
33.7 |
30 |
3.7 |
1999-2006 |
Kənd İnvestisiya Layihəsi | 21.1 | 15 | 6.1 | 2004-2012 |
2-ci Kənd təsərrüfatının inkişafı və kreditləşməsi layihəsi |
57.7 |
29.2 |
28.5 |
2006-2012 |
Kənd İnvestisiya Layihəsi Əlavə Maliyyələşmə |
25.56 |
15 |
10.56 |
2008-2013 |
2-ci Azərbaycan Kənd İnvestisiya Layihəsi |
53.6 |
30 |
23.6 |
2012-2018 |
Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi |
53.25 |
34.5 |
18.75 |
2013-2020 |
2-ci Azərbaycan Kənd İnvestisiya Layihəsinə Əlavə Maliyyələşmə |
50 |
50 |
– |
2014 – |
Mənbə: http://projects.worldbank.org/search məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.
Cədvəldən də göründüyü kimi, Dünya Bankı Azərbaycanda kənd təsərrüfatı sahəsində ümumilikdə dəyəri 323,71 milyon dollar olan 8 layihənin həyata keçirilməsində 218,4 milyon dollar miqdarında maliyyə yardımı ayırmışdır. Bu göstərici isə layihələrin ümümi dəyərinin 67.5%-i təşkil edir. Artıq bunlardan 6 layihənin əhatə müddəti bitmişdir. Hal-hazırda Kənd Təsərrüfatı Nazirliyi Dünya Bankı ilə birlikdə üç iri layihə həyata keçirməkdədir. Bunlardan birincisi icrası 2012-ci ildə başlanmış “2-ci Azərbaycan Kənd İnvestisiya Layihəsi”, ikincisi icrası 2013-cü ildə başlanmış “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” və üçüncüsü isə icrası 2014-cü ildə başlamış “2-ci Azərbaycan Kənd İnvestisiya Layihəsinə Əlavə Maliyyələşmə” layihələridir. Müddəti bitmiş layihələrin Azərbaycanda kənd təsərrüfatının inkişafı tempinə hansı səviyyədə təsir göstərməsi diqqəti cəlb edir. İlkin olaraq, müddəti bitmiş 6 layihənin əhatə etdiyi dövrlərdə kənd təsərrüfatınıın inkişaf dinamikasına diqqət yetirsək məqsədəuyğun olar. 2008-ci ildə baş vermiş ümumdünya maliyyə- iqtisadi böhranı özünü dünyanın bir çox iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin iqtisadi göstəricilərində büruzə verdiyini və sonradan qlobal formaya keçdiyini nəzərə alsaq, bu illər ərzində həyata keçirilən layihələrin ölkəmiz üçün hansı dəyişikliklərə səbəb olması maraq doğurur. Son illərdə ölkəmizdə kənd təsərrüfatı müəssisələrinin ümumi sayı 2008-ci ildən 666 vahid və gəlirlə işləyənlərin sayı 2008-ci ilə nisbətdə 27.7% azalmış, zərərlə işləyən müəssisələrin və ümumi zərərin məbləği isə qeyri-stabil hərəkətdə olmuşdur.[1] Xüsusilə, 2015-ci ildə bütün göstəricilər üzrə kəskin azalma baş verməsi müşahidə olunur. Bunun da əsas səbəbi 2015-ci ildə ölkədə inflyasiya səviyyəsinin yüksək olması ilə bağlıdır. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2015-ci ildə orta illik inflyasiya 4% təşkil etmişdir. Bununla yanaşı, müvafiq bitkiçilik 2008-ci ilə nəzərən 5.9 dəfə, heyvandırlıq isə 1.7 dəfəyə qədər artmışdır. Müvafiq olaraq, satışdan pul gəliri 2.4 dəfə, kənd təsərrüfatının ümumi məhsulu üzrə göstərici isə 154% artıma nail olmuşdur.
ANALİZ
Azərbaycan iqtisadiyyatının sürətli inkişafı bir-biri ilə əlaqəli olan iki arzuolunmaz xüsusiyyət ilə xarakterizə olunur. İlk xüsusiyyət dövlət büdcəsinin və neftlə işləyən müəssisələrin fəaliyyətindən və müvafiq gəlirlərindən böyük asılılıqdır. İkinci amil Azərbaycanın çox zəif istehsal məhsuludur – iqtisadi fəaliyyət əsasən kənd təsərrüfatı müəssisələrinə, yerli əhəmiyyətli daxili ticarətə və nisbətən zəif xidmət göstəricilərinə əsaslanan sahələrdir. Dövlət büdcəsi xüsusilə, neft sektorunun sürətli inkişafı nəticəsində əldə olunan gəlirlər hesabına formalaşır. Neft sənayesinin inkişafı ölkənin regionlarında qeyri-neft sektoru və iqtisadi inkişaf üçün böyük potensial yaratsa da, davamlı iqtisadi inkişafın təmin edilməsi və inkişaf perspektivləri ilə bağlı paytaxt şəhəri və bölgələr arasındakı kəskin fərqlərin mövcudluğu, istehsal sahələri və xidmət sektorunun inkişafında ləngimələr müşahidə olunur.[3] Dünya Bankının və digər beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının rəqabətliliyin artırılmasının ölkənin davamlı inkişafı üçün çox vacib olduğu vurğulanır. Kənd təsərrüfatının əlavə dəyəri daha yüksək olan məhsulların istehsalına və daha iri kommersiyalaşmaya keçməsinin zəruriliyini göstərir. Qeyd edək ki, kənd təsərrüfatında 2016-cı il üzrə istehsal olunan ÜDM-un həcmi 2015-ci ilə nəzərən 0,3 faiz artaraq 3369.5 milyon manat olmuşdur. Buna baxmayaraq, 2015-ci ildə respublikamızda ÜDM-də kənd təsərrüfatının payı 6.2% olduğu halda, 2016-cı ildə bu rəqəm 5.6 % təşkil etmişdir. 2016-cı ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5632,4 milyon manat olmuşdur. 2016-ci ildə 2986.9 min tona taxıl istehsal olunmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,19% çoxdur. Bundan başqa, 2016-ci ildə sahələrdən 902,4 min ton və ya əvvəlki ilə nisbətən 7,5 faiz çox kartof, 894,4 ton və ya 154 faiz çox pambıq, 312,6 ton və ya 70 faiz çox şəkər çuğunduru, 1015,7 ton və ya 75,4 faiz çox yaşıl çay yarpağı, həmçinin, 1270,6 min ton və ya 0,4 faiz az tərəvəz, 464,8 min ton və ya 4,1 faiz az bostan məhsulları, 882,8 min ton və ya 0,7 faiz az meyvə və giləmeyvə, 136,5 min ton və ya 13,0 faiz az üzüm yığılmışdır. Digər tərəfdən, 2016-ci il ərzində ölkədə diri çəkidə 302,2 min ton ət, 2009,9 min ton süd, 16,6 min ton yun və 1609,8 milyon ədəd yumurta istehsal edilmişdir. 2015-ci illə müqayisədə 2016-ci ildə ət istehsalında 1,4 faiz, süd istehsalında 4,4 faiz, yumurta istehsalında 3,72 faiz artım, yun istehsalında isə 2,0 faiz azalma qeydə alınmışdır. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələri üzrə əsas kapitala yönəldilmiş investisiyanın həcmi 2016-cı ildə 325,1 milyon manat təşkil etmişdir ki, bu isə 2015-ci ilə nisbətdə 8 faiz aşağı göstəricidir. Məşğul əhalinin iqtisadi fəaliyyət növləri üzrə bölgüsü baxımından 2016-cı ildə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 1729,6 min və ya əvvəlki illə müqayisədə 1,8 faiz çox nəfər çalışmışdır. Onu da qeyd edək ki, bu göstərici ümumi məşğul əhalinin 36,3 faizini təşkil etmişdir. Kənd təsərrüfatı məhsullarının ixracına gəlincə isə meyvə-tərəvəz məhsulları ixracı 2015-ci ildə 157,8 milyon dollar olmuşdur. 2016-cı ilin yanvar-iyun aylarında 204,7 milyon dollar həcmində kənd təsərrüfatı məhsulları ixrac olunmuşdur. Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 33,5 faiz artmışdır. Azərbaycanın kənd təsərrüfatı ixracında meyvə mühüm paya sahib olan məhsullardandır. Qarşıdakı müddətdə kənd təsərrüfatı istehsalının inkişafı istiqamətində stimullaşdırma tədbirləri həyata keçirilməklə yanaşı, məhsuldarlığın artırılması da əsas məqsədlərdən olmalıdır. Burada bir nüansı da qeyd edək ki, Azərbaycan ixracında özünəməxsus yeri olan fındıq və xurmanın (karalyok) məhsuldarlığı dünya üzrə orta məhsuldarlığa yaxındır və ya ondan çoxdur. Məhsuldarlıq göstəricilərinin yüksəlməsi isə birbaşa ixrac məhsullarımızın rəqabətqabliyyətinə təsir edəcəkdir.
NƏTİCƏ
Dünya Bankının dəstək olduğu layihələrin qarşısında duran əsas məqsədləri nəzərə alsaq, 2005-2015-ci illər ərzində Azərbaycan Kənd İnvestisya Layihəsi və Əlavə Maliyyələşdirmə çərçivəsində 1176 icma layihəsi həyata keçirilmişdir ki, bura 654 yol, 174 içməli su, 71 elektrik, 30 məktəb, 43 suvarma, 63 tibb məntəqəsi, 51 drenaj, 74 abadlaşdırma və 2 piyada körpüsü, 8 uşaq bağçası və 6 pilot gəlir gətirən layihələri daxildir. Ümumilikdə götürsək, respublikamızda kənd təsərrüfatının inkişafını ləngidən amillər mövcuddur. Kənd təsərrüfatı məhsullarının həm istehsalı, həm emalı, həm də ticarəti mərhələlərində yaradılan əlavə dəyərin yüksəldilməsi üçün mövcud imkanlardan zəif istifadə olunması, aqrar siyasətdə təklifyönümlülüyün (istehsal) tələbyönümlülükdən (bazar) daha üstün olması və ümumilikdə bu siyasətin “dəyər zənciri” yanaşması əsasında təkmilləşdirilməsinə ehtiyac olması, emal sənayesi müəssisələrinin fəaliyyətinin yerli xammal mənbələrinə əsaslanmasının kifayət qədər yüksək olmaması kənd təsərrüfatı sektorunun dinamik inkişafına maneə olan amillərdən sayılır. Respublikamızda daxili bazarda idxalı əvəzləyən zəruri ərzaq məhsullarının xüsusi çəkisinin artırılması, ərzaq ehtiyatlarının yaradılması və qida təhlükəsizliyinin gücləndirilməsi, rəqabət üstünlüyü olan kənd təsərrüfatı məhsullarının regional və sahəvi inkişafı, kənd təsərrüfatı məhsulları istehsalçılarının istehsal vasitələrinə, informasiya-məsləhət xidmətinə, daxili və xarici bazarlara çıxışının asanlaşdırılması, kənd təsərrüfatında fermer tərəfdaşlığının formalaşdırılması, aqrobiznesin və kənd təsərrüfatı məhsulları emalının inkişafı, aqrar sahədə elm və təhsilin keyfiyyətinin yüksəldilməsi yolu ilə rəqabətqabiliyyətli kənd təsərrüfatı sektorunun formalaşdırılması başlıca məsələlərdən biridir. Qarşıdakı illərdə kənd təsərrüfatı məhsullarının emal sahələrini inkişaf etdirmək, ticarət və təchizat məsələlərini təkmilləşdirmək, kənd təsərrüfatı istehsalçılarına xidmətlərin təşkili, əhalinin məşğulluğunun yüksəldilməsi və işsizliyin azaldılması, sosial və infrastruktur sahələri inkişaf etdirmək yolu ilə kəndlə şəhər arasındakı fərqləri aradan qaldırmaq istiqamətində fəaliyyət dərinləşdirilməlidir. Qeyd olunan bu məsələlərin həlli respublikada rəqabətqabiliyyətli kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı sektorunun inkişafı üçün əlverişli mühit yaradacaqdır.
ƏDƏBİYYAT SİYAHISI
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
- Azərbaycanın Kənd Təsərrüfatı 2017, Statistik məcmuə
- Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” s.43
- Dünya Bankının rəsmi saytı (http://www.worldbank.org/en/country/azerbaijan)
- Azərbaycan Respublikası Maliyyə Nazirliyi http://www.maliyye.gov.az/