UNEC TF-nun beynəlxalq eksperti BDU-nin jurnalistika fakultəsinin tələbələrinə “Böhran kampaniyasının idarə edilməsi” mövzusunda seminar keçib.
UNEC Tədqiqat Fondunun departament rəhbəri Ellada Əliyeva Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin 4-cü kurs tələbələri ilə görüşüb.
O, “Böhran kampaniyasının idarə edilməsi” mövzusunda təqdimatla çıxış edib.
Ellada Əliyeva tələbələrlə görüş zamanı qurumun kommunikasiya strategiyasının onun ana strategiyasının davamı olduğunu, bunun da birbaşa reputasiyaya təsir etdiyini vurğlayıb. UNEC TF-nun təmsilçisi qeyd edib ki, böhran əlehinə konsepsiyası ilə yanaşı fokus qrup da əvvəlcədən təyin edilməli, qərarlar sürətlə, lakin dərin müzakirələrdən sonra verilməlidir.
Yumşaq güc (soft power) strategiyasının incəliklərinə toxunan Ellada Əliyeva bu istiqamətdə işlək olan və zamanənin tələblərinə uyğun olmayan üsulları nümayiş edib. Bundan əlavə gələcəkdə işlək ola biləcək alətlər haqda müzakirələr aparılıb.
Post həqiqət kommunikasiya dövründə müvafiq mütəxəssislərin davranış qaydaları izah edilib və internet-böhranların idarə edilməsi, böhran üçbucağı, böhran dialoqunun effektiv meyarları, 3R və Storytelling kimi böhran texnologiyaları, həmçinin bu istiqamətdə kommunikasiya planının əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Böhran vəziyyətində davranış alqoritminin necə olmasından asılı olmayaraq çıxarılan dərslərin önəmi də vurğulanıb. Ellada Əliyeva bir neçə nümunə göstərərək eyni böhran vəziyyətlərinə müxtəlif reaksiya verən şirkətlərin aqibətini nümayiş edib. Eyni zamanda böhran anında operativ informasiya ötürülməsinin (“qızıl saat” prinsipi) əhəmiyyəti də vurğulanıb. Belə ki, böhran vəziyyətində qurumların ilk açıqlama vermək üçün müxtəlif vəziyyət və problemlər üçün zaman çərçivəsinin də müxtəlif olduğunu müqayisəli şəkildə izah edən Ellada Əliyeva tələbələrlə kiçik simulyasiyalar tətbiq edərək, bu mövzuda mühazirə daxili kiçik məşğələ də təşkil etdi.
UNEC Tədqiqat Fondu bu cür təşəbbüslərin, mühazirə və seminarların davamlı olmasını hədəfləyib.