Enerji və nəqliyyat sahələrində Azərbaycanın türkdilli dövlətlərlə münasibətlərinin geosiyasi aspektləri
İbrahim Niftiyev
- Giriş
İkinci Qarabağ müharibəsi, KOVİD-19 və Rusiya və Ukrayna arasındakı yeni müharibənin alovlanmasından sonra Azərbaycanın türkdilli dövlətlərlə olan əlaqələrində yeni, daha intensiv strateji tərəfdaşlıq inkişaf etməkdədir. Bu əməkdaşlığın qayəsində geosiyasi trendlərdən qidalanan enerji və nəqliyyat layihələri dayanır və Türk Dövlətləri Təşkilatı (TDT) böyük rol oynayır. Hal-hazırda məhz “geoiqtisadi prinsiplər” müasir çağırışların özündə daşıdığı riskləri, fürsətləri və yeni paradiqmaları açıq-aydın şəkildə izah etmək qabiliyyətinə malik yeni yanaşmadır (Klement, 2021) və sürətlə qloballaşan innovasiyaəsaslı rifahın təmin edilməsi üçün çoxvektorlu və təşkilatlanmış dövlət quruculuğu üçün zəmindir.
Baxmayaraq ki, KOVİD-19 həm qlobal müstəvidə, həm də TDT ölkələrinə iqtisadi zərbə vurdu, hal-hazırda enerji və nəqliyyat sahələrində bərpaolunma prosesi baş verir. Bərpaolunma heç də bütün ölkələrdə eyni dərəcədə deyil. Rusiya və Ukrayna arasındakı yeni müharibə keçmiş postsovet məkanında bir çox yeni reallıqları formalaşdırır və Avropanın enerji təhlükəsizliyi məsələsini xarici iqtisadi əlaqələrdə prioritetə çevirir. Bu səbəbdən də, bir çox beynəlxalq enerji və nəqliyyat layihələri Azərbaycanı TDT-nin digər üzv və müşahidəçi ölkələri ilə yaxınlaşdırsa da, həm də milli iqtisadiyyatla bağlı bəzi çağırışlarla üz-üzə qoymaqdadır (məsələn, sənaye istehsalının diversifikasiyası, dəmiryolları infrastrukturunun geriləyən göstəriciləri və s.). Cari ekspert-analitik yazı bu istiqamətdəki geosiyasi maraqları və iqtisadi əməkdaşlıqları bir-biri ilə əlaqəndirir, TDT ölkələri çərçivəsində nəqliyyat dinamikalarını və mövcud vəziyyəti qiymətləndirir, eləcə də sonda Azərbaycan və digər TDT ölkələrilə daha dərin əməkdaşlıq üçün praktiki tədbirlər məcmusunu sadalayır.
- Enerji və nəqliyyat sektoru: Azərbaycanın inteqrasiyaedici mövqeyi
Hal-hazırda mürəkkəb beynəlxalq münasibətlər zəncirində geosiyasi və geoiqtisadi təşəbbüslərin sayında əhəmiyyətli artım müşahidə olunur. “Orta dəhliz”, “Bir Kəmər Bir Yol”, “Tarixi “İpək yolu”nun bərpası” kimi layihələr heç də təsadüfi olmayaraq Amerika Birləşmiş Ştatlarının (ABŞ) nüfuzlu informasiya agentliyi olan CNN tərəfindən “geosiyasi fürsət” kimi qiymətləndirilib (Elliott, 2022). Mövcud fürsətlərin fonunda Azərbaycan və TDT ölkələri bəzi yeniliklərə imza atır, gələcək üçün planlar qurur və hərdaim dəyişən beynəlxalq şərtləri dərindən izləyir. Məsələn, TIR karnetinə əsasən malların beynəlxalq daşınması haqqında Gömrük Konvensiyasına Əlavə 11-in tələblərinə uyğun olaraq dünyada ilk tam rəqəmsal eTIR daşıma əməliyyatı məhz Azərbaycan və Özbəkistan arasında, 2022-ci ildə icra edilib (Turkicstates.org, 2022). Analoji olaraq, Azərbaycan Türkiyənin hərbi sənayesində istehsal olunan ən müasir məhsullarla öz ordusunu təchiz edir ki, bu da Azərbaycanın TDT ölkələrilə olan münasibətlərinin əsas istiqamətlərindən biridir (Məmmədli, 2022). Əlavə olaraq, məhz geosiyasi impulslardan qaynaqlanaraq artıq TDT ölkələri əksdollarlaşma və ortaq valyutanın hazırlanması və ortaq investisiya fondunun əsasının qoyulması istiqamətində ciddi işlərə də başlayıb (Silk Road Briefing, 2023a; Strait Talk, 2023). Bütün bunların fonunda artıq uzun illərdir Azərbaycanın TDT ölkələri ilə olan əməkdaşlığının məğzində enerji və nəqliyyat layihələri dayanır ki, bunun da geosiyasi və geoiqtisadi səbəbləri dünəndən bu günə olduqca aktual mövzu olaraq qalmaqdadır.
Azərbaycan müstəqilliksonrası dövrdə Türkiyə başda olmaqla, öz iqtisadi layihələrində və resurs ixracında hər zaman mürəkkəb geosiyasi reallıqların təsir dairəsində olub. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Cənub Qaz Dəhlizi neft-qaz boru kəməri layihələri, Bakı-Kuleva, Bakı-Tbilisi-Qars dəmiryolu xətləri Mərkəzi Asiya və Türkiyə arasında inteqrasiyaedici mövqenin təmin edilməsində böyük rol oynayıb. Azərbaycanın enerji resurslarının geosiyasi əhəmiyyəti onun enerji təchizatını diversifikasiya etmək və ənənəvi enerji təchizatçılarından asılılığı azaltmaq potensialındadır. Hal-hazırda Avropa Rusiya enerjisindən asılılığını azaltmağa çalışarkən, Azərbaycanın neft və qaz ehtiyatları enerji təhlükəsizliyini və geosiyasi sabitliyi gücləndirən alternativ mənbə təklif edir. Bu, oxşar məqsədləri paylaşan TDT ölkələrilə əməkdaşlıq və ittifaqlar üçün imkanlar yaradır. Bu baxımdan ayrı-ayrı ölkələrlə olan əməkdaşlıqlara nəzər yetirmək, daha sonra isə enerji və nəqliyyat sahəsində ümumi mənzərəni təsvir edən statistik göstəricilərə baxmaq olduqca faydalıdır.
Enerji layihələri çox vaxt uzunmüddətli tərəfdaşlıq və investisiyalar tələb edir. Bu da öz növbəsində ölkələr arasında daha sıx siyasi və iqtisadi əməkdaşlığı təşviq edir və diplomatik münasibətlərin genişlənməsinə, eləcə də digər sahələrdə daha dərin əməkdaşlığa səbəb ola bilir. Məsələn, Macarıstanın dövlət müəssisəsi MVM 2023-cü ilin sonundan etibarən Azərbaycan qazının idxalına dair Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə danışıqlar aparır (Bayramlı, 2023). Macarıstanın MOL Qrupu isə Azəri-Çıraq-Günəşli yatağında 9.57%-lik paya malikdir və Azərbaycanın neftinin Slovakiyada emalını təşkil edir (Hungary Today, 2023). Görünən odur ki, Macarıstan TDT-də müşahidəçi ölkə kimi Azərbaycanın resurslarından faydalanaraq öz enerji təhlükəsizliyi məsələsində ənənəvi enerji təchizatçılarını yeniləri ilə əvəz edir və TDT-nin geosiyasi əhəmiyyətinin artırılması istiqamətində mühüm addımları atır.
Enerji və nəqliyyat layihələri baxımından Qazaxıstan və Azərbaycan arasında artan əməkdaşlıq Rusiya ilə həmsərhəd iki resurslarla zəngin ölkənin Avropanın enerji təhlükəsizliyində artan əhəmiyyəti və rolu fonunda müstəqilliksonrası dövrdə ilk dəfə belə yüksək intensivlikdə baş verir. Baxmayaraq ki, Qazaxıstan ilk dəfə olaraq Rusiyadan yan keçərək nefti birbaşa Azərbaycana çatdırır və bu il Qazaxıstandan Azərbaycan vasitəsilə Avropa bazarlarına neft axını artacaq (Şerbak, 2023), enerji sektorundakı bu əməkdaşlıq təkcə neftin nəql edilməsi ilə məhdudlaşmır. Hər iki ölkə yaşıl enerji istehsalı və Avropaya müştərək ixracı istiqamətində də səylərini artırıblar (Azərbaycan24.com). 2023-cü ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri və Qazaxıstan neftinin Azərbaycan boru kəmərləri ilə daşınması ilə bağlı əlavə razılaşmaların əldə olunması “Orta Dəhliz”ə yeni əhəmiyyət qazandırır (Yahoo Finance, 2023). İki ölkə arasında əməkdaşlığın gücləndirilməsinə dair əldə edilmiş razılaşmadan sonra bu il Qazaxıstandan Azərbaycan ərazisindən keçməklə Avropa bazarlarına neft axınının artması nəzərdə tutulur (Türksoy, 2023).
Türkmənistan böyük təbii qaz ehtiyatlarına malikdir və onun bir hissəsi Cənub Qaz Dəhlizi vasitəsilə Türkiyə bazarına çıxarıla bilər. Bu istiqamətdə hökümətlərarası işlər intensiv davam edir və 2023-cü ildə Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli iqtisadi əməkdaşlığın artırılmasına dair razılıq əldə edilib (Silk Road Briefing, 2023b). Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı, o cümlədən Zəngəzur dəhlizinin açılması Mərkəzi Asiyanın Avropa ilə əlaqələrinin şaxələndirilməsi üçün əlavə imkanlar yaradacaq (Devonshire-Ellis, 2022).
Azərbaycan və Özbəkistan arasında da iqtisadi-ticarət əməkdaşlığı artan qarşılıqlı fəaliyyətin əsas istiqamətlərindən biridir. 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 16 % artaraq 111,9 milyon dollara yaxın olub (Karimli, 2022). Azərbaycanın enerji sahəsində Özbəkistanla olan əməkdaşlığı yeni formalaşır və prioritet istiqamətlər arasına bərpa olunan mənbələrə əsaslanan enerji istehsalı, hasilat sənayesindəki təcrübənin qarşılıqlı mübadiləsi və Özbəkistan şirkətlərinin Azərbaycanın enerji bazarlarında iştrakını əhatə edir (Azərbaycan Respublikası Energetika Nazirliyi, 2022). 2022-ci ildə imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi” işğaldan azad edilmiş ərazilərdə yeni istilik stansiyalarının inşası, neft-kimya sahəsində ticarətin artrılması və şəxaləndirilməsi, karbohidrogenlərin birgə kəşfiyyatı və hasilatı kimi istiqmətlərdə çoxsayılı razılıqlar əldə edilib (Azərbaycan Respublikası Energetika Nazirliyi, 2022). Büün bunlar çox qısa müddət ərzində Özbəkistanın Azərbaycan üçün kifayət qədər əhəmiyyətli iqtisadi tərəfdaşa çevrildiyinə dair olduqca sanballı göstəricilərdəndir.
Qırğızıstanla da əməkdaşlıq enerji infrastrukturunun inkişaf etdirilməsi və mövcud problemlərin aradan qaldırılması üçün Azərbaycan şirkətlərinin Qırğızıstandakı iştirakı çərçivəsində geniş müzakirə olunur (Trend İnformasiya Agentliyi, 2022).
TDT ölkələrinin timsalında nəqliyyat sektorunun potensialını tam başa düşmək üçün, nisbətən uzunmüddətli zaman perspektivindəki yük və sərnişin daşımalarının inkişaf dinamikasına baxmaq lazımdır. Bu yanaşma trendləri başa düşməyə kömək edə və yaxın gələcək üçün görüləcək işlərə işıq tuta bilər. Bu səbəbdən Dünya bankının yeddi TDT ölkəsi üçün təqdim etdiyi dəmir yollarında daşınan sərnişinlər, hava nəqliyyatında daşınan sərnişinlər, hava nəqliyyatında yükdaşıma və dəmir yollarında yükdaşımaya dair illik statistik göstəricilərin kumulyativ inkişaf dinamikası Qrafik 1-də təsvir olunub. İlbəil faiz artımından fərqli olaraq, məhz kumulyativ inkişaf göstəricisi real inkişafın trayektoriyasını əks etdirmək tutumuna malikdir.
Qısaca olaraq, Azərbaycanın dəmir yollarında yük və sərnişindaşıma 2007-ci ilədək artım göstərsə də, həmin ildən sonra trend aşağı olmuş, lakin hava nəqliyyatında müvafiq göstəricilər olduqca nəzərəçarpan artım göstərib. Macarıstan nümunəsində statistik göstəricilər tam təqdim edilməsə də, dəmiryollarında daşınan yüklərdə artım, sərinişinlərdə isə azalmaları görmək olar. Macarıstan üçün hava nəqliyyatının göstəriciləri isə sərnişindaşıma üçün 2013-cü ildə azalmanı, yükdaşımalar üçün isə kəskin artımı əks etdirir. Türkiyə nümunəsində dörd göstəricinin hamısı 1995-ci ildən etibarən artan xətlə kumulyativ inkişaf xəttinə malik olsa da, Türkmənistanda dəmiryolu nəqliyyatında sərnişin və yükdaşımalar tədrici azalan xətlə davam edib, lakin hava nəqlyyatında sərnişindaşımalarda kəskin artım olub.
Qrafik 1. Türkdilli dövlətlərin nəqliyyat sektorunun kumulyativ inkişaf dinamikası, 1995–2021.
Dəmiryollarında azalan sərnişin və yükdaşımalar Özbəkistan və Qazaxıstanda özünü biruzə verib, amma hava nəqliyyatı üzrə sərnişin və yükdaşımalarla artımlar var. Qırğızıstan üçün isə mənzərə kifayət qədər qarışıqdır. Başqa sözlə, hava nəqliyyatında yükdaşımalar son illərdə kəskin artsa da, sərnişindaşımada KOVİD-19-dan qaynaqlanan geriləmə hələ də bərpa olunmayıb. Bunun əvəzinə digər TDT ölkələrindən fərqli olaraq, Qırğızıstan dəmiryollarında sərnişindaşımalarda əhəmiyyətli artım müşahidə olunur və dəmiryollarında yükdaşıma öz mülayim artan xətt dinamikasını qoruyub saxlayır.
Bütün TDT ölkələri KOVİD-19 pandemiyasından təsirlənərək sərnişindaşıma kimi nəqliyyat sahəsində geriləmələrə səbəb olsa da, hava nəqliyyatında Türkiyə, Qazaxıstan və Azərbaycan artıq pandemiyaöncəsi səviyyələrə geri dönüb. Lakin dəmiryolu sektoru Azərbaycan üçün problemli olaraq qalmaqdadır. Hər nə qədər ekspertlər Azərbaycanın “Orta dəhliz” üçün dəmiryolu infrastrukturunda olduqca ciddi işlər gördüyünü iddia etsələr də—məsələn, 2017-ci ildən etibarən Şərq–Qərb dəhlizi, yaxud da Bakı–Böyük Kəsik arasında dəyişən cərəyana keçid, xərclərin optimallaşdırılması, investisiyaların artırılması, Bakı limanın yenidən qurulması, tariflərin azaldılması—(MediaPost TV, 2023), bəzi təhlillər Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin (ADY QSC) işlərində qeyi-effektivliklərin olduğunu və ciddi islahatlara, korporativ idarəetmə prinsiplərinin tətbiqinə və s. ehtiyac olduğunu qeyd edir (Azadlıq Radiosu, 2023). Faktiki olaraq, ADY QSC-nin sahib olduğu qatarların sayı 1995-ci ilə nisbətdə azalıb, sərnişin daşımalarının dövriyyəsi aşağı düşüb və müəssisə zərərlə çalışıb (dövlət müəssisəsi ancaq 2021-ci ildə gəlirlə fəaliyyət göstərib və yığılmış zərər 2 milyard manatdan çoxdur, Azadlıq Radiosu, 2023). İstənilən halda, beynəlxalq ekspertlər Çinin “Bir Kəmər və Bir Yol” layihəsinin TDT-yə üzv ölkələr olmadan baş tutmayacağını vurğulayır (MediaPost TV, 2023). Bu da öz növbəsində Azərbaycan və digər türkdilli dövlətlər üçün birgə əməkdaşlıqda yeni cığırın açıla biləcəyinə dair dəyərli məlumatları özündə daşıyır. Lakin TDT ölkələrinin infrastruktur və idarəetmə məsələlərində qarşılıqlı informasiya və iqtisadi resursların mübadiləsi olmadan, mövcud geosiyasi vəziyyətdən zəruri iqtisadi səmərənin cəlb edilməsi mümkün deyil.
- Yekun fikirlər
Azərbaycanın nəqliyyat infrastrukturu, o cümlədən limanları, dəmir yolları və avtomobil yolları şəbəkəsi TDT ölkələrinin birləşdirilməsində və regional ticarətin asanlaşdırılmasında mühüm rol oynayır. Ölkənin coğrafi mövqeyi Avropa və Asiya arasında təbii körpü yaradır və onu həm mallar, həm də enerji resursları üçün mühüm tranzit mərkəzinə çevirir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycanın əlaqələrini daha da artırır və regional nəqliyyat qovşağı kimi mövqeyini möhkəmləndirir. Təsadüfi deyil ki, “Orta dəhliz”, “Bir Kəmər Bir Yol”, “Tarixi İpək Yolunu Bərpası” və s. kimi layihələr və TDT ölkələrinin adı ilə birgə səsləndirilir. Bunlara rəğmən bir çox istiqamətdə səmərələşdirici işlər görmək, islahatlar aparmaq və müasir elmi-texniki tərəqqidən yararlanmaq lazımdır ki, mövcud imkanlarla Azərbaycan və TDT-nin əməkdaşlıq planları bir-biri ilə uzlaşsın və gələcəkdə bu ölkələrin dayanıqlı iqtisadi artım və inkişafa xidmət etsin. Bu baxımdan aşağıdakı tövsiyələr təqdim edilir:
- KOVİD-19 pandemiyasının səngiməsi truizm üçün və Rsiya-Ukrayna müharibəsi isə yükdaşımalar üçün Azərbaycana münbit şərait yaradır. Lakin həm dəmir yolları, həm də hava nəqiyyatında qiymətlərin və tariflərin yüksək olması onun geniş miqyasda istifadəsini məhdudlaşdırır. Rəqabət məcəlləsinin qəbulu və inhisarlaşma ilə daha effektiv mübarizə bu istiqamətdə atılmalı təcili və təxirəsalınmaz tədbirlər sırasındadır;
- Avropa İttifaqı ölkələri arasında inteqrasiyanı sürətləndirən loukost sərnişindaşımaya bənzər nəqliyyat yeniliklərini təmin etməkdən ötəri, təsadüfi deyil ki, 19 iyun 2023-cü il tarixində TDT katibliyi onlayn görüş keçirərək, təşkilata üzv ölkələr arasında aşağı büdcəli uçuşların təşkil olunması istiqamətində müzakirələr aparmışlar (Turkicstates.org, 2023). TDT öklkələri arasında tranzit yükdaşıma və sərnişin daşıma tariflərinin tənzimlənməsi istiqamətində (məsələn, ortaq vahid tarif siyasəti) işlər davam etdirilməli və üzv ölkələr arasında ortaq yanaşmalar formalaşdırılmalıdır. Bu tədbirlərdən sonra həm TDT ölkələri arasında, həm də digər dövlətlərlə nəqliyyat əlaqələrində yeni, daha intensiv səyahətləri görmək mümkün olacaq;
- TDT ölkələri bir-birilərilə real vaxt dilimində fəaliyyət göstərəcək inzibati-administrativ və bürokratik kommunikasiyalara xüsusi diqqət ayırmalı və yaxın gələcək üçün olan planların sinxronlaşmasını sürətləndirməlidirlər. Bu təkcə hansısa konkret məqsədə və ya hədəfə nail olmaq üçün deyil, həm də bir-birindən öyrənmək (nou-hau mübadiləsi), eləcə də müəyyən sahələrdə geriləyən üzv ölkələrə dəstək baxımından böyük əhəmiyyət ərz edir;
- Hər nə qədər enerji ixcarı və nəqliyyat infrastrukturunun inkişafı TDT ölkələri üçün iqtisadi artım və inkişaf təminatçısı olsa da, bu ölkələr, o cümlədən Azərbaycan, təkcə karbohidrogen resurslarının hasilatına əsaslanan iqtisadiyyat modeli deyil, diversifikasiya olunmuş sənaye istehsalına dayalı inkişaf modelini prioritet etməlidir. Başqa sözlə, Azərbaycanın türkdilli dövlətlərlə enerji və nəqliyyat sektorunda münasibətlərində geosiyasi problemlər qalmaqdadır. Enerji resursları uğrunda rəqabət, geosiyasi rəqabət və nəqliyyat marşrutları boyunca potensial təhlükəsizlik riskləri müəyyən narahatlıqlar yaradır. Bu çağırışların idarə edilməsi diplomatik danışıqlar, strateji tərəfdaşlıq və möhkəm regional əməkdaşlıq çərçivələrinin inkişafını tələb edir. Əksər TDT ölkələri resurslarla zəngindir və yerləşdikləri coğrafi mövqedən də geosiyasi renta əldə etmək imkanına malikdirlər. Lakin müasir iqtisadi şərtlər innovasiyaya əsaslı, tədqiqat yönümlü və yüksək texnologiyalarlı istehsal və istehlak münasibətlərini diktə edir. Bu məqamlar TDT ölkələrinin dövlət siyasətlərində mühüm element olmalı və bir-biriləri ilə qarşılıqlı əlaqədə əsas alınmalıdır ki, hətta qloballaşmanın artan əhəmiyyəti fonunda özünəyetərli iqtisadiyyat quruculuğa ilə geosiyasi çağırışlarla ayaqlaşmaq mümkün olsun.
Ədəbiyyat siyahısı
Azadlıq Radiosu (2023). Azalan işçilər, artan qiymətlər: Pandemiyadan sonra Azərbaycan Dəmir Yolları hansı vəziyyətdədir? Keçid: https://www.youtube.com/watch?v=-fXFuf0M0n0&ab_channel=AzadliqRadiosu
Azərbaycan24.com. (2023). Azerbaijan, Kazakhstan work on exporting green energy to Europe – minister. Keçid: https://www.azerbaycan24.com/en/azerbaijan-kazakhstan-work-on-exporting-green-energy-to-europe-minister/
Azərbaycan Respublikası Energetika Nazirliyi (2022). Azərbaycan və Özbəkistan arasında enerji əməkdaşlığının Yol Xəritəsi imzalanıb. Keçid: https://minenergy.gov.az/az/xeberler-arxivi/azerbaycan-ve-ozbekistan-arasinda-enerji-emekdasliginin-yol-xeritesi-imzalanib
Bayramlı, N. (2023). Azerbaijan, Hungary Expand Cooperation in Energy. Keçid: https://caspiannews.com/news-detail/azerbaijan-hungary-expand-cooperation-in-energy-2023-1-31-14/
Devonshire-Ellis, C. (2022). Azerbaijan-Turkiye-Turkmenistan Summit Underway. Keçid: https://www.silkroadbriefing.com/news/2022/12/14/azerbaijan-turkiye-turkmenistan-summit-underway/
Elliott, M. (2022). Azerbaijan’s Silk Road: Rethreading history’s greatest trade network []. Keçid: https://edition.cnn.com/travel/article/azerbaijan-silk-road-rebuilding/index.html
Hungary Today. (2023). MOL Has Started to Transport Oil from Azerbaijan. Keçid: https://hungarytoday.hu/mol-has-started-to-transport-oil-from-azerbaijan/
Karimli, İ. (2022). Azerbaijan, Uzbekistan Set New Priorities for Expanding Cooperation. Keçid: https://caspiannews.com/news-detail/azerbaijan-uzbekistan-set-new-priorities-for-expanding-cooperation-2022-6-23-39/
Klement, C. (2021). Geo-Economics: The Interplay between Geopolitics, Economics, and Investments. Keçid: https://www.cfainstitute.org/-/media/documents/book/rf-publication/2021/geo-economics-full.pdf
MediaPost (2023). “Orta dəhliz”də Azərbaycanın hansı üstünlükləri var?- Ekspertlər açıqlayır. Keçid: https://www.youtube.com/watch?v=ceGgXLeLEAw&ab_channel=MediaPostTV
Şerbak, A. (2023). Kazakhstan delivers oil directly to Azerbaijan, bypassing Russia for first time. Keçid: https://english.nv.ua/business/kazakhstan-delivers-oil-directly-to-azerbaijan-bypassing-russia-for-first-time-50312213.html
Silk Road Briefing (2023a). Central Bank Of Azerbaijan, Organisation Of Turkic States Discuss Digital Financial Tech. Keçid: https://www.silkroadbriefing.com/news/2023/06/13/central-bank-of-azerbaijan-organisation-of-turkic-states-discuss-digital-financial-tech/
Silk Road Briefing (2023b). Azerbaijan, Turkiye and Turkmenistan Agree Trade & Economic Cooperation Deal. https://www.silkroadbriefing.com/news/2023/02/06/azerbaijan-turkiye-and-turkmenistan-agree-trade-economic-cooperation-deal/
Strait Talk (2023). Organization of Turkic States to Create Its Own Investment Fund. Keçid: https://www.youtube.com/watch?v=oPHXuq_JV8o&ab_channel=StraitTalk
Trend İnformasiya Agentliyi (2022). Kyrgyzstan’s energy sector would be of interest for Azerbaijani companies – President Ilham Aliyev. Keçid: https://en.trend.az/azerbaijan/politics/3584834.html
Turkicstates.org. (2022). Azerbaijan and Uzbekistan conducted first global eTIR transport operation in the world. Keçid: https://www.turkicstates.org/en/haberler/azerbaijan-and-uzbekistan-conducted-first-global-etir-transport-operation-in-the-world_2742
Turkicstates.org. (2023). Enhancing low-cost flights among Member States was discussed within the OTS. Keçid: https://www.turkicstates.org/en/haberler/enhancing-low-cost-flights-among-member-states-was-discussed-within-the-ots_2966
Türksoy, T. (2023). Shipment of Kazakh Oil Through Azerbaijan to Increase in 2023. Keçid: https://caspiannews.com/news-detail/shipment-of-kazakh-oil-through-azerbaijan-to-increase-in-2023-2023-4-11-0/
Yahoo Finance, (2023). Azerbaijan and Kazakhstan Agree To Optimize Energy Transit Route To Europe. Keçid: https://finance.yahoo.com/news/azerbaijan-kazakhstan-agree-optimize-energy-150000531.html