Cənubi Qafqazda münaqişələr və böyük dövlətlərin maraqlarının səbəbləri
Əliyeva Səbinə
Giriş
Bu məqalədə Cənubi Qafqazda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ, Cənubi Osetiya-Gürcüstan münaqişələrindən, onların tarixi köklərindən, səbəb və nəticələrindən bəhs edilir. İlk növbədə Dağlıq Qarabağ münaqişəsi haqda. “1994-cü ilin mayında Bakı, İrəvan və Qarabağdakı separatçılar arasında üçtərəfli saziş imzalandıqdan sonra tərəflər bir-birinin mövqelərini tez-tez pozurdular”. Tarix üzrə fəlsəfə doktoru, Sankt-Peterburq Avropa Universitetinin dosenti Avetikyan Gevorq Qalustoviçin “Dağlıq Qarabağda 2020-ci il müharibəsi: regional ölçülər” [1] adlı məqaləsində belə deyilir. Lakin bildiyimiz kimi, atəşkəs rejimi daim ermənilər tərəfindən pozulurdu. Belə hallar 2016-cı ilin aprelində, 2020-ci ilin iyulunda xüsusilə artmışdı. 2016-cı ildə baş verən hadisələr sonralar “dördgünlük” və ya “aprel” müharibəsi adlandırıldı. Tədricən total müharibə üçün zəmin yaranırdı.
2020-ci ilin payızında Ermənistan-Azərbaycan münaqişəsi yeni mərhələyə qədəm qoydu və 44 gün davam edən İkinci Qarabağ müharibəsi başladı. Müəllif qeyd edir ki, sentyabrın 27-də səhər tezdən bir tərəfdən Azərbaycan, digər tərəfdən Ermənistan və yalnız erməni mənbələrində göstərilən qondarma Dağlıq Qarabağ respublikası arasında silahlı münaqişələr sürətlə şiddətləndi.
Bu müharibə Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikasının Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 10 noyabr 2020-ci il tarixli bəyanatı ilə başa çatdı. Müharibə nəticəsində Ermənistan tərəfi faktiki olaraq məğlub oldu, lakin təəssüf ki, Azərbaycan bütöv Qarabağ ərazisinə nəzarəti ələ ala bilmədi. Şərtə görə qondarma Dağlıq Qarabağ respublikasının nəzarətində olan ərazilərin təxminən 28%-i hələ işğal altında qalmalı idi.
Qeyd edək ki, Türkiyənin Azərbaycan tərəfinə birbaşa hərbi köməyi, Yaxın Şərq və Şimali Afrikadakı digər münaqişələrlə yanaşı, postsovet məkanında yerli əhəmiyyətli ərazi mübahisəsini ən azı regional səviyyədə tamamilə yeni vəziyyətə keçirmək təhlükəsi yaratdı. Lakin çox güman ki, Rusiyanın da imzaladığı atəşkəs qısa müddətdə belə “keyfiyyət sıçrayışının” qarşısını aldı və Türkiyənin Azərbaycana təsirinin artmasına baxmayaraq, postsovet dövründən miras qalmış Dağlıq Qarabağ münaqişəsinin statusunu yalnız Ermənistan və Azərbaycan müəyyən etdi. Müharibə nəinki Rusiyanın gələcək nizamlanma prosesində müstəsna rolunu müəyyənləşdirdi, həm də qonşu dövlətlərin mövqeyini daha aydın göstərdi. Beləliklə, biz Ermənistan və Azərbaycanla birbaşa həmsərhəd olan dövlətlərin Dağlıq Qarabağ münaqişəsinə yanaşmasının əsas prinsiplərini təhlil etməyə çalışaq.
İlk növbədə İran haqqında. İran regionda yeganə ölkədir ki, Cənubi Qafqazda üç keçmiş sovet respublikası ilə mehriban qonşuluq münasibətləri saxlayırdı. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Tehran da balanslı mövqe tutmağa çalışır, bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü qəbul edir, digər tərəfdən isə regionun erməni əhalisinin təhlükəsizliyinin təmin edilməsi zərurətini qəbul edirdi [4].
Lakin Ermənistan və Azərbaycandakı siyasi elita, eləcə də ekspertlər və daxili siyasi auditoriya haqlı olaraq, çox vaxt üçüncü tərəfin Qarabağ münaqişəsinə dair mövqeyi ilə razılaşmırlar. Məlumdur ki, İranın ərazi bütövlüyü prinsipinə sadiq qalması ilə bağlı Bakının Azərbaycandakı mövqeyinə birmənalı dəstək kimi dəyərləndirilməsi qonşu Ermənistanın xeyrinə şərh edilmişdir. Tez-tez belə sadə, bəsit bəyanatlarda Ermənistanın mövqeyinə üstüörtülü dəstək görünürdü. Məsələn, sovet dövründə İranın Azərbaycan SSR ilə birbaşa diplomatik əlaqələrinin olmamasına, postsovet Azərbaycanın Dağlıq Qarabağ üzərində tam nəzarətə malik olmamasına diqqət çəkilirdi. Qəribə də olsa, belə cıxır ki, İran Azərbaycanın ərazi bütövlüyünü tanımaqla yanaşı, Dağlıq Qarabağsız Azərbaycanı da tanıyırdı. Vaxtaşırı erməni mediasında qondarma Dağlıq Qarabağ respublikasının İran tərəfindən tanınmasının lehinə digər arqumentlər də ortaya çıxırdı. Bəzi İran KİV-ləri bu qurumun rəsmiləri ilə müsahibələr dərc edir, Ermənistandakı bəzi şərhçilər bunu Azərbaycanın Dağlıq Qarabağ üzərində ərazi bütövlüyü kimi qiymətləndirirdilər ki, bu da “Azərbaycanın nəzarətindədir” demək olmadığına işarə kimi yozulurdu.
Ermənistanın İranı öz tərəfinə çəkmək cəhdlərinə baxmayaraq, Tehranın özü balanslı mövqe tutmağa üstünlük verirdi. Əslində, İran bəzi səbəblərə görə münaqişənin sülh yolu ilə həllində maraqlıdır və rəsmilər sülh prosesini sürətləndirmək üçün yeganə vasitəçi kimi çıxış etməyə hazır olduğunu dəfələrlə nümayiş etdirmişdir. Ermənistan və Azərbaycan bunu başa düşür, lakin onların heç biri iranlıları danışıqlar masasına oturtmağa hazır deyil.
Bildiyimiz kimi, 2020-ci il oktyabrın sonunda İran xarici işlər nazirinin müavini və prezidentin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə xüsusi nümayəndəsi Abbas Əraqçı Bakı, Moskva, İrəvan və Ankaraya səfər zamanı İranın sülh planını təqdim etmiş və demişdi ki, “Biz həmişə Azərbaycan ərazilərinin azad edilməsini istəmişik” [2].
Region ölkələrindən hesab edilən İran uzun illərdir münaqişə tərəfləri arasında əsas vasitəçi kimi çıxış edən beynəlxalq struktur olan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunu da tənqid edirdi. “Bu qrupun bəzi ölkələri ümumiyyətlə regionda deyil və bu böhranla heç bir əlaqəsi yoxdur… Bu qrupun səmərəsizliyi praktikada sübut olunub”, – deyə Əraqçı Moskvada bildirmişdi [2]. Qeyd edək ki, münaqişə tərəflərinin özləri və ATƏT-in Minsk qrupunun üç həmsədri (Rusiya, ABŞ və Fransa) İranın vasitəçi rolunda maraqlı olduğunu birmənalı şəkildə etiraf edirlər. Lakin Ermənistan baxımından İranın danışıqlar prosesində iştirakı presedent (münaqişə) yarada bilər deyə, vasitəçi kimi Türkiyə çıxış etdi. Aydındır ki, Azərbaycan da öz növbəsində İrana tam etibar edə bilmirdi. Bakı hesab edirdi ki, Ermənistan silahlı qüvvələri 1992-ci ilin mayında Dağlıq Qarabağda apardığı hərbi əməliyyatlar zamanı yalnız Tehranın vasitəçilik təşəbbüslərinə arxalanaraq və Azərbaycanın müvəqqəti olaraq öz sayıqlığını itirməsi nəticəsində Şuşa şəhərini işğal edə bilmişdi.
Ermənistan İranın “bir-birini tamamlayan qonşusu” olan yeganə ölkədir. İranın hərbi, siyasi və iqtisadi sahədə təhdid gözləmədiyi ölkə məhz Ermənistandır. İki dövlət arasında yüksək etimad və mehriban qonşuluq münasibətləri mövcuddur ki, bu da Tehran tərəfindən bir neçə dəfə etiraf olunmuşdur. Eyni zamanda, ikitərəfli münasibətlərin iqtisadi komponentinin hələ də arzuolunan səviyyədən xeyli geri qaldığı vurğulanır. Avetikyan məqaləsində Ermənistanın İranla ticarət dövriyyəsini Ermənistanın düşmən hesab etdiyi Türkiyə ilə olan xarici ticarət dövriyyəsi ilə müqayisə etməyə çalışır. “Tarixçi” qeyd edir ki, İranın Türkiyə ilə ümumiyyətlə xarici ticarət əlaqələri yoxdur. Faktlara müraciət edək: İranla Türkiyə arasında 2000-ci illərdə ikitərəfli ticarət kəskin şəkildə artmışdır. 2001-2011-ci illərdə Türkiyənin İrana illik ixracatı 361 milyon dollardan 3,590 milyard dollara yüksəlmişdir. Bu müddət ərzində İranın Türkiyəyə ixracının illik dəyəri 840 milyon dollardan 12.462 milyard dollara yüksəlmişdir. Türkiyə İrandan təbii qaz idxal edir (ildə 10 milyard kubmetr, ehtiyacının 30 faizini ödəyir).
Zaman-məkan anlayışını itirən Qevorq Avetikyan yazır ki, iranlılar Dağlıq Qarabağ separatçıları ilə birlikdə uzun illər idi ki, sərhəddə, Araz çayı üzərində su elektrik stansiyası tikirdilər. Azərbaycan tikintinin gedişinə fiziki və siyasi cəhətdən mane ola bilmədi və bu fakt ictimaiyyətə açıqlanmadı [1]. Əslində isə Naxçıvan Respublikasının Babək rayonu ərazisində Araz çayı üzərində SES-in inşası Azərbaycan SSR ilə İran dövləti arasındakı razılaşmaya əsasən 1964–1970-ci illərdə davam etdirilmiş, 1971-ci ildə istismara verilmişdir.
Medianın diqqətini cəlb etmədən böyük layihənin həyata keçirilməsi üçün şərait Ermənistan, İran və Azərbaycan üçün ideal görünürdü. Tərəflər arasında simvolik saziş yalnız Həsən Ruhaninin İran prezidenti seçilməsindən və Tehranla Bakı arasında münasibətlər sərinlədikdən sonra, eləcə də 2016-cı ilin aprelində Azərbaycan ordusunun Ermənistan postlarına hücumu ərəfəsində (hər halda 1999-cu il 2016-cı ilin ərəfəsi deyil) imzalandı. Bu hadisə Azərbaycanda daxili auditoriyaya kiçik diplomatik qələbə kimi təqdim olundu. Müəllif qeyd edir ki, Azərbaycan mətbuatının yazdığına görə, “müqavilə Azərbaycan və İranın suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərini, həmçinin “Xudafərin SES” (1999) və “Qız Qalası” su anbarının (1999-2008) su və enerji ehtiyatlarına bərabər hüquqları təsdiq edir”. Adı çəkilən obyektlər 2020-ci il oktyabrın 18-nə qədər Ermənistan Respublikasının nəzarəti altında olmuşdur. 2020-ci il noyabrın 10-da imzalanmış müqaviləyə əsasən, həmin ərazilər və beləliklə, İranla Azərbaycan arasındakı sərhədin bütün uzunluğu Azərbaycana – onun dediyi kimi- “verildi” [1] – yox, qaytarıldı.
İranla Azərbaycan arasında münasibətlər ekspertlər tərəfindən çox vaxt qeyri-müəyyən münasibətlər kimi səciyyələndirilir. Azərbaycan və İsrail arasında sıx texniki-hərbi əməkdaşlıq İranda ört-basdır edilməyən narazılıqlara səbəb olur. Daha sonra Azərbaycandan İraq və İranın müqəddəs şəhərlərinə gedən şiə-zəvvarların sayının artması Azərbaycanda milli təhlükəsizliyə potensial təhlükə hesab edilir və bunun arxasında İran hakimiyyətinin dayandığı iddia edilir: bu, regionda və xüsusilə Azərbaycanda İranın təsirini gücləndirən amildir. Rus şərqşünası V. Sajinin fikrincə isə, “İran şiə fundamentalizmi təhlükəsi reallıqdan uzaqdır” [6]. Eyni zamanda, türkdilli əhalinin üstünlük təşkil etdiyi şimal və şimal-qərb vilayətlərində separatçı əhval-ruhiyyənin artması qorxusu da var. Haqlı olaraq, həm Azərbaycan Respublikasında, həm də ondan kənarda Azərbaycan şimal və cənub (İran) hissələrinə bölünmüş kimi təsvir edilir. Son illər İran və Azərbaycan arasında münasibətlərə nəzər saldıqda görürük ki, Rusiya, İran və Azərbaycanın yüksək səviyyəli rəsmiləri üçtərəfli əməkdaşlıq formatında tez-tez görüşürlər. İranın Rusiyaya ixrac etdiyi malların üçdə bir yarımı İran və Azərbaycan sərhədində yerləşən kiçik Astara şəhərində gömrükdən keçir. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin dəmir yolu hissəsinin də fəaliyyət göstərməsi planlaşdırılır. Bu iddialı layihə İrandan Gürcüstana Ermənistan üzərindən başqa bir dəmir yolunun tikintisi üçün təkan verə bilər.
Tarixən və mədəni baxımdan Azərbaycana bağlı olan Türkiyə II Qarabağ müharibəsi dövründə xalqımızı, müzəffər ordumuzu var qüvvəsi ilə dəstəklədi. Lakin erməni tarixçinin fikrincə, müharibə dövründə Türkiyə çox anti-erməni mövqe sərgiləyirdi. 1993-cü ildə Azərbaycanla həmrəy olaraq Ermənistanla sərhədini bağlamaqla Türkiyə Ermənistanın bu günə qədər davam edən iqtisadi blokadasını reallaşdırmış oldu. 2020-ci ildə Türkiyənin Ermənistanla Azərbaycan arasındakı münaqişədə iştirak səviyyəsinə gəldikdə, Ankara Bakını əsgər, müşavir və müasir hərbi texnika ilə təmin edirdi. Bundan əlavə, müəllif əsassız olaraq iddia edir ki, Türkiyənin müdaxiləsi ilə Suriyadan minlərlə muzdlu döyüşçü Ermənistan-Azərbaycan cəbhəsinə keçirilə bilərdi [1].
Qarabağ müharibəsinin ilk günlərindən erməni tərəfi Rusiya və İranın diqqətini cəlb etməyə çalışırdı. Ermənistan Fransa, ABŞ, Aİ və bütövlükdə dünya birliyinin eyni vaxtda Azərbaycan, Türkiyə ordularına və “Suriya terrorçularına” qarşı vuruşmalı olduğunu iddia edirdi. Rusiya auditoriyasına ünvanlanan müraciətlərdə Türkiyənin Rusiyanın xüsusi maraq zonası sayılan keçmiş SSRİ ərazisində silahlı münaqişədə iştirakı xüsusi vurğulanırdı. Guya Azərbaycandakı Suriya muzdluları İran, Rusiya və hətta Avropanın təhlükəsizliyinə təhdid yarada biləcək “İŞİD terrorçuları”na bərabər tutulurdular. Ermənistanın baş naziri Nikol Paşinyan Avstriya və Fransada Dağlıq Qarabağdakı döyüşlərlə eyni vaxtda baş verən hücumları bir zəncirin halqaları kimi şərh etmiş və avropalılara xəbərdarlıq etmişdi ki, “Qafqazda qarşısını almasanız, türkləri tezliklə Vyanada gözləyin” [5]. Həmin günlərdə “minlərlə terrorçu Dağlıq Qarabağda” ifadəsi Moskvada da səslənirdi. O cümlədən Tehranda da dəfələrlə qeyd olunurdu ki, Türkiyə və Gürcüstan dərhal bölgədən çəkilməlidir. Xatırlatmaq yerinə düşər ki, Türkiyə ilə yanaşı Gürcüstan da bu regionun yeganə dövləti idi ki, 2019-cu ilin dekabrında BMT-nin “İnsan haqlarının pozulması və xalqların öz müqəddəratını təyin etməsi məsələlərinin həllində muzdlu döyüşçülərdən istifadə olunmasını” pisləyən qətnaməsini dəstəkləmişdi [3].
Cənubi Qafqazdakı digər bölgələrin daxili və xarici siyasətinin dünyanın böyük güclərinin maraq dairəsində olması məsələlərinə gəldikdə isə, müharibənin ilk günlərindən Ankara Ermənistan-Azərbaycan danışıqlarının formatını dəyişməyə çalışan və münaqişənin həllində vasitəçilik rolunu oynayan ATƏT-in Minsk qrupunu fəaliyyət göstərmədiyinə görə tənqid edirdi. Türkiyənin mövqeyi təbii olaraq Ermənistanın mövqeyindən fərqlənirdi. İran bu münaqişədə yalnız bir tərəfin – Azərbaycanın maraqlarını müdafiə etməyə çalışırdı. Türkiyənin təşəbbüsü Bakıda müsbət qarşılandı, lakin İrəvan və Qarabağdakı separatçılar bununla qəti şəkildə razılaşmadılar. Gürcüstan münaqişə ilə bağlı formal olaraq neytral mövqe tutur. Rəsmi Tbilisi Ermənistan və Azərbaycanla dostluq münasibətlərini saxlamağa çalışır. Məlumdur ki, prezident Salome Zurabişvili Tbilisidə Minsk qrupu çərçivəsində danışıqlara başlamağı təklif etmiş, eləcə də Gürcüstan öz ərazisindən silah daşınmasını qadağan etmişdir.
Araşdırmalardan görmək olur ki, Ermənistanın Azərbaycana qarşı olan əsassız torpaq iddiaları və təcavüzkar siyasəti regionu münaqişə ocağına çevirdi və Cənubi Qafqazda digər münaqişələrin başlanmasına rəvac verdi. Bunlara misal olaraq Abxaziya və Cənubi Osetiya hadisələrini göstərmək olar.
Cənubi Qafqazda Gürcüstan kompakt halda məskunlaşmış bir neçə millətin yaşadığı ölkələrdən biridir. Gürcüstanın tərkibindəki Cənubi Osetiyada baş vermiş münaqişənin fərqli xüsusiyyəti o idi ki, bu bölgədə daim osetinlər sayca üstünlük təşkil edirdi. Yəni, yerli əhalinin etnik azlığa çevrilməsi qorxusu yox idi. Məlumdur ki, Abxaziyada və Baltikyanı ərazidə milli hərəkatın inkişafına təkan verən məhz bu amil olmuşdur.
1989-cu ilin statistik məlumatlarına görə, Cənubi Osetiyada yaşayan 100 mindən artıq əhalinin 66,2 %-ni osetinlər, 29%-ni gürcülər təşkil edirdi, ailələrin təxminən yarısı gürcü-osetin qarışığı idi. Lakin hökumət strukturlarında, ticarətdə və təhsil sahəsində gürcülərin üstünlüyü tendensiyası artırdı. Məhz bu səbəbdən osetinlər diskriminasiyaya məruz qaldıqlarını iddia edərək, 1980-ci illərin sonlarında öz şimal həmvətənləri ilə birləşmək və bu yolla vəziyyətlərinin yaxşılaşdırılmasını tələb etməyə başladılar.
1990-cı il sentyabrın 20-də Cənubi Osetiya Gürcüstandan ayrılaraq öz müstəqilliyini elan etdi və bununla da münaqişə başladı. İlk dövrlərdə Rusiya osetinləri dəstəkləyirdi. Gürcüstanın 2008-ci ilin avqust ayında Cənubi Osetiyaya müdaxilə etməsi vəziyyəti gərginləşdirdi və regionda hərbi münaqişə daha da genişləndi. Rusiyadan dəstək alan osetinlər üstünlük qazanaraq müstəqillik əldə etdilər. Bu müstəqilliyi tanıyan ilk dövlət isə Rusiya oldu. Beynəlxalq təşkilatlar bu münaqişənin sülh yolu ilə həll edilməsini məqsədəuyğun hesab edirdi. Lakin buna baxmayaraq, gürcü-osetin qarşıdurması hələ də öz həll yolunu tapmamışdır. Regionda gərginlik davam edir.
Abxaziya probleminə gəldikdə, bu region Sovet dövründə Gürcüstanın tərkibində muxtar respublika idi. 1991-ci ildə Abxaziya da müstəqil olmağa çalışdı, lakin Tbilisinin buna etirazı ilə 1992-ci il avqustun 14-də başlayan müharibə 1993-cü il sentyabrın 23-də abxazların müstəqillik qazanması ilə başa çatdı. 2008-ci ildən etibarən Rusiya Abxazyanı müstəqil olaraq tanımasına baxmayaraq, Gürcüstan birmənalı şəkildə Rusiyanın Abxaziyanı işğal etdiyini iddia edir. Beynəlxalq aləm də Abxaziyanı Gürcüstanın separatçı regionu kimi dəyərləndirir.
Nəticə
Rusiya Ermənistanın müttəfiqi olmaqla yanaşı Gürcüstanda işğalçı kimi tanınır. O, həmçinin Azərbaycan kimi separatizm problemi ilə üzləşməkdə Gürcüstanın rolunu oynayır ki, bu da ona Qarabağ, Abxaziya və Cənubi Osetiya arasında bənzətmə aparmağa əsas verir. Gürcüstanın Azərbaycan tərəfin mövqeyini dəstəkləməsini şərtləndirən amil Azərbaycandan neft və qazın idxalından və tranzitindən həddindən artıq asılı olmasıdır. Digər tərəfdən, Gürcüstan iqtisadiyyatına qoyulan Türkiyə və Azərbaycan investisiyaları da bu kontekstdə mühüm rol oynayır.
Rusiya və Ermənistan strateji müttəfiqdirlər, Ermənistan həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, həm də Avrasiya İqtisadi Birliyinin üzvüdür. Azərbaycanın hərbi cəhətdən üstünlüyü üzə çıxdıqdan sonra, 2016-cı ildə ermənilərin “yenilməz ordu” mifi darmadağın edildikdən sonra Ermənistanın əsas ümidi Rusiyaya yönəlmişdi. Moskvanın Türkiyə təhlükəsini neytrallaşdıracağı, muzdluların iştirakını pisləyərək onları münaqişə zonasından çıxaracağı gözlənilirdi. O, ancaq Azərbaycan ordusu ilə məşğul olmalı idi.
Müharibənin ilkin mərhələlərində Rusiyanın ictimai mövqeyi sərt və bütövlükdə ABŞ və ya Fransanın mövqeyindən bir qədər fərqli olaraq xarakterizə edilə bilər. ATƏT-in Minsk qrupuna həmsədrlik edən üç dövlətin yekdilliyinin bariz nümunəsi onların liderlərinin birgə bəyanatı oldu. Müharibənin beşinci günündə, 2020-ci il oktyabrın 1-də Rusiya, ABŞ və Fransa prezidentləri “bölgədə eskalasiyanı qətiyyətlə pislədilər və dərhal atəşkəsə, habelə qeyd şərtsiz danışıqları bərpa etməyə çağırdılar”. O andan etibarən Rusiya Qafqazdan geri çəkildi və Türkiyənin bölgədə mövcudluğuna şərait yaratdı.
Rusiyanın regionda yeganə müttəfiqinin maraqları bahasına NATO üzvünün (yəni Türkiyənin) Cənubi Qafqazda artan rolunu qəbul etməyə hazır olması “post-sovet” Dağlıq Qarabağ münaqişəsinin simvolik sonu kimi qiymətləndirildi. Lakin 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının birgə bəyanatı imzalandı, gözlənilmədən müharibə dayandı, Azərbaycan ərazisində Türkiyə nisbətən sıxışdırıldı, əvəzində Rusiya hərbi qüvvələrinin mövcudluğu (sülhməramlılar rolunda) təmin edildi. Beləliklə, aydın olur ki, Cənubi Qafqazda maraqları toqquşan böyük dövlətlər Cənubi Qafqazda baş vermiş münaqişələrin birdəfəlik sona çatmasının, yəni bu regionda möhkəm sülhün bərqərar olmasının tərəfdarı deyil. Nisbətən, müvəqqəti olaraq “sakitləşmiş” region onlara daha çox sərf edir.
ATƏT-in Minsk Qrupu ləğv edildikdən sonra Ermənistan və Azərbaycan tərəfləri arasında praktiki olaraq yeganə vasitəçi kimi Rusiyanın rolu möhkəmləndi. Nəticədə “müqavilə qondarma quruma 2020-ci il sentyabrın 27-dək erməni quldurlarının nəzarəti altında olan qalan əraziləri xilas etməyə imkan verdi” – deyə müəllif etiraf edir [1]. Bütün bunların Rusiya və bütün postsovet məkanı üçün nəticələri birmənalı olmadı.
Qeyd edək ki, 2020-ci il II Qarabağ müharibəsində Azərbaycanın Türkiyənin dəstəyi ilə qazandığı hərbi qələbə regionda ortaq xarici və təhlükəsizlik siyasətinin formalaşmasına səbəb oldu. Lakin Cənubi Qafqaz ölkələri arasında yaxınlaşma modeli qurmaq, Rusiya Federasiyasını regiondan sıxışdırıb çıxarmaq, münaqişə zonalarında vasitəçilik mümkün olmadı. Çox güman ki, Avropa İttifaqı Cənubi Qafqazda və bütövlükdə postsovet məkanında yeni təsir modeli hazırlamalı olacaq. Avropa İttifaqı regional münaqişələrin həllində qarşılıqlı əlaqədə olmağa qadir və hazır olan beynəlxalq amil kimi görünür.
Ədəbiyyat
- Aветикян Г. Война 2020 года в Нагорном Карабахе: региональное измерение. Пути к миру и безопасности, 2020, №2(59), сс.181-191.https://doi.org/10.20542/2307-1494-2020-2-181-191
- Abbas Əraqçı. 11 noyabr, 2020. https://strateq.az
- Использование наемников как средство нарушения прав человека и противодействия осуществлению права народов на самоопределение. Резолюция, принятая Генеральной Ассамблеей 18 декабря 2019 года. Док. ООН A/RES/74/138. 24 января 2020 г. URL: https://digitallibrary.un.org/record/3848950/files/A_RES_74_ 138-RU.pdf.
- Каледжи В. Восемь принципов добрососедства: политика Ирана в отношении Нагорно-Карабахского конфликта. Международный дискуссионный клуб «Валдай»: Аналитика. 9 октября 2020 г.
- Пашинян – Европе: не остановите Турцию на Кавказе, ждите ее у Вены // EADaily. 04.10.2020
- Сажин В.И. К вопросу об ирано-азербайджанских отношениях // Институт Ближнего Востока [сайт]. 11.07.2014. URL: http://www.iimes.ru/?p=21450