Ümumilikdə, belə nəticəyə gəlmək olar ki, fərqli yanaşmalara baxmayaraq, hər bir nöqteyi-nəzər tərəfdarları daha çox əhalinin artım tempi və yaş strukturunun rolunun müzakirəsinə diqqət yetirirlər.
Bu məqalə Azərbaycan Respublikasının demoqrafik inkişaf dinamikasının, onun komponentləri və xüsusiyyətlərinin kompleks tədqiqatına həsr olunur.
Məqalə əhalinin artım templəri və yaş-cins strukturunda baş verən dəyişikliklərin ölkədəki iqtisadi və sosial inkişafa ortamüddətli perspektivdə – 2030-cu ilə qədər və uzunmüddətli perspektivdə – 2050-ci ilə qədər təsir etmə imkanları və baş verə biləcək nəticələrini əhatə edir. Demoqrafik dividend mövzusuna xüsusi diqqət ayrılıb. Azərbaycanda əmək ehtiyatlarının yaş strukturunun təhlili əhəmiyyətli yer tutur. Məqalədə son 25 ili xarakterizə edən demoqrafik proseslərin meylləri təhlil olunur, problemlər araşdırılır, ölkənin demoqrafik inkişafını səciyyələndirən xüsusiyyətlər üzə çıxarılır və tədqiq olunur.