Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Azərbaycanın regiondakı maraqları üçün nə dərəcədə arzuolunan və faydalıdır?
Tural Şirin
1991-ci ildə müstəqillik əldə etdikdən sonra, Azərbaycan ölkənin neft və qaz sektorunu inkişaf etdirmək üçün bütün gücünü səfərbər etdi. Dövlət orqanlarının düzgün şəkildə qərar qəbul etməsi nəticəsində son iki onillikdə ölkəyə milyardlarla birbaşa xarici investisiya cəlb olundu. Nəticədə, Azərbaycan qonşu ölkələrlə və strateji tərəfdaşlarla iqtisadi əlaqələrini gücləndirərək regionda ən sürətlə inkişaf edən inkişaf etməkdə olan ölkələrdən birinə çevrildi. Bütün dünyada neftin qiymətinin qalxmasına baxmayaraq, Azərbaycan hələ də əhəmiyyətli dərəcədə karbohidrogen sektorundan asılıdır. Əsrin müqaviləsi, ötən əsrin sonunda əsası qoyulmuş Cənub Qaz Dəhlizi, tez-tez “21-ci əsrin müqaviləsi” adlandırılan Şah-Dəniz layihəsinin ikinci mərhələsinin (TANAP və TAP boru kəmərləri) işlənib hazırlanması Azərbaycanın enerji layihələrində etibarlı tərəfdaş və təhlükəsiz tranzit ölkə kimi nüfuzunu möhkəmləndirdi. Yuxarıda qeyd olunmuş nailiyyətlər Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin həyata keçirilməsində əvəzolunmaz rola malik olmasına gətirib çıxarmışdır. Buna baxmayaraq, belə irimiqyaslı layihələrdə iştirak Azərbaycanın bir sıra ciddi problemlərlə qarşılaşmasına səbəb olacaqdır. Ölkə rəsmiləri hansı nəqliyyat dəhlizinə daha çox üstünlük verməlidir? Azərbaycan Rusiya və İranla olan ikitərəfli əlaqələrin yaxşılaşdırılması üçün Şimal-Cənub ticarət layihəsinə daha çox diqqət yetirməli, yoxsa “Yeni İpək Yolu” təşəbbüsü ilə Çinlə mövcud əlaqələrini gücləndirməlidirmi? Bütün bu suallara zaman cavab verəcək, bununla belə hökumətimizin uzunmüddətli perspektivi qərar qəbulu prosesində əhəmiyyətli mərhələ olacaq.
Şimal-Cənub nəqliyyat dəhlizi
Dəhlizlə bağlı ilkin fikirlərin tarixi 1993-cü ilə gedib çıxır. Yalnız 2000-ci illərin sonlarında Hindistan, İran və Rusiya memorandum imzalamış və iki il sonra qəbul edilmişdir. Azərbaycan öz növbəsində 2005-ci ildə bu tarixi sazişin tərəflərindən birinə çevrilmişdir. Təşəbbüsün inkişaf tempinin sürətləndirilməsi cəhdlərinə baxmayaraq, qərbin tərəf dövlətlərdən olan İrana qarşı irəli sürdüyü sanksiyalar səbəbindən layihə on ildən bir az artıq müddətə təxirə salınmışdı. Qərbin öz fikrini dəyişməsi və İrana qarşı sanksiyaları dayandırması ilə layihənin həyata keçirilməsində canlanma müşahidə olundu. Dəhlizin ümumi uzunluğunun 7,000 kilometrdən artıq olacağı nəzərdə tutulur ki, bunun da 30-50 faizi Rusiya torpaqlarından keçən marşrut xəttindən asılıdır.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi təkcə gələcək Azərbaycan-Rusiya münasibətləri üçün həyati əhəmiyyət kəsb etmir, eləcə də Şimal və Cənub yarımkürələri arasında daha sürətli ticarət marşrutlarının yaradılmasında böyük rol oynayır. Hal-hazırda mallar Fars körfəzi, Süveyş kanalı və Aralıq dənizi vasitəsilə ən tez ay yarıma Şimal dənizinin limanlarına göndərilir, lakin Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə bu vaxt bir aydan daha az bir müddətə qısalacaq. Məhz buna görə də layihənin əsas hərəkətverici qüvvələrinin Hindistan, İran və Rusiya olmasına baxmayaraq, bir çox ölkə bu təşəbbüsün həyata keçirilməsində maraqlıdır.
Şərq – Qərb layihəsi
Şərq-Qərb layihəsi və ya “Yeni İpək yolu” layihəsi Asiya və Avropa arasında bir əsrdir ki, davam edən münaqişə və antoqonizm səbəbindən arası kəsilmiş enerji, nəqliyyat və ticarət əlaqələrinin yenidən bərpa olunması ilə bağlı təşəbbüsdür. İpək Yolu iqtisadi kəməri avtomobil yolu və dəmir yolu vasitəsilə Avropa bazarlarına girişi təmin etmək məqsədilə Çin tərəfindən işlənib hazırlanmış təşəbbüsdür. Kəmər Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və ya Ukrayna vasitəsilə Çin iqtisadiyyatını Avropa İttifaqı ölkələrinin iqtisadiyyatı ilə birləşdirir. Coğrafi nöqteyi nəzərdə Azərbaycan gələcəkdə potensial olaraq mərkəzi nəqliyyat qovşağına çevrilə bilər.
Azərbaycan Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Hava limanında genişmiqyaslı yenidənqurma işləri aparmış və Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində həyata keçirilən genişmiqyaslı infrastruktur layihəsi qismində Bakı-Tbilisi-Qars dəmir yolu marşrutunu istismara vermişdir.
Hər iki nəqliyyat dəhlizinin iqtisadi faydaları
Azərbaycanın hər iki marşrut xəttinin kəsişmə nöqtəsində yerləşməsi zəifləmiş iqtisadiyyatın stabilliyinin güclənməsinə və davamlı investisiya axınına səbəb olur ki, bu da öz növbəsində ölkənin daha da çiçəklənməsinə zəmin yaradır. 2020-ci ilin sonuna kimi “Yeni İpək Yolunun” Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə daşınacaq konteynerlərin sayının təqribən 400.000 olacağı nəzərdə tutulur. Heç şübhəsiz, bu da təkcə tranzit rüsumlar hesabına külli miqdarda gəlirin əldə olunmasına gətirib çıxardacaq. Xəzər dənizinin ən böyük ticarət limanlarından birinə çevrilməkdə olan, yuxarıda qeyd olunmuş Ələt Dəniz Limanı ildə 15 milyon ton mal, eləcə də 100,00 konteyner qəbul etmək və göndərmək həcminə malik olacaq. İki dəhliz arasında nəqliyyat qovşağına çevrilməklə Azərbaycan öz məhsullarını aşağı rüsumla Avropa və Asiya bazarlarına ixrac etmək, habelə qısa müddət ərzində “Köhnə Dünya” ölkələrindən əsas istehlak mallarını idxal etmək imkanı əldə edəcək. Onilliklər boyunca əlçatmaz olan Avropa bazarları artıq uzaqda deyil. Bir sözlə, əhəmiyyətli nəqliyyat qovşağı rolunu həyata keçirmək məqsədilə yaradılmış müasir infrastruktur, telekommunikasiya, avtomobil yolu və dəmir yolu nəqliyyat şəbəkələri, eləcə də modernləşdirilmiş dəniz və hava limanları milli iqtisadiyyatı və ölkənin regionları arasında yerli məhsul mübadiləsini inkişaf etdirəcək. Nəhayət Azərbaycan, iqtisadiyyatı diversifikasiya etmək və iqtisadiyyatın qeyri-neft-qaz sektorunu inkişaf etdirmək üçün uzun müddətdir ki, gözlənilən və heç şübhəsiz tarixi əhəmiyyətə malik olan imkan əldə edəcək.
Nə üçün Azərbaycan qısa müddətli perspektivdə Şimal-Cənub nəqliyyat dəhlizinə diqqətini yönəltməlidir?
Çin heç şübhəsiz bəşəriyyətin bu vaxta kimi gördüyü ən böyük ticarət marşrutunu – Böyük İpək Yolunu bərpa etmək təşəbbüsünü irəli sürmüşdür. Bu, bir tərəfdən Azərbaycan üçün əlverişli imkan, digər tərəfdən isə böyük çağırışdır, belə ki, hal-hazırda layihənin reallaşması üçün bir sıra problemlər mövcuddur. Dəhlizin böyük bir hissəsi Qərblə qeyri-stabil münasibətləri olan Rusiya və Çin üçün (qeyd: Kerç boğazı hadisələrinə görə Qərbin Rusiyaya mənfi münasibəti və ABŞ-ın Çinlə iqtisadi müharibəsi) strateji əhəmiyyət daşıyan Mərkəzi Asiya dövlətləri olan Türkmənistan və Qazaxıstandan keçir. Hamıya məlumdur ki, Mərkəzi Asiyanın təbii sərvətləri özünün təbii qaz ehtiyaclarını təmin etmək üçün alternativ enerji marşrutları və ehtiyatları axtarışında olan Aİ üçün böyük maraq kəsb edir. Şərq-Qərb nəqliyyat dəhlizi Aİ və Amerika Birləşmiş Ştatlarının timsalında qərb ölkələrinə bu ehtiyatlardan istifadə imkanları verəcək və bu da öz növbəsində Mərkəzi Asiyada qüvvələr balansının dəyişməsinə səbəb olacaq. Şübhəsiz ki, Çin regionda hadisələrin belə inkişafını nəzərə almadan hərəkət etməyəcək.
Bundan əlavə, Rusiya və Çinin birlikdə qərbə qarşı mənfi münasibət bəslədiklərinə baxmayaraq, Çinin yeni supergüc və qərbə qarşı yeganə tarazlaşdırıcı qüvvə kimi güclənməsi ilə Rusiyanın Mərkəzi Asiyada malik olduğu status-kvo sual altında qalacaq. Rusiya post-sovet ölkələrini öz təsir dairəsində saxlamaq üçün bütün təsir vasitələrindən istifadə edir və aydındır ki, Çinin təşəbbüsü ilə nəhəng regional layihələrin işlənib hazırlanması onun bu məqsədinə xələl gətirə bilər. Şərq-Qərb nəqliyyat dəhlizinin gətirəcəyi böyük əməkdaşlıq imkanlarına baxmayaraq, yuxarıda qeyd edilən faktorlar bu layihənin gerçəkləşməsini çətinləşdirir, belə ki, rəqiblərin qarşısında təsir dairəsinin itirilməsi hal-hazırda gündəlikdə duran əsas məsələdir.
Digər tərəfdən, Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycanın regiondakı mövqeyinin sabitliyi baxımından geosiyasi əhəmiyyət kəsb edir. Dost Rusiya ilə daha bir regional əhəmiyyətə malik layihənin gerçəkləşməsi qonşu Azərbaycan və Rusiyanın daha da yaxınlaşmasına və müəyyən məsələlərdə iqtisadi və siyasi əməkdaşlığın güclənməsinə səbəb olacaq. Bir çox siyasi analitiklərin də qeyd etdiyi kimi, “Şimal-Cənub Layihəsi” Azərbaycan və Rusiya arasında güclənməkdə olan siyasi əlaqələrin aydın sübutudur.
Türkiyə və İran ilk növbədə dini müxtəliflik səbəbindən geosiyası rəqiblərdir. Suriya müharibəsi zamanı bir tərəfdən İran tərəfdarları olan şiələrlə digər tərəfdən Türkiyə tərəfdarları olan sünnilərin qarşıdurması bu rəqabətin aydın təzahürüdür. Bununla belə, Rusiyanın İran və Türkiyə ilə olan münasibətlərinin yaxşı səviyyədə olmasını nəzərə alarsaq, bu dəhlizin inkişafı İran və Türkiyəni barışdırmaq üçün Azərbaycan və Rusiyaya əlverişli imkan verir. Bütün bunlardan sonra dörd dövlət arasında regional alyans yaratmaq çox çətindir, lakin regionun iki əsas güc dövləti arasında barışıq əldə etmək mümkündür. Azərbaycan Rusiya ilə birlikdə regional qüvvələrin barışmasına müvəffəq olarsa gələcək layihələrin maneəsiz şəkildə işlənib hazırlanmasına nail olmaq mümkündür.
Uzun illər boyunca Azərbaycan qonşu Ermənistanı öz qoşunlarını Azərbaycandan çəkməkdən imtina etməsinə görə regional layihələrdən müvəffəqiyyətlə təcrid etməyi bacarmışdır, müzakirə olunan layihə istisna təşkil etmir. Bundan əlavə, bir üstünlük diqqətdən kənarda qalır. Azərbaycan, İran və Rusiya arasında layihə çərçivəsində əldə olunan üçtərəfli əməkdaşlıq Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki mövqeyini möhkəmləndirəcək. İyirmi ildən artıqdır ki, Moskva-İran-Tehran əməkdaşlığı davam etməkdədir, buna baxmayaraq, Şimal-Cənub layihəsinin reallaşdırılması ilə Bakı-Moskva-İran üçlüyünü formalaşdırmaq mümkün olacaq ki, bu zaman Ermənistan rəsmiləri Rusiya və İran ilə əməkdaşlıqdan əhəmiyyətli dərəcədə uzaqlaşdırılacaqlar. Həqiqətən də əsas regional layihələrdə fəal iştirak Azərbaycanın Rusiya və İran da daxil olmaqla demək olar bütün qonşu dövlətlər üçün cəlbedici ticari tərəfdaş olduğunu nümayiş etdirir.
Nəticə və müzakirələr
Son illər Azərbaycan bir çox regional layihələrin həyata keçirilməsində aparıcı rol oynayır. Dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə çevrilməklə Azərbaycan özünün regional və qlobal aparıcı qüvvələr üçün dəyərli tərəfdaş olduğunu sübut etmişdir. Azərbaycan böyük beynəlxalq layihələrin – Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri layihələrinin tərəfdaşı olmaqla öz tarixində yeni əsrarəngiz bir səhifə açmağa hazırdır. Heç şübhəsiz, hər iki layihə qonşu dövlətlərlə və beynəlxalq tərəfdaşlarla əldə olunan sıx əməkdaşlıq sayəsində ölkə iqtisadiyyatına milyardlarla dollar gəlir gətirəcək. Bununla belə, enerjinin mərkəzləşməsi və diqqətin Şimal-Cənub layihəsinə yönəldilməsi daha əlverişlidir. Faktiki olaraq Azərbaycan regionda əsas aparıcı qüvvə deyil, ən azından indilik, və Rusiyanın dəstəyi Azərbaycan üçün zəruridir. Şərq-Qərb dəhlizinin uğurla reallaşdırılması Rusiyanın Qafqazda və Mərkəzi Asiyada malik olduğu status-kvo üçün təhlükədir. Beləliklə Çinin təşəbbüsünün tam şəkildə təsdiqi Azərbaycanla Rusiya arasında soyuqluqla nəticələnə bilər ki, bu da hal-hazırda siyasi hadisələrin lüzumsuz yöndə inkişafı deməkdir. Digər tərəfdən, Şimal-Cənub layihəsi Azərbaycan üçün böyük siyasi əhəmiyyətə malikdir. Özünü əhəmiyyətli regional tərəfdaş kimi sübut etməsindən əlavə, Rusiya və İranla üçtərəfli əlaqələrin yaxşılaşdırılması artmaqda olan iqtisadi potensialın siyasi təsir dairəsinin güclənməsinə gətirib çıxardığının bariz nümunəsidir. Ən önəmlisi isə, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Azərbaycan rəsmilərinə Dağlıq-Qarabağ regionu ilə bağlı arzuolunan razılıq əldə etmək üçün əlverişli üstünlük vermək potensialına malikdir. Bir sözlə, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Azərbaycana yaxın gələcəkdə daha geniş iqtisadi və siyasi imkanlar verə bilər.
İstifadə olunan ədəbiyyat:
Abdul Kərimxanov, Şimal-Cənub layihəsi ilə bağlı Azərbaycan və Belarusiya arasında imzalanmış Saziş, Azernews, (19 noyabr 2018-ci il), aşağıdakı linkdən əldə olunub: https://www.azernews.az/business/141142.html
Azernews, İlham Əliyev: Şimal-Cənub və Şərq-Qərb layihələrinin reallaşması Azərbaycan üçün tarixi üstünlükdür. (30 yanvar 2018-ci il), aşağıdakı linkdən əldə olunub: https://www.azernews.az/nation/126267.html
Mahir Hümbətov, Cənubi Qafqaz mərkəzli Nəqliyyat qovşağı: Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsi, 2017, aşağıdakı linkdən əldə olunub: http://sam.az/uploads/PDF/The%20South%20Caucasus-centred%20Transport%20Hub.pdf