Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu və iştirakı
Orxan Ağayev, Müəssisələrin statistikası, UNEC
Giriş
Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir. Müstəqilliyin ilk illərində Azərbaycanın xarici siyasətinin ən vacib istiqamətlərindən birini məhz enerji siyasəti təşkil etmişdir. Azərbaycanın enerji siyasətinin bir neçə istiqaməti mövcuddur ki, bunlardan daha vacib olan ikisini xüsusi qeyd etmək mümkündür. Birincisi, Azərbaycanın öz daxili enerji təhlükəsizliyinin təmini, ikincisi isə digər dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsinə verə biləcəyi töhfə ilə bağlı idi. Bu baxımdan həm Azərbaycanın enerji ehtiyatlarının hasilatı, həm də bu ehtiyatların beynəlxalq bazarlara çıxarılması yolları ilə bağlı yeni imkanların yaradılması böyük əhəmiyyət daşıyır.
XXI əsrin ilk illərində ölkəmizdə aparılan geniş miqyaslı islahatların daha da dərinləşdirilməsi, cəmiyyətimizin daha yüksək sosial-iqtisadi inkişaf pilləsinə yüksəlməsinə şərait yaratmışdır. Ölkədə investisiya mühitinin yaxşılaşdırılmasında mühüm addımlar atılmış, dövlət idarəçiliyi müasir meyarlara uyğun yenidən qurulmuşdur.
Hasilatı və Avropa bazarlarına çatdırılması məqsədi ilə reallaşdırılmış iri layihələr Avropanın neft və qazla təminatında Azərbaycanın önəmli yer tutmasına şərait yaratmışdır. [1] Xəzər hövzəsi regionunun dünya üçün mühüm karbohidrogen mənbəyi olması Avropanın diqqətindən yayınmır. Qərb analitikləri qeyd edirlər ki, Xəzər hövzəsində böyük neft şirkətlərilə ən yüksək əməkdaşlıq əlaqələri yaradan ölkə Azərbaycandır və Qərbin enerji daşıyıcılarının istismar edilməsində Azərbaycanla əməkdaşlıq etməsi yüksək qiymətləndirilir.
Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılıb.
Külək, günəş, bio-yanacaq kimi bərpa olunan enerji mənbələri qlobal enerji təhlükəsizliyinin təminatı və qlobal istiləşmənin qarşısının alınması baxımından mühüm əhəmiyyətə malikdirlər. Xüsusən də, XX əsrin 70-ci illərindəki yanacaq böhranı dünya ölkələrini bərpa olunan enerji mənbələri üzərində fikirləşməyi məcbur etdi. Aİ-nin bərpa olunan enerji mənbələri üzrə 2008-ci ilin dekabrında qəbul edilmiş direktivində hər bir ölkənin bu enerjidən istifadə payını artırması və ümumilikdə birlik daxilində bu həcmin 2020-ci ilədək 8.5%-dən 20%-dək artırılması tələb edilir.
İllər üzrə mərhələli şəkildə bu artım aşağıdakı kimi olmalıdır:
2011 və 2012-ci illərdə orta 20%;
2013 və 2014-cü illərdə orta 30%;
2015 və 2016-cı illərdə orta 45%;
2017 və 2018-ci illərdə orta 65%.
Həcmi (milyard cub metr) |
Artım sürəti
|
||||
Təchizatçılar | 2002 | 2020 | Artım
(2002-2020) |
2002 | 2020 |
Rusiya | 126 | 200 | 74 | 63% | 39% |
Afrika | 65 | 199 | 134 | 33% | 37% |
Yaxın Şərq | 7 | 100 | 93 | 4% | 18% |
Xəzər hövzəsi | 0 | 16 | 16 | 0% | 5% |
Digər | 1 | 3 | 2 | 1% | 1% |
Cəmi | 199 | 518 | 319 | 100% | 100% |
Cədvəl 1: Avropanın 2002 və 2020-ci illərdə qaz idxalı potensialı Mənbə: EU Energy Portal
Cədvəldən göründüyü kimi, Avropa İttifaqının gələcəkdə də qaz istehlakı idxal hesabına artmaqda davam edəcək və bu tələbatın ödənilməsində Xəzər regionu, xüsusən də Azərbaycan böyük rol oynayacaqdır. Xəzər regionunun dünya enerji məkanındakı yeri və rolu günü-gündən artır. [2] Bu həm də onunla bağlıdır ki, Xəzər hövzəsi ölkələri enerji resursları həcminə görə dünyanın ən əhəmiyyətli ikinci (Fars körfəzi regionundan sonra) geo-iqtisadi bölgəsi hesab olunur, həm də Bakı-Tbilisi-Ceyhan neft boru kəməri dünyada ən təhlükəsiz enerji məhsullarının dünya bazarlarına, istehlakçılara çatdırılması marşrutudur.
Azərbaycanın Qərblə iqtisadi və strateji əməkdaşlığının möhkəmlənməsində neft-qaz amilinin böyük rolu var. Məhz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında göstərdiyi fəaliyyətə görə ölkəmizin Qərbdə etibarlı müttəfiq imicini yaradıb. Neft respublikamızın ən zəngin təbii sərvətidir və onun ölkə iqtisadiyyatının inkişafında əvəzsiz rolu vardır.
Bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan böyük neft strategiyası 1994-cü ilin sentyabrında 15 dövlətdən 33 şirkətin iştirakı ilə imzalanan “Əsrin müqaviləsi”nin reallaşması üçün labüd şərait yaratdı. [3] Bu, Azərbaycan Respublikasının imza atdığı ilk beynəlxalq neft anlaşması idi və ilk gündən adı, tarixi önəmi və gələcəyə hesablanmış strateji mahiyyəti ilə müstəqillik salnaməmizdə ən layiqli yerini tutdu.
Son illər ərzində nəinki ölkəmizdə, regionda, Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı olan məsələlər arasında ən böyük layihələr imzalanmışdır. Burada “Şahdəniz-2”, TANAP və TAP layihələrini xüsusi ilə vurğulamaq olar.
Ulu öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyev çox gözəl şəkildə bildirmişdi: “Şahdəniz-2”, TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Layihəyə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaqdır. Təbii ki, bu layihə əlavə səylər tələb edəcəkdir.” Eyni zamanda, dövlətimizin başçısı “Şahdəniz” layihəsinin Avropanın enerji xəritəsini dəyişəcəyinə əmin olduğunu bəyan etmişdir.
Təbii ki, “Şahdəniz-2” layihəsi enerji təhlükəsizliyi layihəsidir. Hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyindən ayrılmazdır. Enerji təhlükəsizliyinin əsas elementlərindən biri təbii qazdır. Bu səbəbdən enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi Azərbaycan kimi istehsalçı ölkə, həmçinin tranzit və istehlakçı ölkələr üçün eyni dərəcədə vacibdir.
Bu layihə çərçivəsində il ərzində hasil ediləcək 16 milyard kubmetr qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq. Göründüyü kimi, Azərbaycan hasil etdiyi təbii qaz həcmlərini Avropanın getdikcə artmaqda olan enerji tələbatının təminatına yönəltməyə, bu məqsədlə nəqliyyat marşrutlarının diversifikasiyasının tərəfdarıdır.[4]
Cənub Qaz Dəhlizinin reallaşmasında qabaqcıl layihələrdən biri TANAP layihəsidir. Bir çox mütəxəssis bu layihəni Azərbaycanın ən mühüm enerji layihəsi hesab edir. Demək olar ki, TANAP Azərbaycanın Avropanın Enerji bazarlarına inteqrasiyası, eləcə də təhlükəsiz tranzit dövlət kimi öz mövqeyini möhkəmləndirməsi üçün ən böyük imkandır. Uzunmüddətli perspektivdə layihə ölkənin təbii qaz ixracını ildə 8.1 milyard kubmetrdən təqribən 24 milyard kubmetrə kimi artıracaq. [5] TANAP layihəsinin köməyi ilə Türkiyə illik 5% istehlak həcminə malik olan zəif qaz ehtiyatı problemini həll etməyə bir addım da yaxınlaşacaq, bu göstərici Avropa ölkələrində 20-30%-ə bərabərdir.[6]
İlkin razılığa əsasən TANAP vasitəsilə Avropaya nəql olunacaq illik 10 milyard kubmetr həcmində qaz tədürükü Avropanın qaz idxalının 3-4%-ni, nəqlin gələcəkdə 20 milyard kubmetrə çatması ilə isə, bu göstəricinin təqribən ikiqatını təşkil edəcək. Avropa Komissiyasının sözlərinə görə, zərurət yaranarsa uzunmüddətli perspektivdə Avropa İttifaqı Cənub Qaz Dəhlizi vasitəsilə həyata keçiriləcək qaz idxalının həcmini 80-100 milyard kubmetrə kimi artıra bilər.[7]
Qlobal əməkdaşlıq mühitində reallaşan Cənub qaz dəhlizi geniş coğrafiyada enerji təhlükəsizliyinə birləşdirici kəmərlərlə Balkanların enerji təchizatına töhfə verəcəkdir. Cənub qaz dəhlizi və onun bir hissəsi olan TAP layihəsi bir tərəfdən Avropanın enerjiyə artan təlabatının ödənilməsində yeni mənbə və marşrut təklif edir. TAP layihəsi Yunanıstan və Türkiyə sərhədindən Trans-Anadolu kəmərindən qazı alaraq Cənubi İtaliya bazarına çıxaracaq. Bu zaman həm də TAP-dan Albaniya, Bosniya-Hersoqovina, Monteneqro, Yunanıstan, Xorvatiya, həmçinin daxili şəbəkələr ilə Bolqarıstan “mavi yanacaq” almaq imkanına malik olacaq. Bu baxımdan demək olar ki, Avropa bazarına artıq Azərbaycan qazı daxil olur. TAP layihəsi demək olar ki, enerji diversifikasiya məqsədinə xidmət göstərir, digər tərəfdən isə kömürdən çox istifadə edən ölkələrdə təmiz enerji mənbəyinin tətbiqinə imkan yaradır.
Regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyəti olan TANAP və TAP layihələri, həmçinin “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması ölkə iqtisadiyyatının inkişafında səmərəli olmaqla əhalinin sosial rifahının və ölkəmizin sosial-iqtisadi inkişafının daha da yaxşılaşmasında müstəsna əhəmiyyət kəsb edir.
İlk öncə bu layihə Gürcüstan ərazisindən keçəcək və bu ölkənin enerji təhlükəsizliyini təmin edəcək və görəsən bu layihənin icrasında Gürcüstan Azərbaycan üçün etibarlı tərəfdaşdırmı ?
Azərbaycanla Gürcüstan hazırda müstəqil dövlətlər kimi, bütün sahələrdə fəal əməkdaşlıq edir, ərazi bütövlüyü məsələsində və beynəlxalq tədbirlərdə – BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar daxilində birgə işləyir və hər zaman bir-birinə dəstək verirlər. Məlum olduğu kimi, hər iki ölkənin ərazi bütövlüyü, eləcə də beynəlxalq hüquq normaları kobud şəkildə pozulub. Qonşu respublikaları Azərbaycan ilə hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib.
Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir.
Bəs Azərbaycan Gürcüstanın enerji təhlükəsizliyində nə kimi rol oynaya bilər? Birincisi, Gürcüstan bir enerji mənbəyindən asılı qalmayacaq, yəni Rusiyanın Qazprom şirkəti ilə təkcə əməkdaşlıq etmiyəcək. Rusiyanın qaz inhisarçısı ilə danışıqlarda dövlət üçün risk görürlər. “Qazprom”la aparılan danışıqlar siyasi xarakter daşıyır və ölkənin enerji təhlükəsizliyinin zəifləməsinə yönəlib. İkincisi isə Azərbaycan alternativ qaz mənbəyidir və strateji tərəfdaşdır.
Azərbaycanın enerji layihələrinin icrasında ikinci mühüm dövlət Türkiyədir. Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin etməsində Türkiyə tranzit ölkə rolunu oynayan ən etibarlı tərəfdaşdır.
Qarşılıqlı etibar və həmrəylik əsasında formalaşan Azərbaycan-Türkiyə əlaqələri beynəlxalq platformalarda da davam edir. Hər iki dövlət Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və İslam Əməkdaşlıq Təşkilatında birgə əməkdaşlıq nümayiş etdirir.
Türkiyə bazarının 54%-i və ya ildə 25 mkm təbii qaz “Qazprom” şirkətinə aiddir. Belə ki, 2012-ci ildə “Botaş”ın verdiyi proqnoza görə, Türkiyənin təbii qaza tələbatı 2030-cu ildə iki dəfəyə yaxın artacaq və 46 mkm-dən 81 mkm-ə çatacaq. Lakin Türkiyə öz enerji təhlükəsizliyini təmin etmək, xarici ölkələrdən asılılığı azaltmaq, geo-siyasi baxımdan Ankaraya qarşı təbii qazdan alət kimi istifadə edilməsinin qarşısını almaq məqsədilə öz enerji sektoruna müdaxilə edərək elektrik enerjisinin istehsalında yerli enerji mənbələrindən (daş kömür, liqnit, bərpa olunan və alternativ enerji və s.) istifadə etməyi təşviq etmişdir. Nəticədə bu siyasət öz bəhrəsini gözlənildiyindən də artıq verməyə başlamışdır. Belə ki, 2015-ci ildə tələbatın 1.5%, 2016-ci ildə 4%, 2017-ci ildə isə 0.6% (46 mkm) azalması müşahidə edilmişdir.
Bunlara baxmayaraq, Türkiyə enerji mənbələri baxımından kasıb bir ölkədir.
Azərbaycan Türkiyənin enerji təhlükəsizliyində rolu birincisi Azərbaycan Türkiyənin ikinci böyük qaz ixracatçısı olmaqla bu ölkənin ümumi tələbatının 11%-ni qarşılayır. Bu nöqtəyi nəzərdən enerji idxalına böyük ehtiyacı olan Türkiyə üçün bu mənbədən enerjinin dayanıqlı şəkildə təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir.
İkincisi, Türkiyənin ərazisindən artıq bir neçə tranzit boru kəməri keçir. Bura əsasən Azərbaycanın beynəlxalq və iri enerji layihələri daxildir. Bu vəziyyət Türkiyəyə bir neçə imkan təmin etmiş olur. Belə ki, ilk növbədə bu öz daxili bazarlarının enerji tələbatını alternativ mənbələrdən təmin etməkdir. İkincisi, Avropa Birliyinə namizəd ölkə kimi, bu təşkilatın əsas enerji təminatçısına çevrilərək tam üzvlük üçün mövqeyini möhkəmləndirməkdir. Sonda isə, öz geosiyası mövqeyindən istifadə etməklə dünya enerji istehlakçıları ilə istehsalçıları arasında körpü rolunu oynayaraq bundan həm siyasi, həm də iqtisadi dividendlər əldə etməyə çalışmaqdır. Belə ki, Türkiyə tranzit ölkə olmaqla yanaşı, həm də digər ölkələrdən onun ərazisinə gələn neft və təbii qazın ixracatçısı olmaq arzusundadır. Azərbaycan Türkiyənin enerji təhlükəsizliyində böyük rol oynayır.
Avropanın əsas enerji təminatçısı qismində ənənəvi olaraq Rusiya, Yaxın və Orta Şərq çıxış edib. İraq müharibəsi, İrana qarşı yürüdülən sanksiyalar faktiki olaraq Avropanı Rusiya neftindən asılı vəziyyətə salıb. Məhz bu səbəbdən Avropa və Rusiya Xəzər dənizinin neftinin alınmasında maraqlıdır. Birincisi, Avropa öz enerjiyə olan tələbatını ruslardan azaltmaq məqsədi ilə və ya bir inhisarçıdan asılı olmamaq üçün Azərbaycanı öz enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi görür. İkincisi isə öz hasilat sənayesinə olan təlabatını ödəmək və digər siyasi maraqları həyata keçirmək üçün Azərbaycan Avropanın enerji təhlükəsizliyində əlverişli mövqedir.
Nəticə
Azərbaycanın xarici siyasətində enerji amili öz əhəmiyyətli mövqeyini qorumaqda davam edir. Müxtəlif liderlərin hakimiyyətləri dövründə Azərbaycanın ümumi xarici siyasət strategiyasında ciddi dəyişikliklər nəzərə çarpsa da, Azərbaycanın enerji siyasəti 25 il boyunca əsasən bənzər hədəflərə yönəlmişdir. Azərbaycan bu siyasətlər nəticəsində hazırda öz enerji təhlükəsizliyini təmin edə bilir, eləcə də bəzi digər dövlətlərin enerji təhlükəsizliyində də əsas rollardan birini oynayır.
Bu barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Avropa parlamentinin Parisdəki ofisində “Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün strateji tərəfdaş “ mövzusunda beynəlxalq konfransda çıxışında bildirmişdir: Azərbaycan hələ 150 il öncə sənaye üsulu ilə neft hasil edən ilk ölkə olub. 1901-ci ildə dünya neftinin 50 faizi bizim ölkədə hasil edilirdi. İlk neft bumu digər əsas iştirakçılarla yanaşı, Nobel qardaşları, Şell-Transport və Rotşild Banking House şirkətlərinin iştirakı ilə baş tutdu. İkinci Dünya müharibəsində Azərbaycan Sovet İttifaqının neft təchizatının ümumi həcminin 70 faizdən çoxunu təkbaşına təmin edirdi və bu, faşizm üzərində Qələbəyə böyük töhfə oldu.
İyirminci əsrin axırlarında müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan elə bir investisiya mühiti yaratdı ki, dünyanın bir çox aparıcı enerji şirkətləri neft və qaz sektorumuza sərmayə qoymağa başladılar.
1994-cü ildə dünyanın aparıcı neft şirkətlərindən ibarət konsorsiumla “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycan tarixdə ilk dəfə olaraq Xəzər dənizinin resurslarını beynəlxalq aləmə açdı.
Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib və hazırda tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə töhfə verir.
Azərbaycanın əldə etdiyi ən böyük nailiyyətlərdən biri Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikilməsi idi. O, tarixdə ilk dəfə olaraq Xəzər və Aralıq dənizlərini birləşdirdi. Biz, həmçinin Xəzərin şərq sahilindən Avropa və beynəlxalq bazarlara neft təchizatçıları üçün çıxışın təmin edilməsində tranzit ölkə kimi öz rolumuzu oynayırıq. Biz təchizatda olduğu kimi, tranzitdə də etibarlı ölkəyik.
Digər tarixi nailiyyət qazımızın ixracı üçün dəhliz açmış Cənubi Qafqaz qaz boru kəmərinin tikintisi oldu.
Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Enerji təhlükəsizliyi məsələsinə yanaşmamız ondan ibarətdir ki, enerji resursları ölkələri və xalqları ayırmalı deyil, birləşdirməlidir. Enerji resursları rəqabət və ya toqquşmaya deyil, regional və beynəlxalq əməkdaşlığa xidmət etməlidir. Təchizatçıların, tranzit ölkələrin və istehlakçıların maraqları üst-üstə düşməli və daha çox proqnozlaşdırma və qarşılıqlı faydaya aparmalıdır. Bu, ölkəmizin enerji fəlsəfəsidir.[8]
Ədəbiyyat siyahısı
1) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş ” Azərbaycan 2020 Gələcəyə Baxış” inkişaf konsepsiyası
2) www.eurasianet.org and https://www.energy.eu/publications/
3) Xalq qəzeti.- 2009.- 25 avqust.- S. 1; 2
4) Xalq qəzeti- 07.04.2014
5) Asiya İnfrastruktur İnvestisiyalar Bankı, Azərbaycan Respublikası: Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) Layihəsi, 7 Dekabr2016 https://www.aiib.org/en/projects/approved/2016/_download/trans-anatolian/document/tanap-project-document.pdf
7) Interfax Qlobal Enerji, 2016-cı ildə İtaliyanın Qaz Sərfiyyatında 5% artım, 14 iyun 2017-ci il <http://interfaxenergy.com/gasdaily/article/26363/italian-gas-consumption-up-5-in-2016 səh 6
8) https://heydar-aliyev-foundation.org/az/content/view/54/594/Parisdə beynəlxaq konfrans