“Nord Stream – 2” (“Şimal Axını – 2”) qaz kəməri layihəsinin perspektivləri ilə bağlı Avropa ölkələrinin siyasi və iqtisadi dairələrində formalaşan mövqe.
Həmid Əhmədli, İqtisadiyyat və İdarəetmə, Qafqaz Universiteti
Giriş
Bu gün hər bir cəmiyyətin həm iqtisadiyyatının həm də sənayesinin davamlı inkişafı üçün enerji əvəz edilməz bir resurdur. Böyük bir regionu əhatə edən Avropa İttifaqı üçün enerji istehlakının təhlükəsiz, rəqabətə davamlı şəkildə, o cümlədən Aİ-nin qəbul etdiyi qanunlar çərçivəsində qarşılanması prioritet hesab edilir. Statistik məlumatlara əsasən deyə bilərik ki, Rusiya Federasiyası Avropa İttfaqının enerji istehlakında olduqca mühüm yeri tutur və son onillikdə Ukrayna ilə Rusiya arasında münasibətlərin kəskinləşməsi ittifaqa üzv bir sıra dövlətlərdə enerji böhranının yaşamasına səbəb olmuşdu. İstər yaşanmış böhran istərsə də, Rusiyanın enerji dominantlığını siyasi alət olaraq istifadə etməsi, Aİ-nin Vahid Enerji Birliyini təsis etməsinə şərait yaratmışdı. Təbii ki, burada vacib əhəmiyyət kəsb edən bir sıra məsələlərin həlli hədəf olaraq göstəriləsə də, əsas məqsəd enerji tədarükünün diversifikasiyalaşdırılması və Rusiyadan asılılığın azaldılması idi. Avropa İttifaqının 2020 hədəfləri içərisində yer alan yüksək texnologiyaların enerji sahəsində tətbiq edilməsi, bərpa olunan enerji resurslarının istehsalının artırılması və dünyanın müxtəlif regionlarından Avropa bazarlarına mayeləşdirilmiş təbii qazın (LNG) daxil olması ümumi mənzərəni müəyyən qədər dəyişsə də, Rusiya Aİ-nin enerji istehlakında başlıca mövqeyini qoruyub saxlamaqdadır. 2014-cü ildə Avopa Komissiyası tərəfindən ləğv edilən Cənub Axını Qaz kəmərinin hal-hazırda tikinti davam etdirilən Türk Axını ilə əvəzlənməsi və təbii qazın birbaşa Almaniyaya tədarükünü nəzərdə tutan Şimal Axını – 2 qaz kəməri layihəsi Rusiyanın Avropa bazarlarında əlverişli mövqeyinin qorunmasını təmin edəcəyi proqnozlaşdırılır. Hal-hazırda qərb siyasi və iqtisadi çevrələrində Şimal Axını – 2 qaz kəməri layihəsinin perspektivləri ilə bağlı fikir ayrılıqları davam etməkdədir. Aşağıdakı tədqiqatda layihənin Avropa İttifaqı və onun üzv dövlətləri üçün yarada biləcəyi mümkün təsirlərlər araşdırılmışdır.
Avropa İttifaqının Enerji Təchizatı
Avropa İttifaqı dünyanın ən böyük enerji istehlak edən regionlarından biri olmasına baxmayaraq, digər regionlarla müqayisədə enerji istehsalında olduqca kiçik paya sahibdir. Bu proses nəticə etibarı ilə regionun enerji asılılığının xarici təchizatçılar tərəfindən qarşılanmasına şərait yaratmışdır. Ümumi olaraq Avropada enerji ilə bağlı real təxminlərə nəzər yetirsək görərik ki, 2050-ci ilədək enerji istehsal və istehlakında kifayət qədər böyük həcmdə azalma olacağı proqnozlaşdırılır. Burada mühüm əhəmiyyət kəsb edən amil bərpa olunabilən enerji resurslarının orta və uzun dönəm ərzində ümumi istehlakda payının getdikcə artacağıdır. Buna səbəb Avropa İttifaqının Enerji və İqlim Dəyişikliyi ilə bağlı qəbul etdiyi 2020 hədəfləri içərisində bərpa oluna bilən enerji resurslarının payının artırılması və enerji səmərəliliyinin təmin edilməsidir.
Sovet dönəmində olduğu kimi, bu gün də Rusiyanın nef və neft məhsulları, o cümlədən təbii qazı Avropa bazarlarında mühüm yer tutmaqdadır. Lakin unutmaq lazım deyil ki, post-Sovet Rusiyasının ittifaq ölkələrinin ümumi istehlak etdiyi təbii qazın həcmindəki payı azalan xətt üzrə inkişaf etmişdir. Belə ki, Rusiyanın 1990-cı ildə Avropa İttifaqının istehlak etdiyi təbii qazda payı kəskin azalaraq 75%-dan 2007-ci ildə 40% civarına enmişdir[2].Aşağıdakı şəkil 1-də 2015-ci il ərzində Aİ-nin idxal etdiyi enerjinin hansı mənbələrdən gəldiyi əks olunmuşdur[3].
Statistikaya əsasən Rusiyanın ittifaq ölkələrinin ən böyük təbii qaz idxalçısı olduğunu, lakin əvvəlki dövrlərlə müqayisədə əzici üstünlüyə malik olmadığını rahatlıqla deyə bilərik. Hal-hazırda Rusiyanın əsas ixrac qaz kəmərləri Şərqi Avropanın keçmiş ittifaq üzvü olmuş Ukrayna və Belarus Respublikalarının ərazisindən keçməkdədir. 2006 və 2009-cu illərdə Rusiya və Ukrayna arasında təbii qazın qiymətində yaşanmış fikir ayrılığı nəticəsində əsasən Şərqi və Mərkəzi, qismən də Qərbi Avropa dövlətləri enerji təminatında ciddi problemlərlə üzləşmişdi. Təbii ki, proseslərin bu məcraya yönəlməsində kommersiya amillərini gözardı edə bilmərik. Lakin bir sıra ekspertlərin fikrincə Rusiyanın Ukraynaya ixrac etdiyi təbii qazın qiymətlərini Avropa bazarları səviyyəsinə yüksəldilməsini tələb etməsi məhz 2005-ci ildə Ukrayna siyasi arenasında baş vermiş radikal dəyişikliklərlə bağlıdır. Belə ki, Rusiya tərəfindən özünün gələcək siyasi və iqtisadi layihələrində mərkəzi rolu oynaması planlaşdırılan Ukraynanın rəsmi Moskva ilə yaxın siyasi əlaqələrini davam etdirdiyi müddət ərzində təbii qazın aşağı qiymətlərlə satışı iki ölkə arasında hər hansı ciddi bir mübahisəyə səbəb olmamışdı. Baş vermiş enerji böhranları Rusiyanın etibarlı tərəfdaş və davamlı təchizatçı imicinə mənfi təsir göstərmişdi. Bunun məntiqi nəticəsi kimi, artıq Avropa İttifaqının siyasi institutlarında Rusiyadan davam edən enerji asılılığının azaldılması və idxal bazarlarının diversifikasiyalaşdırılması, o cümlədən bütün bu tip məsələlərin qeyd ediləcəyi vahid konsepsiyanın yaradılması üzərində çalışmalar başlamışdı. Enerji siyasəti çox vaxt böyük həcmdə enerji istehsalçıları və tranzit ölkələri tərəfindən xarici siyasət əlati olaraq istifadə edilir[4]. Məhz bu reallıq Avropada enerji siyasəti barədə müzakirələrin başlanmasına səbəb oldu.
Avropa İttifaqının enerji sahəsində yaşanan bir sıra problemlərin həlli istiqamətində ilk addımı 2015-ci ildə Avropa Komissiyası tərəfindən Aİ-nin Enerji İttifaqı strategiyasının yaradılması oldu. Belə ki, qəbul olunmuş strategiyaya əsasən enerji səmərəliliyinin artırılması, yaxın aylarda imzalanması nəzərdə tutulan Paris İqlim Anlaşmasının müddəalarından ən önəmlisi hesab edilən karbon emissiyalarının azaldılması, enerji sahəsində innovasiyaların tətbiq edilməsi nəzərdə tutulurdu. Enerji təminatı üçün ortaya atılan hədəflər Avropa İttifaqının qanunvericilik bazasına uyğun şəkildə təhlükəsiz, davamlı və rəqabətli mühitdə həyata keçirilməli idi. Lakin ən önəmli müddəalar təbii ki, tam inteqrasiya olunmuş daxili enerji bazarlarına sahib olmaq və enerji mənbələrinin diversifikasiyası idi. Enerji İttifaqı Strategiyasına əsasən, daxili enerji bazarları bir-biri ilə qarşılıqlı əlaqədə olmalıdır. Bunun üçün ittifaqın üzvü olan ölkələrdə, əsasən də Şərqi və Mərkəzi Avropa dövlətlərinə interkonnektorların tikilməsi ilə enerji təhlükəsizliyin təmin edilməsi planlaşdırılır. Şəkil 2-də Eurogas təşkilatının 2012-ci ilin statistik məlumatlarına əsasən, Şərqi və Mərkəzi Avropa ölkələri ciddi şəkildə bir mənbədən, yəni Rusiya təbii qazından asılı qaldığını görə bilərik[5].
Hal-hazırda Şərqi Avropa Aİ-nin daxili enerji bazarlarına daha zəif inteqrasiya etmiş regionudur və Avropa Enerji Təhlükəsizliyi Strategiyasına əsasən enerji təchizatının davamlı və təhlükəsiz təmini,eləcə də təbii qaz təchizatçılarının bütün regional bazarlara çatması məqsədi ilə region ölkələri arasında interkonnektorların inşaası nəzərdə tutulurdu.
Enerji İttifaqı Strategiyasının ikinci ən önəmli hədəfi Avropa İttifaqının enerji təminatının şaxələndirilməsi və yeni enerji mənbələrinə çıxış əldə edilməsidir. Alternativ hesab edilən enerji mənbələri əsasən Mərkəzi Asiya və Azərbaycan qazını Avropa bazarlarına çıxarılmasını hədəfləyən Cənub Qaz Dəhlizi, son dövrlərdə tapılmış iri qaz rezervlərinə məxsus Şərqi Aralıq Dənizi və o cümlədən ənənəvi Şimali Afrika regionudur. Bundan başqa Avropa İttifaqı yaxın perspektivdə dünyanın müxtəlif regionlarından LNG yəni mayeləşmiş təbii qazın idxalını və onların müəyyən müddət ərzində saxlanmasını təmin etmək məqsədi ilə xüsusi saxlanma anbarlarının tikilməsini nəzərdə tutur. Hal-hazırda Cənub Qaz Dəhlizinə iri həcmli təbii qaz resurslarına malik olan Türkmənistanın qoşulması mümkün olmamışdır. Təbii ki, Rusiyanın Türkmən qazının Xəzərin dibi ilə Azərbaycana birləşdirəcək Transxəzər qaz layihəsinə mənfi münasibət bildirməsi burada ən böyük əngəl olaraq qalmaqdadır. Bundan başqa gələcək perspektivdə Cənub Qaz Dəhlizinə İran və İraqın qoşulması ilə bağlı planlar da gündəmə gələ bilər. Bir sözlə Avropa İttifaqı enerji bazarlarını şaxələndirmək, bərpa oluna bilən enerji resurslarına yeni innovasiyaları tətbiq etmək və enerji səmərəliliyini artırmaqla enerji ehtiyacını təhlükəsiz və davamlı şəkildə təmin etməyi planlaşdırır.
Şimal Axını – 2 layihəsi
Statistik təhlillərə əsasən Avropa İttifaqının enerji istehlakında bərk yanacaq məhsullarının, o cümlədən nüvə enerjisinin payının getdikcə azalmasına paralel olaraq təbii qazın ümumi istehlakda həcmi artan xətt üzrə inkişaf edəcəkdir. Bu proses təbii qaza olan tələbatın artacağını göstərməkdədir. Avropanın enerji təminatında ciddi oyunçu olaraq qalan Rusiyanın məhz bu reallıqdan hərəkət edərək Şimal Axını – 2 layihəsini gerçəkləşdirmək istəyi dominant mövqeyinin davam etdirilməsi kimi başa düşülə bilər. İlk öncə layihənin parametrləri haqda bilməkdə fayda vardır. Belə ki, Rusiyanın Vyborq limanından Almaniyanın Qreyvsvald şəhərinə Baltik Dənizi vasitəsiylə Şimal Axını – 1 kəmərinə paralel olaraq yeni qaz kəmərinin tikilməsi planlaşdırılır. Şimal Axını – 1 layihəsi 2012-ci ildə istifadəyə verilmiş və illik həcminin 55 milyard kubmetr olması planlaşdırılmışdır. Əlavə çəkilməsi gözlənilən iki boru xətti ilə birgə Şimal Axını layihəsinin gücü iki dəfə artıralaraq illik 110 milyard kubmetr həcmə malik olması proqnozlaşdırılır. Dünyanın ən böyük ofşor qaz kəməri hesab edilən Şimal Axını – 2 boru xətti Almaniyanın şərqindən NEL qaz kəmərinə birləşərək qərbə, OPAL və ona paralel tikilməsi planlaşdırılan EUGAL kəmərləri vasitəsi ilə isə cənuba doğru istiqamətlənəcək. 2015-ci ilin Sentyabr ayında Qazprom və Avropanın beş enerji şirkəti arasında Şimal Axını – 2 layihəsi ilə bağlı müqavilə imzalanmış və 2019-cü ilin sonunadək boru kəmərinin tamamlanması nəzərdə tutulmuşdur. Lakin layihənin ilk hissəsindən fərqli olaraq Şimal Axını – 2 layihəsi Qərb dünyasınnın siyasi və iqtisadi mərkəzlərində birmənalı olaraq qarşılanmamışdır. Hətta bu günədək bu mövzu ətrafında diskussiyalar hələ də davam etməkdədir.
Şərqi və Mərkəzi Avropa dövlətlərinin ümumi baxışları
Şimal Axını – 2 layihəsinə müxtəlif dövlətlər, o cümlədən biznes çevrələri və siyasi qruplar tərəfindən fərqli baxış sərgilənməkdədir. Bu layihənin əleyhdarları əsasən Şərqi və Mərkəzi Avropa dövlətləri o cümlədən Rusiya enerji məhsullarının Avropaya daşınmasında tranzit rolunu oynayan Ukraynadır. Buna səbəb layihənin Polşa, Ukrayna və Slovakiya kimi təbii qaz tranzitində mühüm rol oynayan ölkələrdən yan keçməsi nəticəsində bu ölkələrin tranzit haqlarından məhrum qalması və enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlardır. Belə ki, hər il təxmini hesablamalara əsasən, Rus qazının Avropaya daşınmasına görə Ukrayna 2 milyard ABŞ dolları məbləğində tranzit haqqı olaraq gəlir əldə edir. Rusiyanın mövcud enerji monopoliyasını davam etdirmək məqsədi ilə həyata keçirməyə çalışdığı Şimal Axını – 2 və Avropa İttifaqı tərəfindən ləğv edilmiş Cənub Axını layihəsinin fərqli variantı hesab edilən Türk Axını layihələri mövcud enerji xəttləri üzərində yerləşən ölkələrin, əsasən də Ukraynanın tranzit statusunun önəmini itirməsinə səbəb olacaq. Hətta Qazprom rəhbəri Aleksey Miller Türkiyəyə çəkilməsi planlaşdırılan qaz kəmərinin fəaliyyətə keçməsindən sonra Ukraynanın tranzit ölkə kimi rolunun sıfıra düşəcəyini bildirmişdi[6]. Şimal Axını – 2 layihəsinin gerçəkləşməsi fonunda maliyyə vəsaitlərinə ehtiyacı olan Ukraynanın tranzit gəlirlərindən məhrum olması ölkə iqtisadiyyatına mənfi təsir göstərəcək və rəsmi Brüssel üçün bu ölkənin önəmini azaldacaq.
Rusiya enerji məhsullarından ciddi dərəcədə asılı vəziyyətdə qalmış Mərkəzi və Şərqi Avropa dövlətləri Şimal Axını – 2 layihəsinin Rusiyanın iqtisadi və siyasi dominantlığını artıracağı, o cümlədən enerji marşrutlarının diversifikasiyalaşdırılması və Avropanın vahid enerji bazarının liberallaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə mane olacağı fikrindədirlər. Çünki onlardan fərqli olaraq Qərbi Avropa dövlətləri enerji təchizatının şaxələndirilməsi istiqamətində ciddi nailiyyətlər qazana biliblər və Şimal Axını – 2 layihəsinin bu qrupa aid ölkələrin daxili bazarlarında ciddi dəyişiklik yaratmayacağı proqnozlaşdırılır. Bu mənada zəif interkonnektor şəbəkəsi və alternativ qaz mənbələrinin azlığı Mərkəzi və Şərqi Avropa dövlətlərinin böyük ölçüdə tək təchizatçıdan asılılığının davam edəcəyini söyləməyə əsas verir. 2016-cı ildə Mərkəzi və Şərqi Avropanın yeddi ölkəsi Avropa Komissiyasına məktub yazaraq Şimal Axını – 2 layihəsinin ittifaqın rəqabətlilik prinsiplərini pozduğunu və adı çəkilən regionun enerji təhlükəsizliyi ilə bağlı müəyyən risklər yaratdığını bildirmişdi[7]. Polşanın Rəqabət və İstehlakçıların Müdafiəsi Bürosunun 2016-cı ildə Şimal Axını – 2 ilə bağlı bəyənatında layihənin qaz təchizatında rəqabəti məhdudlaşdıracağı bir daha qeyd edilmişdi[8]. Layihə çərçivəsində təbii qazın region dövlətlərindən yan keçməklə birbaşa Almaniyaya idxalı, adı çəkilən dövləti Avropa qaz bazarlarında önəmli mərkəzə çevirəcək. Hətta Polşanın keçmiş müdafiə naziri Radoslav Sikorski layihənin ilk mərhələsi hesab edilən Şimal Axını – 1 qaz kəmərini 1939-cu ildə Şərqi Avropanın Almaniya və Sovet İttifaqı arasında nüfuz bölgələrinə bölünməsi məqsədi ilə bağlanmış Molotov-Ribbentrop Paktı ilə müqayisə etmişdi[9].Bundan başqa Şimal Axını – 2 boru kəməri vasitəsi ilə iri həcmli təbii qazın birbaşa Almaniyaya daxil olması Şərqi Avropanı təbii qazla təmin edən mövcud boru kəmərlərinin nəql gücünün azalmasına gətirib çıxaracaq. Təsadüfi deyil ki, Şimal Axını – 1 boru kəmərinin fəaliyyətə başlaması Ukrayna ərazisindən keçərək Şərqi Avropanı təbii qazla təmin edən Qardaşlıq kəməri ilə nəql olunan təbii qazın həcminin azalması ilə müşahidə olunmuşdur[10].
Ekspertlərin fikrincə hal-hazırda Avropa İttifaqında liberal və açıq sərhədlər prinsipi çərçivəsində enerji bazarlarının varlığı Rusiyanın enerji dominantlığını davam etdirə bilməsinə yardım edir. 2019-cu ildə fəaliyyətə keçməsi planlaşdırılan Şimal Axını – 2 boru kəməri Avropada enerji sferasında rəqabət və ittifaqa üzv ölkələr arasında həmrəyliyin zəifləməsinə səbəb ola bilər. Belə ki, adı çəkilən boru xətti ilə daşınması planlaşdırılan təbii qazın daha sonra qaz kəmərləri və interkonnektorlar vasitəsi ilə Şərqi və Cənub-Şərqi Avropaya çatdırılması regionun alternativ enerji təchihzatçılarına və rəqabət mühitinə böyük zərbə vura bilər. Bundan başqa qeyd etmək lazımdır ki, son on illikdə baş vermiş enerji böhranları Qazprom şirkəti tərəfindən təbii qazın qiymətləndirilməsi mexanizminin birbaşa olaraq siyasi kriteriyalara söykəndiyini deməyə əsas verir. Son nəticədə Mərkəzi və Şərqi Avropa dövlətlərinin ciddi şəkildə tək təchizatçıdan asılı olaraq qalması, bu dövlətlərin Avropanın təhlükəsizliyini təhdid etməsi səbəbi ilə Rusiyaya qarşı tətbiq edilən sanksiya siyasətində Qərb tərəfdaşlarından fərqli mövqe ortaya qoymasına şərait yaradır.
Qərbi Avropa dövlətlərinin fərqli baxışları
Avropa ölkələrinin təbii qaza olan tələbatının artması, yeni marşrutların tapılması və onların Avropa İttifaqının qəbul etdiyi qanunlar çərçivəsində daxili bazarlara inteqrasiya prosesi ittifaq daxilində priorotet hesab olunmaqdadır. Məhz enerji təminatının qarşılanması istiqamətində ortaya çıxmış layihələrdən biri də Şimal Axını – 2 qaz kəməridir. Lakin yuxarıda bildirildiyi kimi, bu layihəyə Avropa ölkələrinin münasibəti heç də birmənalı deyildir. Bu gün Avropanın lider dövləti hesab edilən Almaniya və onun sənaye və biznes çevrələri, o cümlədən siyasi elitaları tərəfdaş dövlətlərin narahatlıqlarını gözardı edərək Şimali Axını – 2 layihəsininin ən böyük dəstəkçisinə çevrilmişdir. Hətta Almaniya kansleri Angela Merkel boru xəttinin kommersiya layihəsi olduğunu bildirərək layihəni müdafiə etmişdi[11]. Bu tip mövqeyin formalaşmasının təbii ki bir sıra səbəbləri var. Belə ki, layihənin gerçəkləşəcəyi təqdirdə Almaniya Avropa İttifaqının ən önəmli enerji mərkəzinə və tranzit marşrutuna çevriləcək. Son nəticədə bir sıra yerli enerji şirkətlərinin böyük miqdarda gəlirlər əldə etməsi və Almaniya federal büdcəsinə həm tranzit haqqı həm də vergi gəlirlərinin daxil olması gözlənilir[12]. Digər tərəfdən unutmaq lazım deyil ki, Almaniya tərəfindən Şimal Axını – 2 layihəsinin dəstəklənməsi həm də Rusiyanın adı çəkilən ölkədə həyata keçirdiyi lobbiçilik fəaliyyətinin bir nəticəsidir. Belə ki, keçmiş kansler Gerhard Şröyderin Şimal Axını konsorsiyumunun rəhbərliyinə gətirilməsi və bir sıra Alman sənaye şirkətlərinin qaşı tərəflə əlverişli müqavilələrə malik olması nəzərdən yayınmamalıdır. Hətta hər zaman Rusiya ilə isti münasibətlərə malik olan populist və radilak sağ təmayüllü Almaniya Alternativ partiyası höküməti Şimal Axını – 2 boru xəttini dəstəkləməyə çağırmışdı[13]. Lakin unutmaq lazım deyil ki, Almaniya əldə edəcəyi qazanclara paralel olaraq Rusiya enerji resurslarından asılılığını davam etdirəcək. 2015-ci ilin statistikasına əsasən Almaniyanın idxal etdiyi təbii qazda Rusiyanın payı 35 % olmuşdur[14] və Şimal Axını – 2 layihəsinin istismara verilməsi ilə Qazpromun mövqeyləri daha da güclənə bilər. Buna baxmayaraq, Almaniyanın Rusiya siyasəti üzrə xüsusi koordinatoru Gernot Erler boru xətti layihəsinin Avropada enerji təhlükəsizliyini təmin edəcəyini bildirib[15]. Almaniyadan fərqli olaraq ittifaqın digər önəmli üzvi İtaliya siyasi və iqtisadi maraqları çərçivəsində Şimal Axını – 2 layihəsinə qarşı müxalif cəbhədə yer almışdır. Buna səbəb adı çəkilən qaz kəməri layihəsinin İtaliyanın Avropada enerji mərkəzinə çevrilməsinə təhlükə yaratmasıdır. Belə ki, İtaliyanın idxal etdiyi təbii qazın önəmli bir hissəsi Ukraynadan keçən mövcud kəmərlər vasitəsi ilə Rusiyadan qarşılanmaqdadır və Şimal Axını – 2 layihəsinin istismara verilməsi ilə bütövlükdə təbii qazın idxalı Almaniya vasitəsi ilə həyata keçiriləcək. Belə olan təqdirdə, daha çox məbləğdə tranzit haqqı və yeni qaz paylayıcı infrastruktur layihələrinin tikilməsi son nəticədə təbii qazın istehlak qiymətinin artması ilə müşahidə olunacaq[16]. Digər tərəfdən Şimal Axını – 2 layihəsinin Avropa Komissiyasının Üçüncü Enerji Paketində qeyd edilən müddəalarla uyğunsuzluq təşkil etdiyini bildirən İtaliya həm də Avropa İttifaqını ikili standartlarda günahlandırır. Belə ki, Qara Dənizin dibi ilə Mərkəzi Avropadan keçərək İtaliyaya çatdırılması planlaşdırılan və bununla da ölkəni qitənin enerji mərkəzinə çevirəcək Rusiyanın Cənub Axını layihəsinin Avropa Komissiyasi tərəfindən rəqabətliliyə və enerji təhlükəsizliyinə təhlükə hesab edilərək dayandırılmasına baxmayaraq, Şimal Axını – 2 layihəsi ilə bağlı oxşar münasibət ortaya qoyulmamışdır. Beləliklə hər iki aparıcı ölkənin Rusiyanın Avropadakı enerji hegemoniyasını davam etdirmək məqsədi ilə planlaşdırdığı layihələrinə baxışılarının siyasi və iqtisadi maraqlar kontekstində cərəyan etməkdə olduğunu görə bilərik.
Avropa ittifaqı və ABŞ-ın baxışı
Avropa dövlətlərinin enerji təminatında tək mənbədən asılılığı və bu asılılığın siyasi proseslərə yansıması, ittifaqı regionda enerji təhlükəsizliyinin təmin edilməsi və rəqabətli enerji bazarlarının formalaşdırılması istiqamətində bir sıra addımlar atmağa vadar etmişdir. Məhz 2014-cü ildə Krımın ilhaqı və Şərqi Ukraynada başlanan müharibə Avropa İttifaqı tərəfindən Enerji İttifaqı Strategiyasının yaradılmasına ciddi təsir göstərmişdi. Bu gün region ərazisində planlaşdırılan hər hansı bir enerji layihəsi ittifaqın qanunvericilik bazasına və Enerji Strategiyasının müddəalarına uyğun şəkildə həyata keçirilməlidir. Hal-hazırda Avropa İttifaqının təbii qazla bağlı qanunvericilik bazasının əsasını Avropa Komissiyası tərəfindən 2009-cu ildə hazırlanan Qaz Direktivi əsasında formalaşmış Üçüncü Enerji Paketi təşkil etməkdədir. Üçüncü Enerji Paketinə əsasən Aİ-ərazinə çəkilməsi planlaşdırılan istənilən qaz kəməri layihəsi yalnız mülkiyyət ayrımı nəzərə alınmaqla həyata keçirilə bilər. Bir sözlə təbii qazın təchizatı, daşınması və paylanması prosesi fərqli tərəflər vasitəsi ilə təmin edilməlidir. Digər önəmli müddəa isə, təbii qaz təminatını həyata keçirən boru kəmərlərinə digər təchizatçıların yəni üçüncü tərəfin çıxış imkanına icazə verilməsidir. Bu tip tələblərin qoyulmasında məqsəd enerji sahəsində monopolist davranışların qarşısının alınması və rəqabətli mühitin davam etdirilməsidir.
Hal-hazırda Şimal Axını – 2 layihəsi ilə bağlı ittifaq daxilində fikir ayrılıqları davam etməkdədir. Bir sıra dövlətlər tərəfindən adı çəkilən layihənin Üçüncü Enerji Paketi ilə ziddiyət təşkil etdiyi və bunun enerji təhlükəsizliyinə xələl gətirəcəyi söylənməkdədir. Çünki ilk növbədə layihənin istismara verilməsi ilə Ukraynanın tranzit ölkə rolunun ciddi dərəcədə azalması və ölkənin təbii qaz infrastruktur şəbəkəsinin müasirləşdirilməsi məqsədi ilə Avropa bankları tərəfindən qoyulan investisiyaların son nəticədə əhəmiyyətsizləşməsi gözlənilir ki, bu da Avropa İttifaqı üçün məqbul hesab edilmir. Bununla bağlı Almaniya Kansleri A.Merkel cari ilin aprel ayında Berlində Ukrayna prezidenti P.Poroşenko ilə görüşü zamanı Şimal Axını – 2 layihəsinin Ukraynanın tranzit roluna mənfi təsir etməməsi gərəkdiyini bir daha açıq bəyan etmişdi[17]. Bəzi qərb təhlilçilərinin fikrincə, tək təchizatçıdan asılılığın azaldılması fonunda alternativ mənbələrin müəyyən edilərək Avropa bazarlarına inteqrasiyasını prioritet hesab edən ittifaqın Şimal Axını – 1 kəmərinə paralel şəkildə yeni boru kəmərinin çəkilməsinə mənfi rəy bildirməməsi enerji təhlükəsizliyinin və davamlılığının təmin edilməsi ilə bağlı qəbul edilmiş strategiyalarla ziddiyət təşkil edir. Məhz yaranmış narahatlıqların nəticəsi olaraq, cari ilin aprel ayında Kievdə Avropa Komissiyasının enerji məsələləri üzrə rəhbəri Dominik Ristori Şimal Axını – 2 qaz kəmərinin Avropa İttifaqı və Avropa Komissiyası tərəfindən dəstəklənməyəcəyini bildirmişdi. Onun fikrincə, layihə qaz təchizatının şaxələndirilməsini təşviq etmir və şəffaflıq prinsiplərini pozur[18].
Layihəyə iqtisadi prizmadan yanaşan bir sıra ekspertlərin fikrincə, Şimal Axını – 2 boru xətti Qərbin tətbiq etdiyi iqtisadi sanksiyalar nəticəsində Rusiyanın qlobal maliyyə mərkəzlərindən uzun müddətli kreditlər və sənayedə istifadəsi nəzərdə tutulan yüksək texnologiyalar əldə edə bilməməsi olduqca bahalı hesab edilən layihənin rentabelliliyini şübhə altına alır. Digər tərəfdən layihə çərçivəsində ixrac ediləcək təbii qazın həcmi Ukraynaın mövcud boru xəttlərinin həcminə bərarbərdir. Bu halda eyni həcmli qazın eyni istehlakçılara daha uzun marşrutla çatdırılması layihənin kommersiya maraqlarını şübhə altına alır[19].
Şimal Axını – 2 layihəsi ilə bağlı davam edən siyasi diskussiyalar ABŞ tərəfindən də diqqətlə izlənməkdədir. Avropanın Rusiya enerji resurslarından asılılığının ciddi dərəcədə azalması və alternativ mənbələrin regionun enerji bazarlarına inteqrasiyası ABŞ üçün olduqca mühüm əhəmiyyət kəsb etməkdədir. Təsadüfi deyil ki, alternativ marşrutlardan biri hesab olunan Azərbaycan qazını Avropaya daşıyacaq Trans Adriatik Boru xətti layihəsinə ABŞ-ın ciddi dəstək göstərdiyi və diplomatların Avropa dövlətlərində layihə ilə bağlı lobbiçilik fəaliyyəti apardığı müşahidə olunmuşdur.
Bu günədək Amerika siyasi dairələri Şimal Axını – 2 layihəsini müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində atdığı addımlarına ciddi zərbə vuracağı qənaətindədir. Məsələ ilə bağlı ABŞ Dövlət Departamentinin Enerji Resursları üzrə Bürosunun səlahiyyətlisi Sanda Oudkirkin sözlərinə görə, Şimal Axını – 2 yalnız Avropa xalqları üçün deyil, həm də Birləşmiş Ştatlar üçün narahatlıq yaradır. Çünki layihə bir sıra tərəfdaşlarımızın milli təhlükəsizliyinə geniş şəkildə təsir edir və bu vəziyyət bizim də milli təhlükəsizliyimizə təsir göstərmiş olur[20]. Layihə ilə bağlı 2017-ci ilin İyun ayında ABŞ Senatında keçirilən səsvermə ABŞ-ın bir sıra Avropa dövlətlərindən fərqli olaraq daha prinsipial mövqedə olduğunu göstərmişdi. Belə ki, ABŞ Senatı Rusiyaya qarşı tətbiq ediləcək sanksiyalara Şimal Axını – 2 layihəsində iştirak edən Alman və Avstriya şirkətlərini də daxil edəcəyini bildirmişdi. Buna cavab olaraq isə Almaniya və Avstriya dövlət nümayəndələrinin birgə bəyanatında Avropanın enerji təchizatı Birləşmiş Ştatların deyil Avropanın məsələsi olduğu vurğulanmışdı[21]. Lakin ABŞ-ın Şimal Axını – 2 layihəsinə qarşı tətbiq edə biləcəyi mümkün sanksiyalardan qorumaq məqsədi ilə Qazprom şirkəti Birləşmiş Ştatlarda lobbiçilik fəaliyyətinə təxminən 1 milyon dollar məbləğində vəsait xərcələmişdi[22]. Bütün bunlar Şimal Axını – 2 layihəsi ətrafında həm ABŞ-da həm də Avropada olduqca ciddi mübarizənin getdiyini bir daha təsdiqləyir.
Nəticə
Avropa İttifaqının təbii qaz tələbatının təmin edilməsi və mövcud bazarların qorunub saxlanması məqsədi ilə Rusiya tərəfindən ortaya çıxarılan Şimal Axını – 2 qaz kəməri ittifaqa üzv dövlətlər arasında fikir ayrılıqlarına səbəb olmuşdur. Artıq Avopa Komissiyası Şimal Axını – 2 layihəsinə ittifaqın heç bir institusional təşkilatı tərəfindən dəstək verilməyəcəyini bəyan edib. Lakin Rusiya enerji resurslarından ciddi dərəcədə asılılığını davam etdirən Mərkəzi və Şərqi Avropa ölkələrinin etirazlarına rəğmən, Almaniya dövlətinin layihəyə müsbət yanaşması ittifaq dövlətləri arasında həmrəylik və vahid enerji birliyi prinsiplərinin pozulmasına yol açır. Bu, ittifaq daxilində hegemon dövlətlərin və biznes çevrələrinin maraqlarının tərəfdaşlarının narahatlıqlarından daha üstün olduğunu göstərir. Avropanın son yüz illik tarixi inkişafında olduqca mühüm yer tutmuş ABŞ da prosesləri diqqətlə izləməkdədir. Çünki Birləşmiş Ştatlar Avropanın təhlükəzliyinə təhdidi birbaşa olaraq transatlantik maraqlara qarşı yönəlmiş fəaliyyət hesab etməkdədir. Bunun məntiqi nəticəsi kimi, Şimal Axını – 2 layihəsinin Rusiyaya qarşı tətbiq ediləcək sanksiyalar paketinə əlavə edilməsi ilə bağlı 2017-ci ildə ABŞ-da bir sıra dinləmələr keçirilmişdi. Layihə gerçəkləşəcəyi təqdirdə, Aİ-nin Rusiya qazından asılılığının artması baş verə bilər ki, bu da Aİ-nin qəbul etdiyi strategiyalara əsasən son illərdə əldə etdiyi nailiyyətlərə zərbə vura bilər. Bundan başqa Şimal Axını – 2 layihəsi vasitəsi ilə enerji asılılığının artması ittifaqın şərq tərəfdaşlarının Rusiya ilə münasibətlərinə yenidən baxmasına gətirib çıxaracaq ki, bu da yaxın gələcəkdə Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalarla bağlı vahid mövqeyin getdikcə zəifləməsinə səbəb olacaq.
[1]https://ec.europa.eu/energy/sites/ener/files/documents/20160712_Summary_Ref_scenario_MAIN_RESULTS%20%282%29-web.pdf p.3
[2]http://www.ecfr.eu/page/-/ECFR-09-BEYOND_DEPENDENCE-HOW_TO_DEAL_WITH_RUSSIAN_GAS.pdf
[3]https://ec.europa.eu/energy/sites/ener/files/documents/pocketbook_energy_2017_web.pdf
[4]https://ec.europa.eu/energy/sites/ener/files/publication/FOR%20WEB%20energyunion_with%20_annex_en.pdf , p6
[5]https://www.economist.com/news/briefing/21600111-reducing-europes-dependence-russian-gas-possiblebut-it-will-take-time-money-and-sustained
[6]https://www.rbth.com/business/2014/12/16/russia_turns_to_turkey_in_eu_gas_clash_42279.html
[7]https://uk.reuters.com/article/uk-eu-energy-nordstream-idUKKCN0WI1YV
[8]https://euobserver.com/economic/134694
[9]https://www.ft.com/content/eb1ebca8-9514-11e5-ac15-0f7f7945adba
[10]http://www.atlanticcouncil.org/images/acevents/GlobalEnergyCenter/Working-Paper-Nord-Stream-2.pdf
[11]https://www.wsj.com/articles/germanys-merkel-defends-russian-gas-pipeline-plan-1450447499
[12]https://staging.geopoliticalmonitor.com/nord-stream-two-implications-for-europe/
[13] http://www.dw.com/en/who-are-the-allies-of-vladmir-putin-and-russia-in-germany/a-43167367
[14]https://www.cleanenergywire.org/factsheets/germanys-dependence-imported-fossil-fuels
[15]http://tass.com/economy/845901
[16]https://www.brookings.edu/wp-content/uploads/2016/08/fp_20160818_demaio_tale_of_two_countrie.pdf p.8
[17] https://www.ft.com/content/42e31c82-3cc4-11e8-b9f9-de94fa33a81e
[18] https://www.express.co.uk/news/world/942793/EU-latest-European-Commission-Nord-Stream-2-Merkel-Putin-Russia-gas-pipeline
[19] http://www.atlanticcouncil.org/blogs/ukrainealert/why-the-seven-arguments-used-to-justify-nord-stream-ii-are-just-plain-wrong
[20] http://www.atlanticcouncil.org/blogs/new-atlanticist/the-battle-over-nord-stream-ii
[21] https://www.foreignaffairs.com/articles/europe/2017-08-23/trouble-nord-stream-2
[22] https://themoscowtimes.com/news/gazprom-lobbyists-spend-1-million-protecting-pipeline-from-us-sanctions-59433