Rusiya ətrafında sanksiyalar rejiminin gücləndirilməsi tendensiyasının post-sovet ölkələrinə təsirləri
Aygün Məmmədova, İnzibati idarəetmə, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Giriş: Müasir dövrdə dünya iqtisadi sistemində “sanksiya” sözünü daha çox işlədilən terminlər sırasına daxil etsək heç də yanılmarıq. Müharibələrin, münaqişələrin, siyasi toqquşmaların hökm sürdüyü dövrdə sanksiyalar bir növ silah rolunu oynayır. Sanksiyalar hər hansı bir dövlətlə iqtisadi əlaqələrin, tərəfdaşlığın, münasibətlərin pozulması məqsədilə həmin dövlətə yönəlmiş idxal və ixrac məhdudiyyəti formalarında təzahür edir. Yəni, sanksiya daha çox iqtisadi sahədə tətbiq olunsa da, bir çox hallarda siyasi sanksiyalar da cəza növü kimi tətbiq olunur. Dövlətin öz vətəndaşlarına qarşı haqsız davranışı, ədalətsiz mövqeyi, siyasi məhbus sayının artması və s. kimi hallarda demokratiyanın bərqərar olması naminə atılan addım kimi də qiymətləndirilir.
Mövzunun əhatə dairəsinə nəzər yetirdikdə, müəyyən olunur ki, hazırda ən çox sanksiyaya məruz qalan dövlətlər içərisində Rusiya ön plandadır. Rusiyanın daha çox hədəfə çevrilməsi siyasi xarakter almaqla yanaşı, iqtisadi sahədən də yan keçmir. Belə ki, tətbiq olunan iqtisadi qadağaların ölkənin birbaşa daxilində hiss olunması ilə yanaşı, Rusiyaya qonşu olan dövlətlərə, xüsusilə də post-sovet ölkələlərinə təsiri qaçılmazdır.
Amerika Birləşmiş Ştatları ilə Rusiya arasında davam edən münaqişə artıq siyasi sferadan bir qədər də kənara çıxaraq Avropa, Asiya ölkələrinin də bu iqtisadi və siyasi oyunun burulğanına düşməsinə zəmin yaradır.
Mövzunun adından məlum olduğu kimi məqalədə Rusiyayanın hazırki siyasi-iqtisadi durumunun qonşu dövlətlərə təsirindən bəhs edilərək, məsələnin ölkəmizə, eləcə də digər post-sovet ölkələrinə təsirinə yer verilmiş, əsasən Rusiya mətbuatına əsaslanaraq, mövcud təhlillərə və ölkənin kütləvi informasiya vasitələrindəki çıxışlara istinad edillməklə şəxsi mülahizələr öz əksini tapmışdır.
Rusiya ətrafında sanksiyalar rejiminin gücləndirilməsi tendensiyasının post-sovet ölkələrinə təsirləri
Hər bir müstəqil dövlət kimi Rusiyanın xarici siyasət prioritetlərindəki ən vacib istiqamətlərdən biri də digər dövlətlərlə əlaqələrin qurulmasıdır. Bu mənada MDB ölkələri ilə qonşuluq prinsipinə söykənən münasibətlərin qurulması sanksiyaların geniş vüsət aldığı Rusiya üçün olduqca vacibdir. Hazırda dünyada etibarlı tərəfdaş tapmaq, qonşuluq prinsiplərinə əsaslanan əlaqələr yaratamaq heç də asan deyil. Rusiyanın Ukrayna ilə yaranmış soyuq münasibətləri onun siyasi və iqtisadi həyatına təsirsiz olmamış, Amerika Birləşmiş Ştatları, eləcə də Avropanın aparıcı dövlətləri tərəfindən qadağa və təzyiqlərlə rastlaşmışdır.
Mərkəzi Asiya və Zaqafqaziya ölkələri ilə əlaqələri inkişaf etdirmək, mübaliğəsiz Rusiya dövlətinin keçmiş Sovet İttifaqına daxil olan ölkələr arasında gələcəkdəki rolunu müəyyənləşdirir. Rusiyanın rolunu qiymətləndirərkən qeyd etmək lazımdır ki, qonşu ölkələrlə coğrafi, iqtisadi, sosial-mədəni, dini, geosiyasi və digər amillərlə bağlılığı ölkələrimizin və xalqlarımızın bir-birilə əlaqələrinin genişlənməsinə zəmin yaradır. Uzun müddət Sovetlər Birliyində yaşamış dövlət kimi Azərbaycan bu gün də qonşuluq əlaqələrinə sadiqdir və ölkə rəhbərliyinin həyata keçirdiyi multikulturalizm siyasəti artıq bir ənənə halını almış və hesab edirəm ki, bu addım digər dövlətlərə, xüsusilə də qonşu ölkələrə bir nümunə ola bilər.
Zəngin təbii resurslara malik Qafqaz və Orta Asiya dövlətləri həm Qərbin, həm də region dövlətlərin diqqətini çəkir. Bu baxımdan, Qafqaz və Orta Asiya bir çox ölkələrin geosiyasi maraqlarının kəsişdiyi nöqtələrə çevrilmişdir. Sovetlər Birliyinin dağılmasından sonra müstəqillik əldə etmiş respublikalar beynəlxalq müstəvidə əməkdaşlığa inteqrasiya etməklə, ayrı-ayrılıqda öz inkişaf mexanizmlərini müəyyənləşdirərək ciddi islahatlara başladılar. Belə olan halda idarəçilikdə müdrik və uzaqgörən liderin olması mühüm addımların atılmasına və çevik qərarların verilməsinə imkan yaradır. Azərbaycan da İttifaqın süqutundan sonra yenidən müstəqillik əldə etməklə Ümummilli Lider Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində müasir ölkəyə çevrilmişdir. Onun “Əsrin müqaviləsi” kimi tarixi bir sənədin imzalanmasına nail olması ölkəyə investisiya axının sürətlənməsinə səbəb olmuş, ölkədə atəşkəs rejiminin elan edilməsi isə xarici investorların Azərbaycana olan diqqətini artırmışdır. Bunun nəticəsidir ki, bu gün beynəlxalq tədbirlərə, qlobal humanitar forumlara ev sahibliyi edən Azərbaycan dünyanın siyasi-iqtisadi arenasında ən yaxşı tərəfdaş və müttəfiq rolunda çıxış edir. Qeyd olunanları sadalamaqda məqsəd ondan ibarətdir ki, hazırda dünya ölkələri sülh şəraitində yaşayan, siyasi sabitliyin hökm sürdüyü ölkələrlə beynəlxalq müstəvidə birgə addımlamağa üstünlük verirlər. Belə olan halda Azərbaycan işğala məruz qalmış ölkə olsa da hazırda inkişaf yolu keçməklə ən yaxşı tərəfdaş statusuna malikdir. Ölkəmiz öz inkişaf konsepsiyasını hazırlayaraq milli iqtisadiyyat perspektivləri üzrə strateji yol xəritəsini müəyyənləşdirmişdir. Düzgün idarəçilik məhz ölkənin nüfuzunun və onunla əməkdaşlığa maraqlı olan ölkələrin sayının artmasına təkan verir.
Lakin inkişaf heç də birmənalı qarşılanmır. Bu gün dünyada gedən proseslərə nəzər yetirdikdə bir fakt da qaçılmazdır ki, inkişaf etmiş ölkələr bir-birilə sağlam rəqabət deyil, əksinə məhvedici, dağıdıcı mövqedən çıxış edirlər. Əyani sübut olaraq Rusiya ilə Ukrayna arasında yaranmış münaqişənin gedişatında Rusiyaya qarşı siyasi və iqtisadi təzyiqləri qeyd etmək olar.
Məlumdur ki, Rusiya dünyanın ən böyük təbii qaz istehsalçısıdır və ölkənin qaz sektorunda monopolist şirkət olan “Qazprom” da sanksiyalardan yan keçməmişdir. Araşdırmalar göstərir ki, ABŞ hüquqi şəxslərə qarşı qadağalarla kifayətlənmir, eyni zamanda qaz yataqlarında istismara qarşı sanksiya tətbiq etmişdir. Belə ki, Rusiyanın Cənubi-Kirinsk qaz-kondensat yatağında Amerika istehsalı olan istənilən qurğu və avadanlığın istifadəsi qadağa edilmişdir. Yəni, məhdudiyyətlər təkcə “Gazprom”a deyil, ABŞ avadanlıqlarını dünya bazarına çıxaran bütün şirkətlərə aid edilib.
Avropa Birliyi qaz ehtiyaclarının üçdə birini öz istehsalı ilə, digər hissəsini isə “Qazprom” un təchizatı ilə təmin edir. Qaz tələbatının qalan hissəsi isə Yaxın Şərq ölkələrindən və digər regionlardan maye qazın tədarükü ilə təmin olunur. Lakin sanksiyalarla bağlı əgər Rusiya qaz tədarükü marşrutlarını diversifikasiya edirsə, Avropa Birliyi təchizatçıların özlərini diversifikasiya etməyə çalışır. Hələ neçə illər əvvəl Amerika şirkətləri, xüsusilə, Devon Energy Corporation, Shell və başqaları qeyri-ənənəvi qaz inkişafına böyük investisiyalar yatırmağa başladı. 2006-cı ildən ABŞ-ın qaz hasilatında sürətli artım görünürdü. Bu addımlar 2010-cu ilədək daxili bazarda həddindən artıq qaz tədarükünə gətirib çıxardı və 2012-ci ilə qədər ABŞ-da qaz qiymətlərinin çökməsinə səbəb oldu. ABŞ-da qaz istehsalı həcmlərinin daha da sürətlə artması ilə sənayenin likvidliyinin qorunması məntiqi ABŞ şirkətlərini yeni bazarlar axtarmaq tələbini yaratdı. Buna görə ABŞ şirkətləri yaxın gələcəkdə, əsasən, Avropa və Asiyanın böyük satış bazarlarına ehtiyac duydular. Qazın orta bazar qiymətinin yüsək olduğu “Avropa” bazarına “ucuz” Amerika qazının tədarükü həm ABŞ, həm də Avropa üçün qarşılıqlı fayda vermək məsələsini aktuallaşdırdı.
Nəzərə alsaq ki, “Qazprom” şirkəti tək Rusiyada qaz yataqlarının işlənməsi ilə məhdudlaşmır, eyni zamanda Avropa dövlətləri ilə əməkdaşlıq edən qlobal qaz bazarında rəqib şirkətdir. Amma Amerika və Britaniya şirkətləri üçün Avropanın bazarı son dərəcə perspektivli göründüyü üçün tətbiq olunan sanksiyaların indi Rusiyada və xaricdə olan “Qazprom” un bütün perspektivli layihələrinə yönəlməsi qaçılmazdır.
İqtisadi böhran səbəbi ilə Rusiyanın yaxın zamanlarda Avropada yeni nəql kəmərlərinin çəkilməsində iştirak edəcəyi sual doğurur. Bu baxımdan Azərbaycan vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən keçməklə Adriatik dənizi vasitəsilə İtaliyaya qədər uzanan Cənub-qaz dəhlizi layihəsi Rusiyaya Qərblə münaqişədə əlavə imkan və üstünlüklər yaradır. Bu layihə Avropanın mavi yanacaqla təminatında Türkiyənin rolunu artırır və Rusiya bu layihəni dəstəkləməklə Qərblə münaqişədə Türkiyə kimi strateji tərəfdaş qazanmış olur. Həmçinin, Cənub qaz dəhlizi Avropanı qazla təmin etmək üçün Rusiyaya alternativlərin olması imkanını göstərir. Bundan başqa nəzərə alsaq ki, Ukrayna Rusiya qazının Avropaya nəql olunmasında tranzit ölkə rolunu oynayır, bu zaman Qərbin Ukraynanı müdafiə etməsinin əsas səbəblərindən biri məlum olur.
Avropanın enerjiyə olan tələbatı ildən-ilə artır və Rusiyanın mövcud durumda həm iqtisadi, həm siyasi səbəblərdən bu tələbatı təkbaşına ödəmək iqtidarında olmaması bazara digər dövlətin deyil, məhz Azərbaycan kimi tərəfdaş ölkənin daxil olması Rusiyaya sərfəlidir. Azərbaycanın enerji siyasəti Rusiyanı rəqib deyil, tərəfdaşa çevirmiş olur ki, Rusiya artıq bu layihəni qaz bazarında mövqelərinin itirilməsi kimi deyil, normal bazar rəqabəti kimi dəyərləndirmiş olur. Gələcəkdə bu layihədə digər dövlələrin iştirakı görünərsə, o zaman layihənin miqyasının və gəlir həcminin artacağı istisna deyil.
SSRİ-nin parçalanması Rusiyanın mövqeyini sarsıtmış və bu səbəbdən də Rusiya yenidən öz nüfuzunu bərpa etmək məqsədilə Gömrük İttifaqını formalaşdırmışdır. Eyni zamanda bu İttifaqın təsis edilməsi Avropa İttifaqına bir alternativ kimi hesablanmışdır. Bu İttifaqa qoşulmaq nə vəd edir? – suala cavab olaraq bir neçə məqamı gözdən keçirmək gərəkir. Belə ki, Gömük İttifaqına üzv olmayan dövlətlərə qarşı ümumi gömrük siyasətinin həyata keçirilməsini təsəvvür etsək, Azərbaycan bu ittifaqa üzv olarsa, o zaman ölkənin Avropa Birliyi və o cümlədən Türkiyə ilə ticarətinə tətbiq olunan gömrük rüsumları ittifaqın cari üzvləri ilə razılaşdırılmalıdır. Yəni buradan belə nəticəyə gəlmək olur ki, Azərbaycanın üzvlüyü reallaşarsa Avropa ilə həyata keçirilən enerji layihələrində Gömrük İttifaqına üzv dövlətlərin maraqları nəzərə alınmalıdır. Lakin məsələ bununla bitmir. İttifaqın qarşıya qoyduğu məqsədlərdən biri də daxili enerji qiymətlərinin Rusiya bazarına uyğunlaşdırılmasıdır. İttifaqa üzv olan Qazaxıstan artıq bu siyasəti həyata keçirməkdədir. Bundan əlavə İttifaq, üzv dövlətlərin makroiqtisadi siyasətinin tənzimlənməsində birgə iştirakı irəli sürür. Amma hər halda Azərbaycan müstəqil makroiqtisadi siyasətini qoruyub saxlamaqda və ölkənin gələcək perspektivlərini müəyyənləşdirərkən öz məqsədlərini təmin etməkdə maraqlıdır.
Bir çox iqtisadçı ekspertlərin hesablamalarına görə, MDB üzvü olan bütün ölkələr bu quruma qoşularsa, bu İttifaq dünya üzrə ümumi daxili məhsulun cəmi 4 faizini təşkil edəcəyi halda, Avropa İttifaqında bu göstərici 26 faizdir. Bu da İttifaqa üzv dövlətlərin say etibarilə azalmasını şərtləndirən amillərdən biridir. Gömrük İttifaqının fəaliyyətini təhlil edərkən belə fikrə gəlmək olur ki, bu qurum öz-özlüyündə müəyyən qadağalara yol açır. Məsələn, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istiqamətində işləri sürətləndirərsə, Rusiya Azərbaycanın bu avrointeqrasiya siyasətinə birmənalı yanaşmaya bilər. Gömrük İttifaqının başlanğıcı kimi MDB-də Azad ticarət zonasının yaradılması prioritet məsələ idisə, artıq sanksiyalar nəticəsində Rusiyadakı iqisadi böhran bu istiqamətdə işlərin həyata keçirilməsini mümkünsüz edir.
Rusiya əhalisini əsasən kənd təsərrüfatı məhsulları ilə təmin etmək məqsədilə post-sovet ölkələrindən məhsul idxalını həyata keçirir. Bu proses sanksiya rejiminin güclənməsinə qədər post-sovet ölkələrindən Rusiyaya işçi qüvvəsinin axınına təsir göstərməklə, əsasən ticarət və xidmət sahələrində çalışan insanların məşğulluğunun artırılmasına səbəb olmuşdursa, Rusiyanın mövcud iqtisadi durumu qeyd olunan sahələr üzrə işçi axınının azalmasına gətirib çıxarmışıdr. Rusiyanın Avropa ölkələrindən idxalı azaltması və buna görə də post-sovet ölkələrinə üz tutması məhsul ixrac edən ölkələrin özlərində ərzaq qıtlığının, inflyasiyayanın yaranmasına səbəb olur. Bundan başqa rus rublunun öz dəyərini getdikcə itirməsi Rusiyada çalışanların öz ölkələrinə gətirdiyi valyutanın dəyəri istehsal olunan məhsula xərclədiyi vəsaiti ödəmir. Belə olan təqdirdə dövlət istehsalçıya dəstək olmaq məqsədilə subsidiyalar verir, lakin bu məsələnin həllinə o qədər də yetərli olmur.
Sovetlər Birliyinin süqutundan sonra Rusiyadan, eləcə də post-sovet ölkələrindən beyin axını daha çox ABŞ-na, Avropaya yönəlmişdir. Məhz bunun nəticəsində elmin inkişafı zəifləmiş və dünya bazarına yeni texnoloji avadanlıqların ixracında durğunluq yaranmışdır. Lakin son dövrlərdə Rusiyanın bir sıra Avropa ölkələri ilə əməkdaşlığı bu ölkələrdə əsası qoyulmuş şirkətlərin Rusiyada fəaliyyətini genişləndirmiş, istehsal olunan texniki cihaz və avadanlıqların Rusiya vasitəsilə post-sovet ölkələrində satışına imkan yaranmışdır. Lakin sanksiyanı sürətləndirən ABŞ-ın dollar siyasəti və rublun tədricən aşağı düşməsi tendensiyası bu prosesə də mənfi təsirini göstərməkdədir. Avropada valyuta olaraq əsasən avronun tətbiqi nəzərə alınsa da, beynəlxalq məkanda dollar daha üstələyir və bir ölkənin sərhəddini keçən zaman daha çox mübadiləyə ehtiyac yaranan valyuta kimi dollar ön planda olur. Məsələyə belə kontekstdən yanaşdıqda Rusiyanın distribyutor şirkətlərinin fəaliyyətinin zəifləməsində, bahalaşma ilə əlaqədar alıcılıq qabiliyyətini aşağı enməsində sanksiyaların dərinləşməsi faktı dayanır.
ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar hərbi müqavilələrə də təsir göstərməkdədir. Rusiyanın hərbi sənayesindən qonşu dövlətlərin, əsasən MDB ölkələrinin yararlanması Rusiyanın büdcəsinə kifayət qədər valyuta axını deməkdir. Lakin ABŞ-ın təzyiqləri nəticəsində NATO bazarına daxil olmaq istəyən dövlətlər Rusiyadan uzaqlaşaraq Qərbyönümlü siyasi kursu seçməlidir. Bu da Rusiyanın MDB məkanında və Yaxın Şərqdə geosiyasi təsirlərinin, eləcə də maliyyə resurslarının azalmasına səbəb ola bilər.
Yekun nəticə ona əsaslanır ki, Rusiyanın post-sovet ölkələri üçün önəmli zona olması, xüsusilə də ticarət sahəsində əlaqələrin ikitərəfli faydası sanksiyaların tezlklə aradan qaldırılmasını, əsasən də Rusiyanın müəyyən siyasi baxışlarının dəyişməsini zəruri edir.