Aİ prioritetlərinin Avropa qaz bazarındakı Rusiya asılılığından Türkiyə asılılığına dəyişməsi nə dərəcədə mümkündür?
Aqşın Əliyev, İqtisadiyyat üzrə fəlsəfə doktoru, BDU
Xülasə
Müasir dövrdə Aİ-nin qarşısında duran başlıca problem region üzərində Rusiya qazından asılılığı azaltmaq və üzv ölkələrdə yarana biləcək siyasi və iqtisadi təhdidləri minumuma endirməkdən ibarətdir. Bu baxımdan Aİ hal-hazırda qaz bazarında Rusiyanın mövcud dominantlığını azaltmaq üçün yaxın qonşusu Türkiyə vasitəsilə qeyri-rus qazının nəqliyini nəzərdə tutan enerji layihələrini gələcək üçün prioritet hesab edir. Aİ hesab edir ki, Türkiyə regionda rus qazından asılılığı azaltmaq məqsədilə enerji marşrutlarının diversifikasiyası üçün mühüm tərəfdaş hesab oluna bilər. Beləliklə, tədqiqat işinin əsas məqsədi ittifaq ölkələrinin Rusiya qazından asılığını azaltmaq məqsədilə tranzit ölkə kimi Türkiyəyə üstünlük verərkən bu dəyişkənliyin Aİ üçün nə dərəcədə mümkün olduğunu müəyyənləşdirmək və onun geosiyasi səbəblərini aydınlaşdırmaqdan ibarətdir.
Açar sözlər: Aİ, Türkiyə, Rusiya, enerji təhlükəsizliyi
Giriş
Müasir beynəlxalq münasibətlər sistemində enerji təhlükəsizliyi istənilən dövlətin rifahı üçün əsas komponent olmaqla yanaşı, həm də yüksək sənaye ölkəsi üçün daha ucuz, etibarlı və davamlı təchizatçı ölkə ilə qarşılıqlı iqtisadi münasibətlərdə iştirak etmək baxımından əsas faktordur. İkitərəfli münasibətlərdən fərqli olaraq isə birlik daxilində çoxsaylı aktorların fərqli dövlət maraqlarından çıxış etməsi, daha dəqiq desək, enerji təhlükəsizliyi məsələsinə fərqli mövqe nümayiş etdirmələri qərar qəbuletmə prosesində ümumi vəziyyəti daha da çətinləşdirir. Bu gün yüksək inkişaf etmiş ölkələrin vahid çətir altında toplaşdığı Avropa İttifaqı (Aİ) müasir dövrdə enerji təhlükəsizliyindən daha çox əziyyət çəkən regionlar sırasında birinci yer tutur. Xüsusilə də qaz tədarükü üzrə qonşu Rusiyadan olan asılılıq 2009-cu il Ukrayna böhranından sonra ümumi mənzərəni daha da qəlizləşdirmişdir. Hal-hazırda Aİ-nin qarşısında duran başlıca problem region üzərində Rusiya qazından asılılığı azaltmaq və üzv ölkələrdə yarana biləcək siyasi və iqtisadi təhdidləri minumuma endirməkdən ibarətdir. Bununla yanaşı, Aİ özü də yaxşı bilir ki, qaz tədarükünə dair çoxsaylı sazişlər imzalamaqla yeni bir təchizatçı ölkənin təklif etdiyi qiymətlər Rusiyanın təkliflərindən heç də ucuz olmayacaqdır. Digər tərəfdən Rusiya özü də bir sıra “Cənub axını”, “Türk axını”, “Şimal axını 2” kimi layihə təşəbbüslərini irəli sürməklə yüksək tələbat olan bazarda öz payını qorumağa çalışır.
Bu baxımdan, tədqiqat işinin əsas məqsədi ittifaq ölkələrinin Rusiya qazından asılılığını azaltmaq məqsədilə tranzit ölkə kimi Türkiyəyə üstünlük verərkən bu dəyişkənliyin Aİ üçün nə dərəcədə mümkün olduğunu müəyyənləşdirmək və onun geosiyasi səbəblərini aydınlaşdırmaqdan ibarətdir.
- Aİ-nin Rusiya qazından asılılığı
Rusiya Aİ ölkələrinin enerji təhlükəsizliyi problemindən məlumatlıdır və eyni zamanda bu problemin təkcə ittifaq daxilində deyil, həm də ayrı-ayrı üzv ölkələrin özləri arasında mövcud olduğunu zaman-zaman müşahidə etmişdir. Belə bir dilemma qarşısında Rusiyanın əsas məqsədi ittifaq daxilində üzv ölkələrin fərqli enerji siyasətlərindən faydalanmaqla, regiona təchiz etdiyi qaz tədarükündən “xarici siyasət aləti” kimi istifadə etməyə çalışmasıdır. Bu baxımdan ittifaq daxilində ölkələri Rusiya qazından asılılıq dərəcəsinə görə 3 qrupa bölmək olar:
- Birinci qrup ölkələr demək olar ki, Rusiyadan qaz idxal etmirlər. Bu cür “neytral” ölkələrin Qazprom şirkəti ilə formal münasibətləri yoxdur. Ona görə də, qaz tədarükündən hər hansı “manipulyasiya aləti” kimi istifadə etməklə Rusiyanın həmin ölkələrin siyasi, iqtisadi əlaqələrinə təsir etmək imkanı çox aşağıdır.
- İkinci qrup ölkələr Rusiya qazından müəyyən qədər asılıdır. Bu ölkələrin enerji təhlükəsizliyi anlayışına baxışı Rusiya ilə necə münasibətlərə malik olmaqlarından asılıdır. Daha dəqiq desək, bəzi dövlətlər Rusiya ilə hər-hansı iqtisadi birlik daxilində əməkdaşlıq edir, bəzilərinin ümumiyyətlə Rusiya qazından daha az asılılığı var.
- Üçüncü qrup ölkələr isə Rusiya qazından tamamilə asılıdırlar. Bu qrup ölkələrin kifayət qədər qaz saxlama anbarları yoxdur. Ona görə də bu qrupa daxil olan ölkələr Rusiya qazından yüksək dərəcədə asılı olduqlarına görə onları ittifaqın “zəif üzvləri” adlandırırlar.[1]
Qazprom tərəfindən qeyd olunan statistikalara əsasən, şirkət Avropa ölkələrinə 2017-ci il üzrə 194.4 mlrd m³ qaz ixrac etmişdir ki, onun 192.2 mlrd m³ Qazpromun İxrac müqavilələri çərçivəsində region dövlətlərinə tədarük edilmişdir. 2017-ci il üzrə ixrac olunan qazın təxminən 81%-i Qərbi Avropa ölkələrinin, 19%-i isə Mərkəzi və Şərqi Avropa ölkələrinin payına düşmüşdür.[2] Aşağıdakı qrafiklər 2017-ci il üzrə Avropa ölkələrinin Rusiyadan ixrac etdiyi qazın miqdarını göstərir:
Qrafik 1. Qərbi Avropa ölkələrinin qaz istehlakı
Mənbə: Qazprom 2017
Qrafik 2. Mərkəzi və Şərqi Avropa ölkələrinin qaz istehlakı
Mənbə: Qazprom 2017
Vaşinqton Hudzon İnstitutunun Avrasiya Siyasəti üzrə Tədqiqat Mərkəzinin direktoru Zeyno Baranın fikrincə, əsas neft və qaz ixracatçı ölkə kimi Rusiya birliyin vahid enerji siyasətinin olmamasından və üzv ölkələrin rus qazına olan yüksək tələbatından qəsdən istifadə edir. Rəsmi Moskva ittifaq üzvləri ilə vahid müqavilə bağlamaqdansa, daha çox ikitərəfli sazişlər imzalamağın tərəfdarıdır. Rəsmi Moskva belə siyasət vasitəsilə Rusiyanın iştirak etmədiyi Xəzər-Mərkəzi Asiya enerji layihələrini həyata keçirmək üçün Avropanın cəhdlərinin qarşısını ala bilər.[3] Aşağıdakı qrafikdə 2017-ci il üzrə ittifaq ölkələrinin ayrı-ayrılıqda Rusiya qazından asılılığı təsvir olunmuşdur:
Qrafik 3. Üzv ölkələrin neft və qaz idxalında Rusiyanın payı (%-lə), 2017
Mənbə: Avrostat 2017
Beynəlxalq Energetika Agentliyinin 2014-cü il üzrə hesabatına əsasən, Rusiya ən azı bir neçə onillik ərzində Avropanın qaz bazarında əsas qaz ixracatçısı kimi öz statusunu qoruyub saxlayacaqdır. Təsadüfi deyildir ki, Avrostatın son iki il üzrə statistikalarına baxdıqda, qaz bazarında ən çox Rusiyanın payı olduğu aydın müşahidə olunur (Qrafik 4).
Qrafik 4. Aİ-nın qaz idxalı, 2016 və 2017-ci illər üzrə
Mənbə: Avrostat 2017
Beynəlxalq Enerji Agentliyinin İcraçı direktoru Maria van der Hoevenun fikrincə, Aİ hələ ki, bir müddət Rusiya qazından asılılığı görünən reallıqdır.[4] Bu baxımdan Aİ hal-hazırda qaz bazarında Rusiyanın mövcud dominantlığını azaltmaq üçün yaxın qonşusu Türkiyə vasitəsilə qeyri-rus qazının nəqlini nəzərdə tutan enerji layihələrini gələcək üçün prioritet hesab edir. Belə ki, Aİ tərəfindən təklif olunan layihələrdən biri də “Nabucco” qaz layihəsi olmuşdur. “Nabucco” qaz kəməri Rusiya qazından asılılığı azaltmaq məqsədilə Avropanın təbii qaz tədarükünün şaxələndirilməsi üçün mərkəzi infrastruktur layihələrindən biri idi. Yekun olaraq, “Nabukko” enerji layihəsi uğursuzluqla nəticələnsə də, rəsmi Brüssel Türkiyənin Aİ-ə üzv olması üçün daha çevik və konstruktiv bir yanaşma nümayiş edəcəyini və ölkənin coğrafi strateji əhəmiyyətinin Avropanın enerji təhlükəsizliyi üçün əlverişli mövqe olduğunu bildirmişdir. [5]
Bu baxımdan enerji məsələləri Aİ və Türkiyə münasibətlərinin gələcəyi üçün əsas açar rolunu oynayan faktor kimi görünür. Enerji Aİ-Türkiyə əməkdaşlığında hər iki tərəfin maraq dairəsində olan bir məsələdir. Bu mənada Türkiyə regionda rus qazından asılılığı azaltmaq məqsədilə enerji marşrutlarının diversifikasiyası üçün mühüm tərəfdaş hesab oluna bilər. Tərəflər 28 yanvar 2016-cı il tarixində Türkiyədə keçirilmiş “Yüksək Səviyyəli Enerji Dialoqu” görüşündə qeyd olunan əməkdaşlığa hazır olduqlarını bildirmişdilər.[6] Aİ-nin Ətraf mühit və Enerji məsələləri üzrə Komissiyasının direktoru Cañete Arias öz çıxışında qeyd etmişdir ki, “regiondakı tranzit ölkə kimi strateji mövqeyə malik olan Türkiyə dövləti Avropanın enerji təhlükəsizliyi və enerji marşrutlarının şaxələndirilməsi üçün əsas tərəfdaş ölkədir. Yüksək Səviyyəli Enerji Dialoqunun keçirilməsi ilə əslində Türkiyə və Aİ enerji əməkdaşlığına yeni bir dəyər qatmış olurlar. Bu da öz növbəsində qarşılıqlı əlaqələrə dair konkret tədbirlərin və layihələrin həyata keçirilməsinə gətirib çıxaracaqdır.”[7]
Bu baxımdan, ittifaq ölkələrinin Rusiya qazından asılılığını azaltmaq məqsədilə tranzit ölkə kimi Türkiyəyə üstünlük verərkən bu dəyişkənliyin Aİ üçün nə dərəcədə mümkün olduğunu müəyyənləşdirmək və onun geosiyasi səbəblərini aydınlaşdırmaq üçün üç hipoteza müzakirə olunacaqdır:
- Türkiyənin Aİ-na üzv olmaq niyyətlərini nəzərə alaraq, bu ölkə Rusiya ilə müqayisədə daha etibarlı tərəfdaş kimi görünür.
- Türkiyə Mərkəzi Asiya regionunun enerji resurslarının Xəzər dənizi-Azərbaycan-Türkiyə-Avropa marşrutu üzrə nəqli üçün “körpü” rolunu oynaya bilər.
- Türkiyənin gələcəkdə Rusiya kimi qaz tədarükündən “manipulasiya aləti” kimi istifadə etmək məqsədilə kifayət qədər enerji resursları yoxdur.
III. Müzakirə
Enerji idxalından asılı olaraq, əsasən neft və qazın təchizatında mövcud problemlər Aİ-nin siyasətində narahatlıq yaradır. Hal-hazırda enerji təhlükəsizliyi ilə əlaqədar Aİ-nin üzləşdiyi problemin iki əsas mənbəyi vardır: (a) Avropanın qaz bazarının inteqrasiyasında boşluqlar; (b) idxalda dayanmalar.[8]
İdxalda yarana biləcək dayanmaların qarşısını almaq məqsədilə, Aİ 2017-ci ildə “Qaz Tədarükünün Təhlükəsizliyi üzrə yeni qaydalar” adlı sənəd qəbul etmişdir.[9] Ancaq buna baxmayaraq, Rusiya hələ də xam neftin və qazın nəqlində əsas təchizatçı ölkə kimi bazar payını qoruyub saxlayır. Bu asılılığı azaltmaq üçün Aİ hesab edir ki:
- Rusiya uzunmüddətli olaraq neft və qaz üçün daxili və xarici ehtiyacları təmin edə bilməz.
- Böyük ixracatçı ölkə kimi, Rusiya Avropanın neft və qaz sənayesi üzərində monopoliya əldə edə bilər.
Alternativ mənbələrin tapılması Aİ üçün real görünsə də, ancaq aşağıdakı alternativ mənbələrdən qaz idxal etmək üçün Aİ-nin qarşısında bir sıra iqtisadi və siyasi problemlər durur:
- Yaxın Şərq və Şimali Afrika regionundan idxal;
- Azərbaycan, Türkmənistan və Qazaxıstanın enerji resursları hesabına Cənub Qaz Dəhlizi layihəsinin işini gələcəkdə intensivləşdirmək;
- ABŞ, Avstraliya və Şərqi Afrika regionundan mayeləşdirilmiş qazın nəqli. [10]
Türkiyə bu məsələdə Avropaya əhəmiyyətli enerji layihələrinin nəqli prosesində tranzit ölkə statusunda çıxış etməklə Aİ ilə etibarlı siyasi və iqtisadi tərəfdaş olmaq üçün əhəmiyyətli rol oynaya bilər. Bu baxımdan Yaxın və Orta Şərq ölkələrindən qeyri-rus qazının Türkiyə ərazisindən keçməsi üçün səylər realist görünür və eyni zamanda hər iki tərəf üçün fayda gətirə bilər (baxmayaraq ki, layihənin təchiz edəcəyi qazın miqdarı Aİ-nin ümumi istehlakının 10% -dən azdır), ancaq bu ssenari Rusiya-Türkiyə arasında yenicə yaranmış münaqişəni yenidən gücləndirə bilər. Təhlükəsizlik əsas məsələdir. İqtisadi cəhətdən daha az qazanc, lakin siyasi cəhətdən çox əhəmiyyətli bir layihə gələcəkdə Rusiya ilə Türkiyə arasındakı artan siyasi təzyiqlər ucbatından gərginliyi artıra bilər. Çünki 2015-ci ildə baş vermiş Türkiyə ilə Rusiya arasında yaranmış böhran enerji təhlükəsizliyi məsələsini də intensivləşdirdi. Buna görə də qaza tələbatı olan ölkələr “2009 Ukrayna böhranı”na bənzər enerji təhlükəsizliyinə təsir göstərə biləcək ölkələrarası böhranın yaranmasından və nəticələrindən narahatdırlar. Bundan əlavə, bu qarşıdurma Türkiyənin özünün enerji təchizatı marşrutunda riskləri artırdı və əlavə ziddiyyətlər yaratdı.
Yaxın Şərqdə, xüsusilə də zəngin neft və qaz ehtiyatlarına malik olan İraqın Kürdüstan bölgəsi potensial mənbə hesab edilə bilər, ancaq regionda Türkiyənin özü də daxil olmaqla geosiyasi şərait istehsal və ixrac imkanlarını inkişaf etdirmək məqsədilə irimiqyaslı sərmayə qoymaq üçün böyük çətinliklər yarada bilər.
Türkiyə çox əhəmiyyətli bir regional tranzit ölkə kimi potensial enerji nəqliyyatı layihələrinə böyük miqdarda investisiyaları cəlb etməklə uğurlu enerji siyasətini həyata keçirmişdir. “Cənub axını” layihəsi uğursuzluqla nəticələndikdən sonra Rusiya qazının Avropaya nəqli məqsədilə “Türk axını” adlı yeni bir marşrutun tikintisinin mümkünlüyü barədə müzakirələr aparıldı. Lakin Rusiya-Türkiyə əlaqələrindəki son dəyişikliklər xüsusilə də gələcəkdə neft və qaz layihələrindəki tərəfdaşlığa təsir etmişdir.
Buna baxmayaraq, Türkiyənin Aİ-nin Rusiya qazından asılılığını azaltmaq üçün bir çox riskləri var. Türkiyə Avropa üçün enerji mərkəzi və əsas tranzit ölkəsi ola bilər, ancaq Aİ-nin Türkiyəni qaçqın böhranı da daxil olmaqla bir sıra daxili problemlərlə onu tərəfdaş olaraq qəbul etməsi çətinlik yaradır. Türkiyənin daxili faktorlari Aİ-nin Rusiya qazına olan asılılığından Türkiyəyə üstünlük verməsi məsələsində maneələr yarada bilər. Baxmayaraq ki, Türkiyə bu ssenaridə üstünlük qazana bilməsə də, Azərbaycan və Mərkəzi Asiya regionun enerji resurslarının nəqli üçün tranzit imkanlarına malikdir. Bu mənada, Azərbaycan qazını nəql edəcək üç boru kəmərini əhatə edən Cənub Qaz Dəhlizi layihəsinin regional strateji əhəmiyyəti həm Türkiyə, həm də Aİ-nin enerji təchizatında mühüm rol oynacaqdır:
- Cənub Qafqaz Kəməri (SCPX) – Azərbaycan, Gürcüstan
- Trans Anadolu Kəməri (TANAP) – Türkiyə
- Trans Adriatik Kəməri (TAP) – Yunanıstan, Albaniya, İtaliya[11]
Cənub Qaz Dəhlizi layihəsinin əsas ideyası Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur. Ümumi uzunluğu 3500 km olan dəhlizin 1850 km hissəsi Türkiyənin ərazisindən keçir.[12] Bu layihədə Türkiyənin coğrafi mövqeyi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Türkmənistan qazının gələcəkdə nəqlinin mümkünlüyü layihənin strateji əhəmiyyətini artıra bilər.
İkincisi, qazın qiyməti ucuz olmadığı halda onun hansı ölkədən nəql olunmasının Aİ üçün əhəmiyyəti yoxdur. Rusiya üzərində sanksiyalara baxmayaraq, Aİ əvvəlki illərlə müqayisədə 2015-ci ildə daha çox qaz idxal etmişdir.[13] Görünür ki, Aİ-nın Rusiyadan enerji asılılığını azaltması qısa müddətdə çətin olacaq. Aİ həqiqətən də ittifaq ölkələri ilə din, dil, coğrafi yaxınlıq baxımından Türkiyədənsə Ukraynanı enerji siyasətinə cəlb etmək istəyir. Ukrayna Rusiya ərazisindən Avropaya qazın nəqli üçün 2 mlrd $ illik gəlir əldə edir.[14] Belə ki, 2019-cu ildə Ukrayna və “Qazprom” (Rusiya) arasında qaz tranzit müqaviləsinin müddəti başa çatacaq.
Aydındır ki, Aİ və Türkiyə alternativ olaraq Avropaya daha çox Azərbaycan qazının nəqlində maraqlı tərəf kimi çıxış edirlər. Azərbaycan daha aşağı tranzit qabiliyyətinə malik olsa da, region daxilində enerji marşrutlarının diversifikasiya prosesində mühüm rol oynayır və digər ixracatçılar arasında da olduqca real tərəfdaş kimi çıxış edir. Digər alternativ kimi Şimali İraq və İran ərazisində zəngin enerji resursları olsa da, daxili və xarici təhlükəsizlik problemləri hər iki ərazidən enerjinin nəqlini qeyri-real edir. İran sanksiyalar qaldırıldıqdan sonra, Aİ-nin enerji təchizatında vacib bir mənbə ola bilər. Lakin İran Cənubi Qaz Dəhlizinə qoşulmaq niyyətində deyil, çünki İran qaz nəqli üçün tranzit ölkədən asılı olmaq istəmir və mayeləşdirilmiş qazın satışında maraqlıdır.
Aydındır ki, Aİ-nin alternativ mənbələr tapmaq səyləri Avropanın qaz bazarında Qazpromun monopoliyasını azaltmağı hədəfləyir. Qısa olaraq bu səylərə Mərkəzi Asiya qazının Azərbaycanın da iştirak etdiyi Cənub Qaz Dəhlizi vasitəsilə; Yaxın Şərq regionunda enerji layihələri üçün sabitlik və təhlükəsiz mühit yaratmaq üçün Aİ-nin diplomatik təşəbbüsləri vasitəsilə Türkiyə üzərindən Avropaya qazın nəqli daxildir. Qazpromun statistikasına əsasən, Rusiya-Ukrayna böhranından sonra Aİ-də Rusiya qazına olan tələbdə 9% azalma müşahidə olunmuşdur. 2013-cü il ilə müqayisədə isə 2014-cü ildə Rusiyadan Avropaya ixrac edilən təbii qazın həcmində 15 mlrd m³ azalma müşahidə (2013-162 milyard, 2014-cü ildə 147,2 milyard kubmetr) olunmuşdur.[15] Ancaq bir sıra siyasi amillərə görə Türkmənistanın Cənub Qaz Dəhlizi ilə Avropanın enerji bazarında iştirakı real görünmür. Rusiyanın ən böyük energetika bazarlarına malik olması Türkmənistanın diqqətində olmalıdır. Çünki Qazpromun gəlirləri əsasən Avropa bazarından asılıdır və o, bu istiqamətdə bütün alternativ layihələrin fəaliyyətini dayandırmaq imkanlarına malikdir.
- Nəticə
Rusiya qazından asılılığı azaltmaq üçün alternativ mənbələrin tapılması və qazın nəqli üçün enerji marşrutunun şaxələndirilməsi qısa müddət üçün çətinliklər yaradır, uzun müddət üçün isə qeyri-real görünür. Bu iddialı istəklərdə yaranmış əsas problem qeyri-rus qazının tədarükü üçün alternativ variantların özündə olan qeyri-müəyyənliklərdir. Uzunmüddətli perspektivdə bu qeyri-müəyyənliklərə Aİ-nin Rusiya, Çin, ABŞ və s. kimi aktorların siyasi iradəsini dəyişmək üçün aparılacaq danışıqlar prosesi daxildir. Aİ üçün qonşuluğunda regional təhlükəsizliklə əlaqədar etibarlı alternativ mənbə tapmaq asan deyil, həm də Aİ Rusiya ilə münasibətlərini təhlükə altına almaq istəmir, çünki hər zaman Rusiya qazına yüksək tələb vardır. Bununla yanaşı, Aİ-nin tərəfdaş ölkələri də bu məsələdə həssasdır, hətta bəzən də Rusiyanın regional tərəfdaşları onun leyhinə alternativ layihələri qəbul etməyə bilərlər.
Ədəbiyyat siyahısı:
Baran , Z. (2007). EU Energy Security: Time to End Russian Leverage. The Washington Quarterly , 131–144. Retrieved from https://www.hudson.org/content/researchattachments/attachment/616/07autumn_baran.pdf
Chyong C., Slakova L., Tcherneva V. (2015) “Europe’s alternative to Russian gas”. European Council on Foreign Relations.
Davidovic, S. (2009). Turkey is key to Europe’s energy diversification . Retrieved from http://www.eurodialogue.org/energy-security/Turkey-Is-Key-To-Europe-s-Energy-Diversification
Energy Policies of IEA Countries 2014 Review European Union Executive Summary. (2014). Retrieved from http://www.iea.org/Textbase/npsum/EU2014SUM.pdf
EU and Turkey strengthen energy ties. (2016, January 28). Retrieved from https://ec.europa.eu/energy/en/news/eu-and-turkey-strengthen-energy-ties
Gas supplies Europe . (n.d.). Retrieved from http://www.gazpromexport.ru/en/statistics/
Mammadova S. (2015). The Southern Gas Corridor: political interests and key players. Azerbaijan’s Economic Development and State-Building in International Relations System, 34-39.
Mammadova S. (2015) “Changing market dynamics in Central Asia: Declining Russian Interests and an emerging Chinese presence”. Natural Gas Europe
Market Observatory for Energy, DG Energy (2015). Quarterly Report on European Gas Markets, European Commission, 8 (1). Retrieved from https://ec.europa.eu/energy/sites/ener/files/documents/quarterly_report_on_european_gas_markets_q1_2015.pdf
New Security of Gas Supply Regulation . (2017, October 28). Retrieved from http://eur-lex.europa.eu/legal-content/EN/TXT/PDF/?uriCELEX:32017R1938&from=EN
Pinchuk, D., & Baczynska, G. (2014, October 31). Gazprom to resume gas supply once Ukraine pays $2.2 billion. Retrieved from https://www.reuters.com/article/us-ukraine-crisis-gas/gazprom-to-resume-gas-supply-once-ukraine-pays-2-2-billion-idUSKBN0II0XQ20141031
“Turkey – EU High Level Energy Dialogue” Meeting. (2016, January 28). Retrieved from https://ec.europa.eu/energy/sites/ener/files/documents/ing%20son.pdf
Why TANAP . (n.d.). Retrieved from http://www.tanap.com/tanap-project/why-tanap/
[1] Chyong C., Slakova L., Tcherneva V. (2015) “Europe’s alternative to Russian gas”. European Council on Foreign Relations.
[2] Gas supplies Europe . (n.d.). Retrieved from http://www.gazpromexport.ru/en/statistics/
[3] Baran , Z. (2007). EU Energy Security: Time to End Russian Leverage. The Washington Quarterly , 131–144. Retrieved from https://www.hudson.org/content/researchattachments/attachment/616/07autumn_baran.pdf
[4] Energy Policies of IEA Countries 2014 Review European Union Executive Summary. (2014). Retrieved from http://www.iea.org/Textbase/npsum/EU2014SUM.pdf
[5] Davidovic, S. (2009). Turkey is key to Europe’s energy diversification . Retrieved from http://www.eurodialogue.org/energy-security/Turkey-Is-Key-To-Europe-s-Energy-Diversification
[6] “Turkey – EU High Level Energy Dialogue” Meeting. (2016, January 28). Retrieved from https://ec.europa.eu/energy/sites/ener/files/documents/ing%20son.pdf
[7] EU and Turkey strengthen energy ties. (2016, January 28). Retrieved from https://ec.europa.eu/energy/en/news/eu-and-turkey-strengthen-energy-ties
[8] Chyong C., Slakova L., Tcherneva V. (2015) “Europe’s alternative to Russian gas”. European Council on Foreign Relations.
[9] New Security of Gas Supply Regulation . (2017, October 28). Retrieved from http://eur-lex.europa.eu/legal-content/EN/TXT/PDF/?uri=CELEX:32017R1938&from=EN
[10] Chyong C., Slakova L., Tcherneva V. (2015) “Europe’s alternative to Russian gas”. European Council on Foreign Relations.
[11] Mammadova S. (2015). The Southern Gas Corridor: political interests and key players. Azerbaijan’s Economic Development and State-Building in International Relations System, 34-39.
[12] Why TANAP . (n.d.). Retrieved from http://www.tanap.com/tanap-project/why-tanap/
[13] Market Observatory for Energy, DG Energy (2015). Quarterly Report on European Gas Markets, European Commission, 8 (1). Retrieved from https://ec.europa.eu/energy/sites/ener/files/documents/quarterly_report_on_european_gas_markets_q1_2015.pdf
[14] Pinchuk, D., & Baczynska, G. (2014, October 31). Gazprom to resume gas supply once Ukraine pays $2.2 billion. Retrieved from https://www.reuters.com/article/us-ukraine-crisis-gas/gazprom-to-resume-gas-supply-once-ukraine-pays-2-2-billion-idUSKBN0II0XQ20141031
[15] Mammadova S. (2015) “Changing market dynamics in Central Asia: Declining Russian Interests and an emerging Chinese presence”. Natural Gas Europe