Rusiyanın Avropa ölkələri və Türkiyə ərazisində “Cənub Qaz Dəhlizi”nə qarşı fəaliyyəti, bu istiqamətdə təsir imkanları və istifadə etdiyi vasitələr
ELNUR NƏCİYEV, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Diaspor şöbəsinin elmi işçisi
“Şahdəniz Mərhələ-2” layihəsi çərçivəsində 3500 km məsafə qət edərək Xəzər dənizindən Avropaya qaz nəqlini nəzərdə tutan layihələr – mövcud Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG), Trans Anadolu Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəməri (TAP) – “Cənub Qaz Dəhlizi” (CQD) adı ilə tanınır. Bu layihənin reallaşdırılması üçün atılan ən mühüm addım 2011-ci il, yanvarın 13-də Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu tərəfindən Xəzər dənizindən Avropaya qaz nəqlini nəzərdə tutan marşrutların yaradılmasına dair Birgə Bəyanatın imzalanması oldu.[1] Növbəti il Türkiyə və Azərbaycan dövlətləri arasında TAP kəmərinin tikilməsinə dair razılıq əldə olundu. Ardınca Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan arasında TANAP-la bağlı müqavilənin də imzalanması ilə CQD layihəsinin reallaşdırılması üçün daha qətiyyətli addımlar atılmasına başlandı. 20 sentyabr, 2014-cü ildə CQD-nin təməli atıldı. Bu layihə “21-ci əsrin müqaviləsi” kimi tarixə düşdü.[2] Layihənin icrası ilə nəql edilən qazın ilk öncə 2018-ci ilin ortalarına qədər Türkiyəyə, 2020-ci ilin əvvəlində isə Avropaya çatdırılması planlaşdırılır. Bu layihənin tərkib hissəsi kimi CQBKG-nin fəaliyyəti ilə boru kəməri 2018-ci ildə istifadəyə veriləndən sonra il ərzində 23.46 milyard m3-ə qədər qaz ixrac ediləcək. CQD layihəsinə görə Orta Asiya ölkələri, Misir, İraq və İran təbii qazının da Avropa ölkələrinə ixracı imkanları yüksək qiymətləndirilir. [3]
CQD-nin reallaşdırılmasına dair Azərbaycan, Türkiyə, Rusiya, İran və Qərbin yanaşmalarında oxşar və fərqliliklər var. Bu məqamın təhlili RF-nın CQD-yə qarşı fəaliyyəti, bu istiqamətdə təsir imkanları və istifadə etdiyi vasitələri barədə daha obyektiv nəticə çıxarmağa imkan verəcəkdir.
Azərbaycanın mövqeyi enerji təchizatı sahəsində bütün ölkələrlə (təbii ki Ermənistan istisna olmaqla) qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq etməkdir. Azərbaycan Rusiyanın “Qazprom” konserni ilə də əməkdaşlıq edib Rusiyaya qaz ixrac edir. CQD layihəsini Azərbaycan ona görə dəstəkləyir ki, prezident İlham Əliyevin də çıxışında bəyan etdiyi kimi “ölkəmizə böyük gəlir və siyasi dividend gətirən bir layihədir … Biz qonşu ölkələrlə, tərəfdaşlarla birgə bu layihəni icra edəcəyik.”[4] Bu layihəni dəstəkləməklə Azərbaycan Rusiya və İran kimi qonşularını da unutmayacağını bəyan edir. Azərbaycanın mövqeyinə görə “Avropa həm Rusiya, həm də bizim regionumuzun ehtiyatlarını alacaq qədər böyük bir bazardır. Burada hər hansı bir rəqabət mümkün deyildir”.[5] Hadisələrin inkişaf dinamikası isə tamam fərqli mənzərə yaradır. 2013-cü il mayın 29-da Cənub Qaz Dəhlizinin yeni perspektivləri ilə bağlı sessiya keçirilməsi və Azərbaycan-ABŞ Forumu çərçivəsində bu istiqamətdə müzakirələr aparılması[6] Rusiyanı məmnun edə bilməzdi. 2013-cü il, sentyabrın 25-də keçirilən tədbirdə[7] Azərbaycanla yanaşı Türkiyə, Gürcüstan və Yunanıstanın xarici işlər nazirlərinin də iştirakı Rusiya üçün daha bir xəbərdarlıq təəssüratı doğurdu. Birbaşa ABŞ-ın himayə etdiyi bu layihəyə Azərbaycan və Gürcüstan kimi Qafqaz ölkələrinin getdikcə daha fəal qoşulması Rusiya maraqlarına zidd idi. Lakin ARDNŞ rəsmiləri “Azərbaycan qazının Avropaya gedən həcmləri Rusiya ilə rəqabət aparacaq qədər böyük olmayacaq” fikrini bəyan etməklə Rusiyanı sakitləşdirməyə çalışırdı. Təbii ki, bunlar yetərli deyildi. Çünki Avropa dövlətləri son illərdə Azərbaycanın adını hallandırmadan Xəzər qazına etdiyi ümidləri dilə gətirməklə 2008-2009-cu illərdə m3-ni 500 dollara aldığı Rusiya qazı, 2014-cü ildə cəmi 341 dollara alırdılar. Cənub qaz dəhlizi layihəsi isə bu qiymətlər daha da 15% azaldacaq. Bu gün “Azərbaycan öz təbii qazını Avropaya ixrac etməklə Rusiyaya mane olmur”[8] kimi fikir səsləndirilir və əsaslandırmağa çalışılır ki, RF-nın maraqları ilə toqquşan hər hansı bir məqam yoxdur. Lakin bu əsaslandırma yetərli deyil.
Bu gün Avropanı qazla təchiz edən əsas dövlətlərdən biri Rusiyadır.[9] Xüsusilə də qazla təchizat baxımdan Bolqarıstan və Macarıstan 90%-dən çox Rusiyadan asılıdır.[10] Bu halda CQD-nin reallaşması Rusiya rəsmi dairələri tərəfindən RF-nin maraqlarına zərbə vuracaq birbaşa təhlükə kimi qiymətləndirilməsə də bu yöndə bir siqnal kimi görülür. Belə ki, hələ 2014-cü ildə “RusEnergy” analitiki M.Krutixin qeyd edirdi ki, “Qazın nəqlinə sadəcə Azərbaycanın deyil, İranın, Türkmənistanın, hətta İraq Kürdüstanının da qoşulması ilə qazın illik ixrac potensialı 30 milyard m3-i aşacaqdır ki, onda bu Rusiya qaz təchizatı üçün ciddi rəqabət olacaqdır”.[11] Ekspert bildirirdi ki, CQD avropalı istifadəçilərin maraqlarına cavab verir, çünki təchizat mənbələrinin real diversifikasiyasını təklif edir və sadəcə adının çəkilməsi Rusiya bazarını qazın qiymətini aşağı salmağa məcbur edir.
Belə bir halda “Rusiya bu layihənin reallaşdırılmasına qarşı hansısa tədbirlər görürmü?” sualı yaranır. Yaranacaq mövcud rəqabətə görə edilən təkliflərdən biri “neft və qazı emal edən zavodlar tikmək, hazır məhsullar satmaq, başqa bir iqtisadi layihə hazırlamaq” [12] idi. Bu təklifdən savayı Rusiya daha tutarlı addımlar ataraq 2014-cü ilin dekabrın 1-də RF prezidenti V.Putinin Türkiyə səfəri vaxtı “Türk axını” təbii qaz boru xətti layihəsini təklif etdi. Bu layihə 2016-cı il, 10 oktyabr tarixində Türkiyə ilə RF arasında İstanbulda imzalanan hökümətlərarası müqavilə ilə rəsmiləşdirildi.[13] Qeyd edək ki, bu layihə RF-dən başlayaraq Qara dənizdən keçməklə Türkiyə Cümhuriyyətinin Qara dəniz sahili qəbul terminalına və ardınca da Türkiyə ilə qonşu dövlətlərin sərhədlərinə qədər uzanan, hər biri illik 15,75 milyard m3 həcmə sahib yeni qaz boru xəttidir. Layihənin əsas məqsədi ilk növbədə türk istehlakçıları, digər tərəfdən də Cənub və Cənub Şərqi Avropanı qazla təmin etməkdir. 2017-ci il, mayın 7-də “Qazprom” tərəfindən “Türk axını” qaz nəqlinin Qara dənizdə Rusiyaya aid dəniz hissədə tikintisinə başlandı. Bu layihədə Cənub-şərqi Avropa ölkələrindən Serbiya və Yunanıstan xüsusi fəallıq nümayiş etdirir. Məsələn, 2017-ci il, mayın 15-də Pekində keçirilən “Tək qütb – tək yol” adlı forumda çıxış edən Serbiya prezidenti A.Vuçiç ölkəsi üçün Rusiyadan qaz idxalını 4-5 milyard m3-ə qədər genişləndirməyin zərurliyini və “Türk axını” layihəsinin əhəmiyyətini qeyd etmişdi.[14] Yunanıstanın o dövr energetika naziri P.Lafazanis isə çıxışında belə deyirdi: “Yunanıstan ərazisində aparılacaq qaz boru kəmərinin yaradılması perspektivləri “avropalı və transatlantik dairələri” narahat edir… ABŞ “Cənub axını” əvəzinə yeni qaz boru kəmərinin çəkilməsinə qarşıdır. Biz onların reaksiyasını diqqətə alırıq, lakin öz mövqeyimizi dəyişmirik”.[15] Nəticədə, 2015-ci il, 18 iyun tarixində Rusiya ilə Yunanıstan arasında “Türk axını” qaz boru kəmərinin istismarı və tikintisi üzrə əməkdaşlığa dair memorandum imzalandı.[16] 2018-ci ilin 30 aprelinə qədər “Türk axını”nın vəziyyəti ilə bağlı “Qazprom” Publik Səhmdar Cəmiyyətinin (RSC) İdarə Heyətinin sədri A.Miller belə məlumat verir: “Türk axınının birinci qolunun inşası başa çatıb …kəmərin iki xətti üzrə 1161 kilometr boru düzülüb ki, bu da dəniz hissəsinin ümumi uzunluğunun 62%-ni təşkil edir”.[17] Belə nəticə çıxır ki, Rusiya “Cənub qaz dəhlizi”nə birbaşa olaraq “Nord Stream-2” ilə yanaşı “Türk axını” layihəsini dəstəkləyir və bu layihə ilə CQD-nin əhəmiyyətini azaltmağa çalışır. Lakin daha çox üstünlük məhz “Türk axını” layihəsinə verilir. Qeyd edək ki, “Nord Stream -2” uzunluğu 1224 km olub Baltik dənizindən keçməklə Rusiya qazının Almaniyaya nəqlini nəzərdə tutan, istismarı 2019-cu il üçün il ərzində 55 milyard m3 həcmində planlaşdırılan layihədir. Lakin onun perspektivi Türk axını ilə müqayisədə aşağı görünür. Bunu Rusiya XİN-i S.Lavrov 2017-ci ilin 10 may tarixində mətbuata açıqlamasında açıq şəkildə bildirdi.[18] “Türk axını” layihəsindən faydalanmaq istəyən dövlətlərdən hələ ki, Serbiya[19], Macarıstan[20], Bolqarıstan[21] və Yunanıstan[22] öz mövqeyini açıq şəkildə bildirib. Zamanla rus qazının “Türk axını” vasitəsi ilə müştərilərinin artacağı ehtimal edilir. Bu axının ən böyük istehlakçısı hələ ki Türkiyədir. Qeyd edək ki, Türkiyənin Rusiyadan aldığı qazın həcmi 2016-cı ildə 24,7 milyard m3 oldu[23]. Bütövlükdə isə 2017-ci ildə “Türk axını” layihəsi ilə bağlı olaraq rus qazına tələbatda artım var.[24] 2017-ci ildə Rusiya üçün ən yüksək göstərici qeydə alındı və Türkiyə də daxil olmaqla Avropaya ixrac edilən qazın həcmi 192,2 milyard m3 oldu.
Rusiya ilə yanaşı Türkiyənin də CQD ilə bağlı mövqeyi və bu dəhlizin Rusiya-Türkiyə münasibətlərinə təsiri və “Türk axını” ilə müqayisədə əhəmiyyəti də xüsusi maraq doğurur. İstehlak etdiyi enerjinin təqribən ¾-nü xaricdən idxal edən Türkiyə enerji ehtiyatları baxımdan xaricdən asıllıq faizi ən yüksək həddə olan ölkələrdən biridir. Bu gün Türkiyə təbii qaz ehtiyaclarının 57,9%-ni Rusiya hesabına ödəyir. [25] Hazırda Türkiyə CQD-də tranzit ölkə rolunu oynamaqla Rusiya qazından asıllığını azaltmağa çalışır və Rusiyanı da narazı salmamaq üçün “Türk axını” layihəsində də müsbət mövqe nümayiş etdirir.[26] TANAP baş direktoru Saltuk Düzyolun fikri Türkiyənin bu məsələdəki mövqeyini tam olaraq başa düşməyə imkan verir: “Türkiyədən nə qədər boru xətti sistemi keçərsə, Türkiyənin enerji ehtiyaclarının qarşılanmasında bir növ təhlükəsizlik qapısı, sığortası kimi çıxış edəcəkdir. Bu cür sərmayələr Türkiyəyə daha ucuz qaz əldə etmək imkanı verəcəkdir. Çünkü qazın qazla rəqabət edəcəyi bir bazar ortaya çıxacaqdır”.[27] Bundan da qazanan Türkiyə olacaqdır.[28] Həqiqətən də Türkiyə üçün mühüm olan sadəcə qazın qazla rəqabət aparacağı bir bazarın formalaşmasına töhfə verməklə həm qaza olan tələbatını daha ucuz qiymətə ödəmək, həm də müxtəlif layihələrdə tranzit ölkə kimi iştirak etmək imkanını düzgün dəyərləndirməklə gəlir əldə etməkdir. Bu səbəbdən də enerji layihələrinin hər həlqəsində olmaq Türkiyə üçün başlıca hədəflərdən biridir.[29]
İranın CQD ilə bağlı mövqeyinə gəldikdə isə hələ 2015-ci ilin 13 aprel tarixində İran Tələbələrinin İnformasiya Agentliyinin xəbərlərində belə bir məlumat dərc edilmişdi: “İranın XİN-i Məhəmməd Cavad Zərif bildirir ki, İran Rusiyanın Avropanın qaz ehtiyaclarının təmin etdiyi eyni potensiala sahibdir. Lakin Zərif vurğuladı ki, Tehran bu cəbhədə Moskva ilə rəqabət aparmaq niyyətində deyil”.[30] Təbii ki buna mane olan yeganə amil Rusiya-İran əlaqələri deyil. İran ümumiyyətlə mövcud siyasi şəraitdə CQD-yə qoşula bilməz, çünki bu sahədə İrana qarşı fəaliyyətdə olan sanksiyalar var.[31] Energetika üzrə analitik Əli Hüseyninin apardığı analiz olduqca maraqlıdır. Onun proqnozlarına görə enerjidən istifadə Asiya ilə müqayisədə Avropada azalmağa doğru getdikcə Çin və Hindistanda artmaqda davam edir. Buna görə də Şərqi Asiyaya qaz ixracı İran üçün daha əlverişlidir”. Analitikin sözlərinə görə, digər tərəfdən də “Avropa qaz bazarı Rusiyanın ixtiyarındadır və İran Avropa qaz bazarına çıxmaqla Rusiya ilə üzləşməli olacaqdır. Belə olan halda biz belə bir seçimə hazır olub olmadığımızı dəyərləndirməliyik. Digər tərəfdən isə bu məsələni ruslarla danışıqlarda istifadə edib Avropa bazarına daxil olmamaq qarşılığında Şərqi Asiyada bizim bazarlarımızın genişlənməsinə daha geniş imkanlar yaratmalarını təmin etmək olar”.[32] Ümumiyyətlə, mövcud siyasi şərtlərdə İranın CQD-nə qoşulması real görünmür. Buna həm qeyd etdiyimiz sanksiyalar, həm də Rusiya amili mane olur.
Qərbin (ABŞ və Avropa ölkələrinin) CQD-nin reallaşdırılması istiqamətində Rusiyanın gördüyü tədbirlərə qarşı nümayiş etdirdiyi mövqeyə nəzər saldıqda isə Türkiyə ilə yaxın bir mövqe görürük. Belə ki, Qərb Rusiya qazının inhisarından xilas olmaq üçün ən yaxşı halda diversifikasiyaya nail olmağa çalışır. Rusiyanın Cənub Qaz Dəhlizinə qarşı fəaliyyəti Avropaya edilən qazın qiymətində edilən manipulyasiyalarda daha çox hiss olunur. “Amerika Təhlükəsizlik Layihəsi”ndə dərc edilən bir məqalədə Rusiyanın Avropa enerji bazarında mövqeyi, CQD-yə qarşı “Nord Stream-2” (Şimal axını-2) və “Turkish Stream” (Türk axını) layihələrinin icrasını sürətləndirməsi barədə maraqlı şərhlər yer almışdır. Məqalədə toxunulan ilk məqam enerji bazarında Rusiyanın Avropa İttifaqının təbii qaz ehtiyaclarının 34%-də pay sahib olmasıdır. Rusiya nəql etdiyi qazın həcmini artırıb azaltmaqla Avropada siyasi və iqtisadi maraqlarını təmin etməyə çalışır. Bu qiymət dəyişiklərinin mərkəzində isə Rusiyanın Ukrayna ilə münasibətləri durur. Bu gün Rusiyanın sürətli bir şəkildə Nord Stream-2 layihəsini reallaşdırmağa çalışması həm CQD-yə vurulacaq zərbənin bir qolunu təşkil edəcək, həm də Rusiyaya Avropaya qaz paylamasında Ukrayna amilindən xilas olmaq imkanı yaradacaqdır. Çünki hazırda Ukrayna Rusiya təbii qazının Avropadakı əsas paylayıcısı olaraq qalır. [33] Mövcud vəziyyəti qoruyub saxlamaq üçün ABŞ-ın mövqeyi Rusiyaya yeni layihələrini reallaşdırmaqda əngəl törətməkdir. ABŞ Şərqi Avropa kimi strateji məkanda üstünlüyünü itirməməyə və enerji bazarında rus ağalığını məhdudlaşdırmağa çalışır.[34] ABŞ bu addımını əsassız hesab etmir. “Amerika Təhlükəsizlik Layihəsi” adlı vebsaytda belə bir məlumata yer verilmişdir: “Avropa dövlətləri NATO ilə Rusiya arasında davam edən gərginlikdən ürpənirlər, çünki NATO və Rusiya Şimali Avropada 2017-ci ilin yay və payızında irimiqyaslı hərbi təlimlər keçirirlər. Buna baxmayaraq Rusiyanın hərbi oyunları Rusiyanın təsir dairələrini genişləndirmək üçün diplomatik fəallığı gücləndirməklə və Avropa enerji bazarında Rusiyanın rəhbər mövqeyini təmin etməklə müşayiət olunur”.[35] Bu gün Rusiya təkcə Avropada enerji bazarını əlində saxlamağa deyil, NATO-nun Şərqə doğru genişlənməsinə mane olmağa da çalışır. Rusiya şimaldan və cənubdan reallaşdırmağa çalışdığı layihələrlə Qara və Aralıq dənizlərində sadəcə iqtisadi təsirini artırmağı deyil, hərbi dayaq məntəqələrini gücləndirməyi hədəf alıb.[36] Bu baxımdan Rusiya CQD-nin reallaşmaması üçün hələ ki dinc yollarla səy göstərir.
Bütövlükdə deyilən fikirləri ümumiləşdirərək aşağıdakı nəticələrə gələ bilərik:
- Bu gün Aİ tərəfindən dəstəklənən Cənub Qaz Dəhlizi layihəsinin ortaya çıxması Rusiyanı daha çox öz ixrac layihələrinə diqqət yetirməyə sövq etdi. Lakin bu layihəyə qədər Rusiya Aİ-nın dəstəklədiyi layihələrə mane olmaq üçün başqa yollara müraciət edirdi.
- “Cənub Qaz Dəhlizi”nə rəqib olaraq təklif edilən və icrasının sürətlə reallaşdırılmasına çalışılan “Türk axını” layihəsi əslində rusların diversfikasiyaya getməsinə səbəb oldu. Çünki Avropa üçün elə bir şərait yarandı ki, hətta ABŞ Avropanın rusların enerji asıllığından xilası naminə öz qazını təklif etdi.
- “Türk axını” layihəsi ilə yanaşı 2018-ci ilin aprel ayında Rusiya Cənub Qaz Dəhlizi layihəsini mənbəyindən zərərsizləşdirmək imkanının nümayiş etdirmək üçün Xəzər dənizindəki hərbi dəniz donanmasını gücləndirməsi barədə qərar qəbul etdi. Lakin bu gün Azərbaycan-Rusiya əlaqələrinin inkişafı, Azərbaycanın Ukrayna və Gürcüstandan fərqli olaraq müxtəlif beynəlxalq əhəmiyyətli layihələrin bir hissəsinə çevrilməsi onun təhlükəsizliyinin sığortasını təşkil edir.
Azərbaycan üçün indiki vəziyyətdə CQD-nin reallaşdırılması hər hansı bir təhlükə törətməsə də bu gün İranın və Türkmənistanın da bu layihəyə cəlb edilməsi Rusiya qarşısında daha sağlam bir mövqe nümayiş etdirməyə imkan verəcəkdir. Bu baxımdan Qərbin xüsusilə İrana qarşı daha kompromis bir yanaşma sərgiləməsi və bu layihəyə cəlb edilməsinə şərait yaratması həm Rusiyanın Avropadakı inhisarını aradan qaldıracaq, həm də diversifikasiya yaranan bir mühitdə Azərbaycanın təhlükəsizliyini daha yüksək şəkildə təmin etməyə şərait yaradacaqdır.
[1] Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu. “Azərbaycan” qəz., 2011, 24 aprel, s. 2.
[2]Şahdəniz Mərhələ 2/https://www.bp.com/az_az/caspian/operationsprojects/Shahdeniz/SDstage2.html; “Cənub Qaz Dəhlizi” layihəsinin icrası və layihənin regional qarşılıqlı təsirləri/ http://minenergy.gov.az/upload/files/Energetika_ bolmesi/qaz/CenubQazDehlizi.pdf
[3]Yenə orada
[4] Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında İlham Əliyevin giriş nitqi. (08 oktyabr 2014, 16:10) https://president.az/articles/13182/print
[5] Avropanın nüfuzlu «New Europe» qəzetində «Azərbaycan «Cənub qaz dəhlizi» layihəsini dəstəkləyir» sərlövhəli məqalə dərc olunmuşdur. “Azərbaycan” qəz., 2013, 26 fevral, s. 11
[6] Azərbaycan-ABŞ Forumu çərçivəsində Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu və «Cənub qaz dəhlizi»nin perspektivləri müzakirə olunmuşdur. “Azərbaycan” qəz., 2013, 30 may, s. 7
[7] Nyu-Yorkda «Cənub qaz dəhlizi» Avropanın enerji təhlükəsizliyinin qarantıdır» mövzusunda Xəzər Forumunun ikinci sessiyası keçirilmişdir. “Azərbaycan” qəz., 2013, 27 sentyabr, s. 7
[8] “Cənub Qaz Dəhlizi” Rusiyanı narazı sala bilərmi? https://az.trend.az/azerbaijan/politics/2501989.html
[9] Cənubi Kaliforniya Universitetində “Cənub” qaz dəhlizi layihəsinin geosiyasi nəticələri” mövzusunda konfrans keçirilmişdir. “Azərbaycan” qəz., 2014, 20 may, s.9.
[10] Qaz ixracı strategiyası Azərbaycanın davamlı inkişafının təminatçısıdır. “Azərbaycan” qəz., 2015, 12 mart, s.6.
[11]Аналитик RusEnergy: “Южный газовый коридор” несет риски для РФ/ria.ru/economy/20140922/1025102 500.html
[12] Тарло: “Южный газовый коридор” не заменит российский газ в Европе/ria.ru/economy/20140922/10251300 24.html
[13] Türkiye Cumhuriyeti Hükümeti ve Rusya Federasyonu Hükümeti Arasında TürkAkım Gaz Boru Hattı Projesine İlişkin Anlaşmanın Onaylanmasının Uygun Bulunduğuna Dair Kanun Tasarısı (1/788) ve Dışişleri Komisyonu Raporu/https://www.tbmm.gov.tr/sirasayi/donem26/yil01/ss441.pdf
[14] Президент Сербии подчеркнул значимость поставок газа через “Турецкий поток”/ https://ria.ru/economy/ 20170515/1494339431.html
[15] Власти Греции: переговоры с Россией по “Турецкому потоку” завершаются/ https://ria.ru/economy/ 20150522/1065945206.html
[16] Турецкий поток / http://www.gazpromexport.ru/projects/
[17] Yenə orada
[18] Лавров: отношения России с Турцией развиваются лучше, чем с Германией/https://ria.ru/politics/2017051 0/1493982052.html
[19] В Белграде ждут, что вторая ветка “Турецкого потока” пройдет через Сербию https://ria.ru/economy/20170710/1498196139.html
[20] “Газпром” договорился с Венгрией о поставках газа по “Турецкому потоку” https://ria.ru/economy/20170705/1497912036.html
[21]Турция, Россия и новая балканская геополитика/ https://inosmi.ru/politic/20170829/240131177.html
[22] Власти Греции: переговоры с Россией по “Турецкому потоку” завершаются/ https://ria.ru/economy/ 20150522/1065945206.html
[23] Российско-турецкое торгово-экономическое сотрудничество/ http://www.turkey.mid.ru/hron3_r.html
[24] Экспорт российского газа за январь-октябрь превысил показатели прошлых лет/www.gazpromexport.com/presscenter/news/2065/
[25] Erdoğan N. TANAP projesinin Türkiye ve Azerbaycan enerji politikalarındaki yeri ve önemi// İktisadi ve İdari Bilimler Fakültesi Dergisi, 2017, temmuz, Cilt-Sayı: 10(3), s. 20-21
[26] Boru Hattından Barış Hattına /http://www.turksam.org/tr/analiz-detay/1232-boru-hattindan-baris-hattina
[27] Yenə orada, s. 22
[28] ‘Türk Akımı ile rakip değiliz’/ http://www.aljazeera.com.tr/al-jazeera-ozel/turk-akimi-ile-rakip-degiliz
[29] ‘Rusya’nın Türk Akımı’na ihtiyacı daha da artar’/ https://www.sabah.com.tr/ekonomi/2016/03/30/rusyanin-turk-akimina-ihtiyaci-daha-da-artar
[30] Iran says stands ready to satisfy Europe’s gas needs/en.isna.ir/news/94012408710/Iran-says-stands-ready-to-satisfy-Europe-s-gas-needs
[31] واشنگتن: ایران نمیتواند در پروژه «کریدور گاز جنوبی» مشارکت کند /https://hawzah.net/fa/News/View/99014/واشنگتن-ایران-نمیتواند-در-پروژه-کریدور-گاز-جنوبی-مشارکت-کند
[32] خط لوله ترنس آدرياتيک (تاپ) که از جمهوري آذربايجان آغاز شده، از ترکيه عبور ميکند و راهي قاره سبز ميشود يکي از تامين کنندگان گاز کشورهاي اروپايي است/ http://shoroonline.ir/fa/news/21543/کریدور-گازی-جنوب-فرصت-طلایی-تهران
[33] Oppose Russian Gas Pipelines to Support European Unity/ https://www.americansecurityproject.org/oppose-russian-gas-pipelines-to-support-european-energy-union/
[34] Yenə orada
[35] Geopolitical Considerations for Russia’s Turkish Stream Pipeline/ https://www.americansecurityproject.org/geopolitical-considerations-of-russias-turkish-stream-pipeline/
[36] Yenə orada